EN

“Deepfake” və dezinformasiya: Yeni nəsil müharibələrin görünməyən silahı

“Süni intellekt əsilli dezinformasiya yeni nəsil müharibələrin əsas silahına çevrilib”.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri, kibertəhlükəsizlik üzrə ekspert Elvin Abbaso süni intellektdən istifadə edilərək hazırlanan manipulyativ kontentlərin regional və qlobal təhlükəsizlik mühitinə təsirləri barədə açıqlama verərkən deyib.

Ekspert bildirib ki, süni intellekt əsaslı dezinformasiya və misinformasiya məzmunları sosial şəbəkələr vasitəsilə təsirli manipulyasiya alətinə çevrilib və kütlələrin davranışına birbaşa təsir edir:

“Xüsusilə “deepfake” kontenti cəmiyyətdə çaşqınlıq yaradır, ictimai rəyin idarə olunmasına xidmət edir və xaosa səbəb olur. Bu ‘məlumat müharibəsi’ şəraitində vətəndaş məsuliyyəti və rəqəmsal savadlılıq ən kritik müdafiə xəttidir”.

Onun sözlərinə görə, müasir silahlı qarşıdurmalar təkcə quru əməliyyatları ilə müəyyən olunmur – proses artıq yüksək texnologiyalarla idarə olunan rəqəmsal platformalara daşınıb.

Abbasov qeyd edib ki, hazırkı şəraitdə 4-cü nəsil müharibə və 5-ci nəsil silah texnologiyaları aktiv şəkildə tətbiq olunur.

Ekspert İranla ABŞ/İsrail və regiondakı proksi qüvvələr arasında davam edən qarşıdurmanı hibrid müharibə modelinin ən mürəkkəb nümunəsi adlandırıb:

“Bu model siyasi, psixoloji, iqtisadi, enerji, hərbi və informasiya komponentlərini özündə birləşdirir. Artıq sosial şəbəkələr müharibələrin gedişinə birbaşa təsir edən əsas silaha çevrilib”.

Abbasov vəziyyəti “sülh və açıq hərbi münaqişə arasındakı boz zona” kimi xarakterizə edib və bildirib ki, məqsəd yalnız birbaşa toqquşma deyil, rəqib ölkənin daxilində sabitliyi sarsıtmaqdır.

Ekspert sonda vurğulayıb ki, informasiya müharibəsinin yeni mərhələsində cəmiyyətdə rəqəmsal savadlılığın artırılması, təsdiqlənməmiş məlumatların paylaşılması ilə bağlı məsuliyyətin gücləndirilməsi və sosial media təhlükələrinin düzgün qiymətləndirilməsi milli təhlükəsizliyin əsas tərkib hissəsinə çevrilib.

Sara 

NOCOMMENT.az 

Chosen
33
nocomment.az

1Sources