EN

Brent markalı neftin barreli 96,68 dollardan satılır

Brent markalı neftin barreli 96,68 dollardan satılır

Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin bir barreli 96,68 dollardan satılır.

AFN.az xəbər verir ki, dünən 100,77 dollara qədər bahalaşan Brent neftinin qiyməti günü 100,23 dollar səviyyəsində başa vurmuşdu.

Bu gün saat 10:01-ə olan məlumata görə, Brent neftinin barrel qiyməti bağlanışla müqayisədə 3,5 faiz azalaraq 96,68 dollar olub, eyni dəqiqələrdə Qərbi Texas növü (WTI) xam neftin barreli isə 89,21 dollardan alıcı tapıb.

Neft qiymətlərindəki bu enişdə ABŞ Prezidenti Donald Trampın İranla danışıqlara dair açıqlamalarının tədarük narahatlıqlarını azaltması mühüm rol oynayıb. Digər tərəfdən, ABŞ-da neft ehtiyatlarının artdığını göstərən məlumatlar da qiymət azalmasını dəstəkləyib.

Belə ki, Amerika Neft İnstitutu ölkədə xam neft ehtiyatlarının ötən həftə bazar gözləntilərinin əksinə olaraq 2,3 milyon barrel artdığını bildirib. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) rəsmi ehtiyat məlumatlarını gün ərzində açıqlayacağı gözlənilir.

Paralel olaraq, Küveyt Neft Korporasiyası Hörmüz boğazındakı keçidlərin hədəf alınması səbəbindən hasilatda yenidən məhdudiyyətlərə getdiyini və tam güclə fəaliyyətə qayıtmağın müharibə bitdikdən sonra 4 ay çəkəcəyini bəyan edib. Xatırladaq ki, Küveyt martın 10-da gündəlik hasilatını 3 milyon barreldən 500 min barrelə qədər azaltmışdı.

Mütəxəssislər hazırda Brent nefti üçün 97,67 dolların müqavimət, 94,85 dolların isə dəstək səviyyəsi kimi izlənilə biləcəyini qeyd edirlər.

Chosen
23
afn.az

1Sources