EN

Tarixdən gələn meydan oyunları Əmbərçay kəndində yaşadılan Novruz ənənəsi VİDEO

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Qax, 25 mart, AZƏRTAC

Qax rayonunun Əmbərçay kəndində keçmişdə olduğu kimi bu gün də Novruz bayramı müxtəlif el yarışları, mərasimlərlə qeyd olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hələ sovet totalitar rejimi dövründə - Novruz bayramının keçirilməsi qadağan edilən illərdə kənd sakinləri el bayramını yüksək səviyyədə təşkil etməkdən çəkinməyib. Bu kəndin sakinləri tarixən olduğu kimi bu gün də əsasən əkinçilik və maldarlıqla məşğul olurlar. Burada elə ev, elə qapı olmaz ki, orada at bəslənməsin. Çünki at həm də sakinlərin kənd daxilində əsas nəqliyyat vasitəsi olmaqla yanaşı, həm də tarixdən gələn bir örnək, bir sevgidir. Bu səbəbdən Əmbərçayda meydan oyunları sakinlərin qan yaddaşına hoparaq nəsildən-nəslə keçir və ötürülür.

Sakinlər bildirir ki, mart ayı gələndən kənddə canlanma hiss olunur. Sakinlər Novruz bayramı ərəfəsində müxtəlif proqramlar tərtib edir, tədbirlərin günlərini müəyyənləşdirirlər. Bu tədbirlər sırasında öndə gələni isə ənənəvi at yarışlarının təşkildir. Rayonun bir sıra digər aran kəndlərində at saxlayanlara təsadüf edilsə də, əmbərçaylılar kimi xalq oyunlarına o qədər də maraq göstərilmir. Burada isə 7-dən – 77-yə hər kəs meydan oyunlarının keçirilməsində maraqlıdır. Belə ki, yaşlı insanlar da gənclərin daha fəal, sağlam olması üçün belə oyunlarının təşkilini tövsiyə edirlər.

Kənd bələdiyyəsinin sədr müavini Səxavət Hədisov bildirir ki, sakinlərin təşəbbüsünə hər zaman dəstək verilib, tarixi ənənələrin, meydan oyunlarının təşkili istiqamətində hamılıqla iş görülüb. Bu il də tədbirlər planı hazırlanıb və at yarışlarının keçirilməsi üçün lazım olan bütün işlər görülüb. İlk növbədə, rayonun əksər kəndlərinə dəvət göndərilib, yarışlara qatılmaları üçün atlarını hazırlamaları tövsiyə edilib. Sədr müavini onu da bildirib ki, Novruz bayramı günlərində kənddən kənarda yaşayan və işlə əlaqədar uzaqda olanlar belə mütləq Əmbərçaya qayıdaraq el bayramını qohum-əqrəba ilə birlikdə qeyd edirlər.

At yarışlarının təşkilatçılarından olan Şahin Yusifov deyir ki, bu il keçirilən yarışlar əvvəlkilərdən fərqlənir. Belə ki, bu dəfə yarışlara Əmbərçay kəndinin gəncləri ilə yanaşı, qonşu yaşayış məntəqələrindən də çaparlar qatılıb. Onların ümumilikdə sayı 30-a yaxındır.

Qeyd edək ki, ənənəvi at yarışlarının builki qalibi kənd sakini Sahib Muxtarov olub. Onun 6 yaşlı atı bütün rəqiblərini qabaqlayaraq finişə çatıb. Sahib bildirir ki, son on ildə təşkil olunan bütün yarışlara qatılıb. Hər dəfə mükafatçılar sırasında yer alıb. Çaparın fikrincə, at insanın vəfalı dostu olmaqla yanaşı, həm də sağlamlığının keşiyində dayanan bir canlıdır. O, atının qarşıdakı illərdə də qalib olacağına inanır.

Yarışların təşkilatçısının sözlərinə görə böyük el şənliyinə çevrilən oyunlar başa çatandan sonra qaliblərə Fəxri Fərman, eləcədə xüsusi mükafatlar təqdim olunur.

At yarışları başa çatdıqdan sonra qaliblər və iştirakçılar, eləcə də kənd sakinləri üçün bayram şənliyi təşkil olunur və bu mərasimlər gün boyu davam edir. Bu isə onu göstərir ki, Qaxın Əmbərçay kəndində tarixdən gələn ənənələr nəinki qorunur, həm də yaddaşlarda iz buraxan xalq oyunları vasitəsilə gənc nəslə ötürülür. Bu yarışları təkcə əmbərçaylılar deyil, həm də Qaxa gələn yüzlərlə qonaq izləyir. Onlar burada həm istirahət edir, həm də mənəvi zövq alırlar.

Müxbir - Rasim İslamoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
48
1
azertag.az

2Sources