EN

Yağış yenə icra başçılarını İFŞA etdi: BŞİH-in YARITMAZLIĞI  və BATAN ŞƏHƏR

Bakıya təkcə yağış yağmır. Sanki şəhərin üstündə yığılıb qalan bütün problemlər birdən-birə yerə tökülür.

Bakı yenə diz çökdü. Bir neçə saatlıq yağış və şəhər nəfəs ala bilmədi. Küçələr çay oldu, səkilər yoxa çıxdı, maşınlar yarıya qədər suya batdı. İnsanlar ayaqqabılarını çıxarıb suyun içindən keçdi — paytaxtda, XXI əsrdə.

Bu mənzərə artıq sürpriz deyil. Əksinə, qəribə olan odur ki, hələ də kiməsə təəccüblü gəlir. Hər dəfə eyni sözlər, eyni cümlələr: “normadan artıq yağıntı”, “aidiyyəti qurumlar işləyir”, “problemlər nəzarətdədir”. Amma şəhər nəzarətdə deyil. Şəhər batır. Açıq-aşkar, gözümüzün qabağında batır.

Yağış günahkar deyil. Günahkar odur ki, bu şəhər planlaşdırılmadan tikilib. Düşünülməyib, doldurulub. Hər boş torpaq sahəsi betonla örtülüb, amma o betonun altında suyun hara axacağı heç kimin vecinə olmayıb. Kanalizasiya xətləri ya köhnəlib, ya da heç vaxt bu qədər yük üçün nəzərdə tutulmayıb. Drenaj sistemi isə çox yerdə sadəcə kağız üzərində mövcuddur.

Və ən ağırı isə bu, bilinməyən problem deyil. Bu, illərlə bilinən, amma bilərəkdən həll olunmayan problemdir. Çünki həll etmək istəsəydilər, edərdilər. Bu şəhərdə pul yoxdur deyə bilməz heç kim. Var. Hətta o qədər var ki, bəziləri bu pulla özlərinə həyat yox, səltənət qurub. Gün aşırı yeni villalar, bahalı avtomobillər, xaricdə mülklər… Yağış yağanda isə həmin şəhərin sakini suyun içində qalır.

Onda adam istər-istəməz soruşur: bu pullar doğrudan hara gedir?

Bəlkə də cavab elə bu gün küçələrdə axan sudadır. Bu, sadəcə infrastruktur problemi deyil. Bu, vicdan problemidir. Bu, məsuliyyət problemidir. Bu, “mənim işim deyil” deyə-deyə yığılan biganəliyin nəticəsidir.

Bakı hər yağışda imtahan verir…. Və hər dəfə kəsilir. Ən acınacaqlısı isə budur: heç kim bu kəsilmədən utanmır.

Şəhər boğulur, amma hesabatlar “qənaətbəxşdir”. İnsanlar əziyyət çəkir, amma kabinetlərdə hər şey qaydasındadır. Reallıq küçədədir, amma qərarlar masa arxasında, reallıqdan uzaqda verilir.

Bu şəhər onsuz da çoxdan suyun altındadır. Sadəcə biz hər dəfə bunu yenidən görürük.

Əli Səfərli,
NOCOMMENT.az

Chosen
42
1
nocomment.az

2Sources