EN

Paşinyan məcburdur: Yaxın dövrdə Rusiya Ermənistan əlaqələri daha da möhkəmlənəcək

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistan və Rusiya arasındakı yaxınlaşma bölgədə baş verən hadisələrin fonunda diqqət çəkir. Bir neçə gün öncə də Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. İkitərəfli münasibətlərdən danışılsa da həmsöhbətlər əlverişli fürsət yarandıqda müzakirəni şəxsən davam etdirmək barədə də razılığa gəliblər.

Politoloq Hüseyn İbrahimov Sherg.az-a Ermənistan və Rusiya münasibətlərindəki normallaşmadan söz açıb:

"Son aylarda Ermənistan-Rusiya münasibətlərində nəzərəçarpacaq aktivlik müşahidə olunur. Belə görünür ki, Moskva İrəvanla əlaqələri möhkəmləndirməyi və bu ölkənin həm dövlət, həm də cəmiyyət həyatında təsirini qoruyub saxlamağı xarici siyasətində prioritet istiqamətlərdən biri kimi görür. Qeyd etmək lazımdır ki, son üç ayda ABŞ-nin Ermənistanın atom-elektrik stansiyası və digər sahələrə investisiya yatırımı, həmçinin vətəndaş cəmiyyəti və bəzi dövlət institutlarına dəstəyin artırılması ilə bağlı vədləri fonunda Rusiya öz mövqeyini daha da gücləndirməyə çalışır. Bu səbəbdən də son həftə və aylarda Moskvanın addımları daha da sürətlənib. Digər tərəfdən, Ermənistanda qarşıdan gələn seçkilər daxili siyasi prosesləri daha da aktivləşdirir. Müxalif qüvvələrin fəallaşması, hətta parlament və kilsə səviyyəsində Paşinyanın siyasətinə qarşı bəyanatların səsləndirilməsi ölkədaxili gərginliyin artdığını göstərir".

Politoloq vurğulayıb ki, bütün bu amillər Paşinyanı mürəkkəb seçim qarşısında qoyur: 

"Paşinyan Qərb və Avropa ilə münasibətləri inkişaf etdirməyə çalışsa da, digər tərəfdən Rusiya ilə balansı qorumağa məcburdur. Telefon danışığı zamanı tərəflərin müzakirələri davam etdirmək barədə razılığa gəlməsi onu göstərir ki, yaxın aylarda Ermənistan və Rusiya arasında, xüsusilə iqtisadi və strateji sahələrdə yeni sazişlərin imzalanması ehtimalı yüksəkdir. Eyni zamanda regionda qeyri-sabitliyin davam etməsi Ermənistan üçün həm siyasi, həm də iqtisadi çətinliklər yarada bilər. Bu şəraitdə Ermənistan Rusiyanın dəstəyinin əhəmiyyətini daha çox hiss edir. Rusiya isə öz növbəsində bu ölkədə mövqelərinin zəifləməsinə imkan vermək istəmir. Beləliklə, beynəlxalq münasibətlərdə baş verən proseslər yaxın dövrdə Rusiya-Ermənistan əlaqələrinin həm iqtisadi, həm də siyasi müstəvidə daha da möhkəmlənəcəyini istisna edilmir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
sherg.az

1Sources