EN

Rusiya neft ixracına ağır zərbə 40% lik itki, gündəlik milyonlarla dollar ziyan

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ukrayna ilə müharibənin dördüncü ilini keçdiyi bir vaxtda Rusiya iqtisadiyyatının əsas dayaqlarından biri olan neft ixracı ciddi təzyiq altına düşüb. Nüfuzlu "Reuters" agentliyinin hesablamalarına görə, hazırda Rusiyanın neft ixrac gücünün təxminən 40%-i sıradan çıxıb. Bu isə gündəlik təxminən 2 milyon barel həcmində ixracın itirilməsi deməkdir və Kreml üçün həm maliyyə, həm də strateji baxımdan ciddi nəticələr vəd edir.

Mövcud vəziyyət təsadüfi deyil. Rusiya neft ixracının zəifləməsinə bir neçə paralel amil təsir göstərir:

İlk növbədə, Ukraynanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi ardıcıl zərbələr xüsusi rol oynayır. Bu hücumlar Rusiyanın ən böyük ixrac qovşaqlarından olan Baltik dənizi limanlarını – Ust-Luqa və Primorsk hədəfə alıb. Hər iki liman Rusiyanın Avropaya və qlobal bazarlara neft çıxarışında açar rol oynayır.

Hərbi analitik Yan Matveyev bildirir ki, hücumlar nəticəsində terminallar və xüsusilə neft saxlama rezervuarları ciddi zədələnib. Onun sözlərinə görə, həm Ust-Luqada, həm də Primorskda bir neçə rezervuar yanıb, bəzi hallarda isə tankerlərin belə zərər gördüyünə dair məlumatlar var. Peyk görüntüləri də bu zədələnmələrin miqyasının kifayət qədər böyük olduğunu təsdiqləyir.

İkinci mühüm faktor “kölgə donanması”na qarşı tədbirlərdir. Qərb sanksiyalarını aşmaq üçün istifadə edilən bu tankerlərin saxlanılması və fəaliyyətinə məhdudiyyətlər qoyulması Rusiyanın alternativ ixrac kanallarını daraldır.

Üçüncü amil isə əsas ixrac arteriyalarından biri olan Drujba kəmərinin fəaliyyətinin dayandırılmasıdır. Bu kəmər uzun illərdir Rusiyanın Avropaya neft ixracında əsas rol oynayıb.

Coğrafiya genişlənir: Qara dəniz də risk altındadır

Problem təkcə Baltik regionu ilə məhdudlaşmır. Qara dənizdə yerləşən Novorossiysk limanında da yükləmələr azalıb. Bu liman da mart ayında Ukrayna dronlarının hücumlarına məruz qalıb. Beləliklə, Rusiya həm Baltik, həm də Qara dəniz istiqamətlərində eyni vaxtda təzyiq altına düşüb.

Mövcud vəziyyətin diqqət çəkən tərəfi zərbələrin zamanlamasıdır. Hazırda Rusiya üçün neft bazarında nisbətən əlverişli dövr yaşanır. “Urals” markalı neftin qiyməti 100 dollara yaxınlaşır. Belə bir şəraitdə Moskva ixracı maksimum artırmağa çalışırdı.

Neft-qaz bazarı üzrə ekspert Boris Aronşteyn hesab edir ki, məhz bu məqamda endirilən zərbələr maksimum effekt verib. Onun sözlərinə görə, Rusiya hasilatı qısa müddətdə artıra bilməsə də, ixrac imkanlarını genişləndirməyə çalışırdı və Ukrayna məhz bu zəif nöqtəni hədəfə alıb.

Ekspertin hesablamalarına görə, hazırda Rusiya gündəlik 70-80 milyon dollar həcmində gəlir itirir. Bu isə büdcə daxilolmalarına birbaşa təsir göstərən ciddi göstəricidir.

Lakin bütün ekspertlər bu qədər pessimist deyil. İqtisadçı Dmitri Nekrasov daha ehtiyatlı yanaşma sərgiləyir. O bildirir ki, Rusiyanın potensial ixrac gücü faktiki ixrac həcmlərindən xeyli yüksəkdir – təxminən gündə 5 milyon barel. Bu isə o deməkdir ki, müəyyən itkilərə baxmayaraq, ölkə alternativ imkanlar hesabına vəziyyəti qismən kompensasiya edə bilər.

Bununla belə, əsas sual açıq qalır: zərbə yalnız rezervuarlara dəyib, yoxsa terminalların və yükləmə avadanlıqlarının özü də ciddi zədələnib? Əgər məhz texnoloji infrastruktur sıradan çıxıbsa, bu halda bərpa prosesi xeyli uzun çəkə bilər.

Ukrayna tərəfi açıq şəkildə bildirir ki, bu hücumların əsas məqsədi Rusiyanın enerji gəlirlərini azaltmaqdır. Çünki neft və qaz satışından əldə olunan vəsaitlər Moskvanın hərbi əməliyyatlarını maliyyələşdirmək üçün əsas mənbədir.

Bu baxımdan enerji infrastrukturuna zərbələr birbaşa cəbhə xəttindən kənarda aparılan, lakin strateji baxımdan son dərəcə təsirli müharibə aləti kimi qiymətləndirilir.

Moskvanın cavabı: alternativ marşrutlar

Rusiya hakimiyyəti isə vəziyyəti nəzarətdə saxladığını iddia edir. Baş nazirin müavini Aleksandr Novak bildirib ki, ölkənin ixrac üçün kifayət qədər ehtiyat imkanları mövcuddur və neft tədarükü alternativ marşrutlar vasitəsilə şaxələndirilə bilər.

Lakin bu bəyanatların nə dərəcədə real olduğu sual altındadır. Çünki həm logistika, həm də sanksiya məhdudiyyətləri Rusiyanın manevr imkanlarını xeyli daraldır.

Baş verənlər göstərir ki, Rusiya-Ukrayna müharibəsi artıq yalnız hərbi əməliyyatlarla məhdudlaşmır. Enerji infrastrukturu bu müharibənin əsas hədəflərindən birinə çevrilib.

Əgər mövcud tendensiya davam edərsə, bu, Rusiyanın büdcə gəlirlərinə, valyuta axınına və ümumilikdə iqtisadi dayanıqlığına ciddi zərbə vuracaq. Digər tərəfdən isə bu vəziyyət qlobal neft bazarında qiymətlərin daha da artmasına və yeni qeyri-müəyyənlik dalğasına səbəb ola bilər.

Beləliklə, Ukraynanın son hücumları təkcə taktiki uğur deyil, həm də strateji baxımdan Kremlin ən həssas nöqtələrindən birinə endirilmiş zərbə kimi qiymətləndirilə bilər.

Rasim Əliyev

"AzPoıitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
azpolitika.info

1Sources