EN

Kərpic istehsalında azalmanın səbəbləri nədir?

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 79,1 min kubmetr tikinti kərpici istehsal edilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28 % azdır.Bu il martın 1-nə ölkədə 22,8 min kubmetr hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 665 min kubmetr tikinti kərpici istehsal edilib ki, bu da 2024-cü ilə nisbətən 2,2 % çoxdur.

Bəs ölkədə kərpic istehsalının azalmasının səbəbləri nədir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc “Cebheinfo.az”-a bildirib ki, əvvəllər tikintidə kərpicdən daha çox istifadə olunsa da, zaman keçdikcə bu materiala maraq azalır:

“Bunun əsas səbəbi alternativlərin meydana çıxmasıdır. Yəni daha yüngül tikinti materiallarının istifadəsi artdıqca, kərpicə tələbat azalır. Digər tərəfdən baxsaq, kərpicin tərkibində olan komponentlər daha baha başa gəlir.

Hazırda həm logistik xərclərin, həm də enerji qiymətlərinin artması kərpicin maya dəyərinin yüksəlməsinə səbəb olur. Bu baxımdan, alternativlərin çoxalması və kərpic istehsalının bahalaşması tikintidə bu materialdan istifadəni azaldır.

Digər tərəfdən, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən tikinti həcmi gözlənilən səviyyədə deyil. Bir çox binalar söküldükdən sonra onların yerində müasir şəhərsalma standartlarına uyğun istirahət məkanları, parklar və bağlar salınacaq. Bu da tikinti həcminin müəyyən qədər azalmasına təsir edir.

Bundan əlavə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yeni normativlərin müəyyən olunmsıdır. Bu normativlər tikinti prosesini mürəkkəbləşdirib və ümumi həcmin azalmasına təsir göstərib”.

Ekspert qeyd edib ki, tikintidə kərpicdən istifadənin azalması, tikinti həcminin aşağı düşməsi, alternativ materialların artması və maya dəyərinin yüksəlməsi tikinti materiallarının istifadəsinə də birbaşa təsir göstərir.

Chosen
21
1
cebheinfo.az

2Sources