EN

“Aselsan Bakü” Azərbaycan universitetləri ilə sıx əməkdaşlıq edir

“Aselsan Bakü” uzunmüddətli və davamlı bir model yaratmaq məqsədilə universitetlərlə sıx əməkdaşlıq edir.

Bu sözləri “Aselsan Bakü” şirkətinin baş direktoru Özgür Kürüm “Poliqon” jurnalına müsahibəsində deyib.

“Bu mövzunu konkret bir nümunə ilə izah etmək istərdim. “Aselsan Bakü” olaraq əməkdaşlarımızın böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Türkiyə Respublikası vətəndaşı olan əməkdaşlarımız ümumi heyətin 10 faizindən daha azını təşkil edir. Bu struktur yerli insan resurslarının inkişafına və davamlı milli səriştə bazasının formalaşdırılmasına verdiyimiz önəmin ən bariz göstəricisidir”, – deyə Ö.Kürüm vurğulayıb.

Onun sözlərinə görə, “Aselsan Bakü” uzunmüddətli və davamlı bir model yaratmaq məqsədilə universitetlərlə sıx əməkdaşlıq edir: “Universitetlər bu prosesin əsas tərəfdaşlarıdır. Azərbaycandakı beş universitetlə uzun müddətdir ki, təcrübə və tətbiqi təlim proqramları həyata keçiririk. Bu sayədə tələbələr universitetdə əldə etdikləri akademik bilikləri real layihələr üzərində tətbiq etmək və möhkəmləndirmək imkan qazanırlar. Eyni zamanda, biz də gələcəyin mühəndis və mütəxəssislərini yaxından tanıyır və ixtisaslı namizəd bazası formalaşdırırıq”.

Baş direktor şirkət tərəfindən 2025-ci il ərzində həyata keçirilmiş təcrübə proqramları çərçivəsində 15-dən çox tələbənin kollektivə cəlb edildiyini və qarşıdakı dövrdə bu sayın artırılmasının planlaşdırıldığını bildirib. Buradakı məqsəd gənc mühəndislərin nəzəri biliklərini real layihələrlə dəstəkləyərək onların praktik səriştələrini inkişaf etdirməkdir.

“Bundan əlavə, fəaliyyətlərimiz çərçivəsində TEKNOFEST və ya Aviasiya və Kosmos Modelləşdirmə Festivalı kimi tədbirlərdə yerli layihələr hazırlayan gənclərə mümkün qədər dəstək göstərməyə çalışırıq.

Daxili inkişaf proqramları çərçivəsində isə əməkdaşlarımıza həm texniki, həm də karyera inkişafına yönəlik təlimlər təqdim edirik. 2025-ci ildə hər əməkdaş üzrə orta hesabla 50 saatdan artıq təlim keçirilib. Texniki komandalarımız həm əyani, həm də onlayn təlimlər alıb, həmçinin Türkiyədəki ASELSAN müəssisələrində yerində tətbiqi təlim proqramlarında iştirak ediblər”, – deyə baş direktor qeyd edib.

Chosen
17
poliqon.az

1Sources