Çox dəyərli dostum Vüsal Məmmədov yazır:
"Etiraf etmək lazımdır ki,İranın ABŞ və İsrailə qarşı müqaviməti alqışa layiqdir. Dünyanın ən güclü dövləti ilə ən ağıllı dövlətinin tandeminə qarşı tək dayandılar. Zərbələr aldılar, amma sınmadılar. Öldülər, amma əyilmədilər. Amerika-İsrail tandeminin 20 mini aşan zərbələri sistemin başından tük də əskildə bilmədi. Ayaqdadır və meydan oxuyur. Rejimin bütün karikatur mahiyyətinə rəğmən, ona rəhbərlik edənlər həqiqətən də ölümdən qorxmurlar. Qaçıb getmirlər. Bu az şey deyil. Bəli, #İran düşməndir, amma hörmətlə yanaşılmağa layiq düşməndir".
Mən dostum kimi düşünmürəm. Hesab edirəm ki, "müqavimət" anlayışını emosional yox, hərbi strateji məfhum kimi götürsək, tamamilə fərqli mənzərə üzə çıxacaq.
Əvvəla, 47 illik bir rejim 27 gün içində çöküb, iflasa uğrayıb və davamsızlığı bəlli olub. Təsəvvür edək ki, əvvəlki təhsili də nəzərə alınmaqla, bir nəfər imtahana 47 gün məxsusi hazırlaşıb. Amma 1 saatlıq imtahanın 27-ci dəqiqəsində məlum olur ki, o heç bir suala cavab verə bilmir. Onun imtahanda 27 dəqiqə oturması və test suallarına səhv cavab verməsi nə qədər uğurdursa, İranın müqaviməti də o qədərdir. Bu mənadakı hazırlıq nəticə vermirsə, demək, imtahanda suallara "cavab atmaq" nadürüstlükdür. Əgər “müqavimət” nəticə vermirsə, bu artıq strategiya yox, sarsaq inaddır.
Niyə sarsaq inad?
Mənim baxış bucağıma görə, müqavimət reaktiv yox, proaktiv olmalıdır.
Məsələn:
ABŞ və ya İsrail siyasi, hərbi, diplomatik, addımlar atır, İran öz aləmində bunlara cavab verir. Amma İranın cavabları öz sahəsində də, regionda da, dünyada da gecikmiş addımlar olur. Bütün təşəbbüs qarşı tərəfdədir, nə sülhün, nə də müharibənin gündəliyini İran müəyyən edir. Ekspansiyanı öz konstitusiyasında dövlət siyasəti elan etmiş bir rejim indi gərək çoxqatlı oyunlar qurardı. Əvəzində isə generalları İsrail və ABŞ-ni söyür, əksəri hədəfə çatmayan raketlər atır, ertəsi gün də şəkilləri qara çərçivəyə salınır.