EN

Dramatik rolların əvəzsiz ifaçısı

    Unudulmaz sənətkar Ələsgər Ələkbərov martın 26-da dünyaya göz açıb

    Azərbaycan və SSRİ Xalq artisti Ələsgər Hacağa oğlu Ələkbərov 1910-cu il martın 26-da Bakıda dünyaya göz açıb. Adını eşidəndə öncə “Uzaq sahillərdə” filmində yaratdığı partizanlara övlad qayğısı ilə yanaşan həssas, eyni zamanda düşmənə qarşı mübariz və kəskin komandir obrazı və “Böyük dayaq” filminin qəhrəmanı, prinsipial, ağayana, sözündən dönməyən, sərt olduğu qədər də rəhmli, təmkinli kolxoz sədri Rüstəm kişi obrazı canlanır. Sənət tariximizin qızıl fondunu bəzəyən görkəmli teatr və kino aktyoru dramatik rolların əvəzsiz ifaçısı idi. Aktyorun səhnədə, ekranda görünməsi tamaşaçılara, demək olar ki, təkrarsız və unudulmaz anlar bəxş edirdi.

      Məktəbdə oxuduğu illərdə İ.Əbilov klubundakı dram dərnəyinə gedib. 1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli, ikinci bələdiyyə kimi yaddaqalan obrazlar yaradıb.

    Aktyor 1933-cü ildə Akademik Dram Teatrına dəvət alıb və bu teatrda onlarla yaddaqalan rol yaradıb. Aktyorun yaratdığı iki obraz - Vaqif və Otello onun yaradıcılığının zirvəsi hesab olunur.

      Unudulmaz sənətkar həm də bir sıra filmlərdə maraqlı rollar yaradıb. Aktyor ilk dəfə 18 yaşında “Vulkan üzərində ev” filmində Həsən rolunu oynayıb. Daha sonra “Lətif”, “Almaz”, “Kəndlilər” filmlərində çəkilib. O, “Fətəli xan” filmində baş qəhrəman obrazı ilə sübut edib ki, tarixi qəhrəmanları da yüksək ustalıqla ifa etmək lazımdır.

    “Ögey ana” filmindəki Hüseyn dayı – kəndin ağsaqqalı obrazı aktyorun ifasında təmkinli, sözübütöv insan təsiri bağışladığı halda, “Qara daşlar” filmindəki İsmayılzadə rolu daha ciddi xarakterə malik insandır. Əslində sadalanan bu obrazlar qalereyası aktyorun daxili dünyasına sirayət edən və eyni zamanda, daxili dünyası ilə birləşdirərək oynadığı rollardır.

     Ümumiyyətlə, Ələsgər Ələkbərovun yaradıcılığında kino sənətinin xüsusi yeri olub. Kino tənqidçiləri onun yaratdığı obrazları xarakterizə edərkən qeyd ediblər ki, aktyorun rolları klassik aktyor sənəti məktəbinin gözəl ənənələrini yaşatmaqla yanaşı, eyni zamanda, hər aktyora müyəssər olmayan yaxşı kino texnikasına malikdir. Səhnə və kino fəaliyyətinə görə 1961-ci ildə SSRİ Xalq artisti adına layiq görülüb.

 Görkəmli sənətkar 1963-cü il yanvarın 31-də vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

 

                                                                                                          XQ

Chosen
30
1
xalqqazeti.az

2Sources