EN

Kitab az, oxucu ondan da az- Kitab bazarının inkişafına nə mane olur? / TƏHLİL

 Ölkəmizdə ənənə halını almaqda olan kitab satışı, yarmarkaları getdikcə daha çox oxucu cəlb etməklə kitab bayramına çevrilir.

Məlum olduğu kimi kitab dövrün sosial, siyasi, mədəni reallıqlarını əks etdirən yaradıcılığın nəticəsini əks etdirir. Digər tərəfdən kitab əmtəədir, kitab biznesinin istehsal məqsədi satışdır. Satış məkanlarında yerli və dünya ədəbiyyatının tanınmış nümayəndələrinin nəfis çap olunmuş kitabları düzülmüş rəflər həm də ədəbi müzakirə meydanı, oxucu ilə yazıçı arasında canlı təmas məkanıdır.

Amma ölkədə kitab biznesinin bu günkü vəziyyəti o qədər də ürəkaçan deyil. Hökumət bu vacib sahənin inkişafı üçün bir sıra addımlar atmaqla bu intellektual biznesə yeni nəfəs verməyə  çalışır. Ölkəmizdə sahibkarlığa dəstəklə bağlı dövlət proqramlarından özündə maarifçilik mesajı daşıyan kitab biznesinin də faydalanması və uğurlu bazar münasibətlərinə daxil olması vacib məsələdir.

Azərbaycan qeyri-neft sektorunun inkişafını prioritet elan etsə də, mədəni və yaradıcı sənayelər – xüsusilə kitab bazarı hələ də tam potensialına çatmayıb. Halbuki kitab bazarı yalnız iqtisadi deyil, həm də intellektual kapitalın formalaşması baxımından strateji sahə hesab olunur.

Azərbaycan kitab bazarı həcminə görə regionda böyük oyunçu sayılmır. Bazarın ümumi dəyəri və artım tempi olduqca zəifdir. Bu bazarın əsas xüsusiyyətləri tirajların aşağı olması, satışların əsasən Bakı ilə məhdudlaşması, oxucu kütləsinin məhdudluğudur. Nəticədə bazar genişlənməkdən çox, mövcud vəziyyəti qorumağa çalışır.

Kitab bazarının inkişafını şərtləndirən əsas amil oxucu sayıdır. Azərbaycanda isə bu göstərici hələ də aşağı səviyyədə qalır. Ölkədə aktiv oxucu auditoriyası məhduddur və kitab oxuma vərdişi kütləviləşməyib. Gənclər arasında maraq artsa da, bu hələ bazarı dəyişəcək səviyyədə deyil. Bu isə nəşriyyatların risklərini artırır və iri tirajlı nəşrləri iqtisadi baxımdan qeyri-cəlbedici edir.

Bazarın əsas problemlər nədir?

Azərbaycanda kitab bazarı əsasən paytaxt mərkəzlidir. Bölgələrdə kitab satışı və yayımı demək olar ki, zəif inkişaf edib. Bazarda 10–20 arası aktiv nəşriyyat fəaliyyət göstərir. Onlardan ən tanınmışlarından biri Qanun Nəşriyyatı hesab olunur. Kitab mağazaları əsasən Bakıdadır. Onlayn satışın payı hələ ki çox aşağıdır və bu da müasir bazar tələbləri ilə ziddiyyət təşkil edir.

Əsas problem kiçik bazar və aşağı gəlirlilikdir. Əhalinin sayı və oxu səviyyəsi aşağı olduğundan kitab bazarı genişlənə bilmir. Tirajlar az, qiymətlər isə nisbətən yüksək olur. Bundan əlavə distributerlik zənciri zəifdir. Regionlarda kitab tapmaq çətindir. Bu da potensial oxucuların bazardan kənarda qalmasına səbəb olur. Dünya ədəbiyyatının keyfiyyətli tərcüməsi kifayət qədər deyil. Bu isə oxucuların seçim imkanlarını məhdudlaşdırır. Dünya kitab bazarında e-kitablar və audiokitablar sürətlə inkişaf etdiyi halda, Azərbaycanda bu sahə hələ ilkin mərhələdədir. Xarici dillərdə kitabların qiyməti yüksəkdir və bu, oxucu üçün əlavə maliyyə yükü yaradır.

Yeni trendlər: ümidverici siqnallar

Son illərdə bazarda müəyyən pozitiv dəyişikliklər də müşahidə olunur. Gənclər arasında oxumağa maraq artır, yerli müəlliflərə diqqət yüksəlir, kitab sərgiləri və yarmarkalar daha aktiv keçirilir.

Sosial şəbəkələrdə “book club” mədəniyyəti formalaşır. Bu tendensiyalar göstərir ki, bazar tam durğun deyil, sadəcə struktur problemlərlə üzləşib.

Məsələn, Turkiyədə kitab bazarı həm tiraj, həm də oxucu sayına görə daha dinamikdir. Bunun səbəbləri güclü nəşriyyat sektoru, geniş distribusiya şəbəkəsi, dövlət dəstəyi və oxu təşviqi proqramlarıdır. Digər tərəfdən Fransa kimi ölkələrdə kitab bazarı həm iqtisadi, həm də mədəni siyasətin əsas sütunlarından biridir. Bu müqayisə göstərir ki, məsələ təkcə bazar ölçüsü deyil, sistemli yanaşma və strategiyadır.

Azərbaycan kitab bazarının inkişafı üçün bir neçə əsas istiqamət vacibdir. Bura oxu mədəniyyətinin təşviqi, məktəblərdən başlayaraq oxu vərdişlərinin formalaşdırılması, rəqəmsal platformaların inkişafı,yerli e-kitab və audiokitab xidmətlərinin yaradılması daxildir. Həmçinin regionlara çıxış təmin edilməlidir. Kitab satışının Bakıdan kənara doğru genişləndirilməlidir. Digər vacib məsələ yerli müəlliflərin dəstəklənməsidir. Milli kontentin artırılması bazarın böyüməsinə səbəb ola bilər. Dövlət və özəl sektor əməkdaşlığı, subsidiyalar, vergi güzəştləri və layihə dəstəyi bazarın canlanmasına imkan yaradar.

Azərbaycan kitab bazarı bu gün kiçik, lakin sabitdir. Lakin struktur problemlərlə üzləşir, potensialı isə realdır. Əgər oxu mədəniyyəti gücləndirilərsə, rəqəmsal transformasiya sürətləndirilərsə və bazar regionlara açılarsa, kitab sektoru yalnız mədəni deyil, həm də iqtisadi baxımdan əhəmiyyətli sahəyə çevrilə bilər.

Bu isə uzunmüddətli perspektivdə ölkənin intellektual və yaradıcı potensialının artmasına xidmət edəcək.

 Sunay AYDIN

AzPost.az

Chosen
10
1
azpost.info

2Sources