EN

30 gündən uzun münaqişə dünya iqtisadiyyatını çökdürə bilər Sezer Bozkuş

Sherg.az saytına istinadən ain.az xəbər verir.

"Yaxın Şərqdəki mövcud geosiyasi vəziyyət yalnız real iqtisadi təsirlərlə məhdudlaşmır, eyni zamanda dünya iqtisadiyyatına da təsir göstərir"

Müasir dövrdə geosiyasi proseslər dünya iqtisadiyyatına birbaşa təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Xüsusilə Yaxın Şərqdə baş verən hadisələr enerji bazarları, maliyyə sistemləri və beynəlxalq ticarət üzərində mühüm təsirlər yaradaraq qlobal iqtisadi sabitliyi sınaq qarşısında qoyur. Bu baxımdan, sözügedən geosiyasi inkişaflar Türkiyə iqtisadiyyatına da təsirsiz ötüşmür. 

Antalya şəhərində fəaliyyət göstərən otel sahibi Mehmet Usta Bilginer Türkiyənin turizm sektorunun yay mövsümündə rusiyalı turistləri itirməmək üçün qiymətləri azaltmağa məcbur qala biləcəyini deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki gərginlik və qeyri-müəyyənlik turistlərin qərarlarına təsir edir. Bu səbəbdən otellər və tur operatorları mümkün tələbat azalmasına qarşı əvvəlcədən qiymət siyasətini uyğunlaşdırır.

Bakırçay Universiteti İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsinin dosenti, iqtisadçı Sezer Bozkuş Kahyaoğlu Sherg.az-a dünyada hökm sürən geosiyasi vəziyyətin iqtisadiyyata təsirindən danışıb:

"Sözügedən geosiyasi inkişafların Türkiyə iqtisadiyyatına təsiri qısa, orta və uzun müddət baxımından qiymətləndirmək mümkündür. İlk növbədə enerji bazarlarındakı qiymət dəyişiklikləri kontekstində iqtisadiyyatda inflyasiya yaradan təsirin ortaya çıxacağı gözlənilir. Bu, prosesin uzanmasına bağlı olaraq və beynəlxalq təchizat zəncirində yaranan qırılmaların təsiri çərçivəsində stagflyasiyaya(inflyasiya, işsizliyin artması, İqtisadi durğunluq) çevrilə biləcək bir prosesi də özü ilə gətirə bilər. Bu baxımdan bu iki vəziyyətin ən mühüm təsiri isə sözügedən münaqişənin 30 gündən artıq davam etməsi olacaqdır. 30 gündən uzun müddət davam edən münaqişə prosesi dünya iqtisadiyyatında bir-birini oyadan təsirləri ortaya çıxara bilər.

Yaxın Şərqdəki mövcud geosiyasi vəziyyət yalnız real iqtisadi təsirlərlə məhdudlaşmır, eyni zamanda dünya iqtisadiyyatına da təsir göstərir. Xüsusilə “petro-dollar” likvidlik dövriyyəsi vasitəsilə maliyyə bazarları üzərində ciddi təzyiq yaradır. Likvidlik dövriyyəsinin zəifləməsi və bu kanal vasitəsilə dünya iqtisadiyyatına daxil olan vəsaitin azalması maliyyə bazarlarına təsir göstərir". 

Ekspert vurğulayıb ki, hazırda xüsusilə ABŞ borclanma alətləri başda olmaqla, beynəlxalq faiz dərəcələri üzərində artım yönlü təzyiq yaradır:

"Bu, bütün ölkələrdə faiz dərəcələrinin yüksəlməsi istiqamətində təzyiq formalaşdıraraq stagflyasiyanın qlobal səviyyədə yaşanmasına səbəb ola biləcək təsirləri özü ilə gətirir. Bu proses dünya tələbində azalmaya səbəb olacağından, ixrac kanalı vasitəsilə Türkiyə iqtisadiyyatına da mənfi təsir göstərmə potensialına malikdir.

Maliyyə bazarlarında yaranan təsirlər dünya kredit bazarına və bu kanal vasitəsilə ölkə daxilində maliyyə bazarlarında kredit daralmasına səbəb olaraq stagflyasiya təsirini gücləndirə biləcək potensiala malikdir. Sözügedən müharibənin müddətinin qısalması isə orta və uzun müddətdə qeyd etdiyimiz təsirlərdən daha sürətli çıxışı təmin edə bilər. Türkiyənin neytral mövqeyi və prosesin əsas səbəblərini açıq şəkildə ifadə etməsi onun mövqeyini gücləndirir. Bu isə Türkiyənin regional güc kimi həm “tarazlıq yaradan”, həm də “körpü” rolunu oynayaraq qlobal iqtisadi sistemdə təsirini artırmasına imkan verir. Bu proses çərçivəsində Türkiyənin mövqeyi, bütün ölkələrin milli təhlükəsizliyinə zəmanət verən və onların ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyən bəyanatları ilə etibarlı amil kimi ön plana çıxır. Bu baxımdan Türkiyənin gələcək dövrdə dünya təchizat zəncirində enerjinin fasiləsiz təmin olunmasına imkan yaradan etibarlı və zəmanətli ölkə kimi mövqeyini gücləndirəcəyi gözlənilir. Bu isə bütün münaqişə tərəfləri arasında hadisələrin diplomatik yollarla həll edilə biləcəyi yönündə gözləntiləri artıraraq iqtisadi əlaqələrin və əməkdaşlığın genişlənməsinə səbəb olacaq. Düzgün olan da budur".

İqtisadçı bildirib ki, hazırda dünya iqtisadiyyatında neft qiymətlərindəki artım və enerji bazarındakı yüksəliş ölkələrin dollara olan tələbatını artıraraq enerji resurslarını ehtiyatlaşdırır: 

"Enerji təchizatı təhlükəsizliyi baxımından qızıl qiymətləri üzərində təzyiq yaranır. Bu çərçivədə enerji bazarına dair göstəricilərin və fyuçers(sabitlik müqaviləsi) bazarındakı inkişafların izlənməsi tövsiyə olunur. Geosiyasi risklər təklif yönlü şok yaratdığı üçün iqtisadiyyata ciddi təsir göstərir. Bu səbəbdən münaqişələrin müddəti həm ölkə, həm də dünya iqtisadiyyatında stagflyasiyanın yaranmasını müəyyən edən əsas amillərdən biridir.

Qeyd etdiyim kimi, bu bölgədə neft və enerji faktorları ilə yanaşı, dünya bazarlarında likvidlik təsirinin ortaya çıxması nəticəsində maliyyə bazarları üçün əsas şok mənbəyi və ən böyük risk amili formalaşır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
sherg.az

1Sources