
Astronomlar nadir gənc ulduz sistemi olan WISPIT 2-ni aşkar ediblər. Bu sistemdə eyni vaxtda bir neçə planetin formalaşdığı müşahidə olunur.
Məlumata görə, kəşf European Southern Observatory (ESO) alimləri tərəfindən edilib. Bildirilir ki, bu, Qalaktikanın yaxın bölgəsində indiyədək müşahidə edilən cəmi ikinci belə sistemdir.
WISPIT 2 sistemi Yerdən təxminən 433 işıq ili uzaqlıqda yerləşir. Tədqiqat zamanı sistemdəki protoplanetar diskdə tipik boşluqlar və sıxlaşmalar aşkar edilib. Bu cür strukturlar adətən disk daxilində artıq iri planetlərin formalaşdığını göstərir.
Alimlər hesab edir ki, sistemdə ən azı iki, ehtimal ki isə üç böyük planet yaranır. Onlardan birinin kütləsinin Saturn planetinə yaxın olduğu qeyd olunur.
Bu kəşf xüsusi əhəmiyyət daşıyır, çünki planetlərin yaranma prosesini demək olar ki, real vaxtda – ulduz sisteminin çox erkən mərhələsində müşahidə etməyə imkan verir. Bu cür mərhələ astronomik baxımdan çox qısa sürdüyü üçün belə sistemlər olduqca nadir sayılır.
Qeyd edək ki, bu ilin əvvəlində beynəlxalq alimlər qrupu 146 işıq ili uzaqlıqda yerləşən HD 137010 b ekzoplanetini də aşkar etmişdi. İlkin araşdırmalar bu planetin bəzi xüsusiyyətlərinə görə Yer və Marsa oxşarlıq göstərdiyini ortaya qoyub.
Alimlər bildirirlər ki, WISPIT 2-nin öyrənilməsi planetlərin necə formalaşdığını daha dərindən anlamağa və Günəş sisteminin yaranma tarixini daha yaxşı izah etməyə kömək edəcək.