İsrailin İranın Yəzd vilayətində yerləşən uran filizi konsentratı istehsalı zavoduna hava zərbəsi endirməsi barədə Tehrandan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) məlumat verilib.
"Report" xəbər verir ki, bu barədə AEBA-nın "X"dəki hesabında məlumat yayılıb.
"Zavoddan kənarda radiasiya səviyyəsinin artması qeydə alınmayıb",- AEBA-dan bildirilib. Agentlik hazırda araşdırma aparıldığını əlavə edib.
AEBA-nın baş direktoru Rafael Qrossi hər hansı nüvə qəzası riskinin qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırıb.
İsrail İranın Yəzd vilayətində yerləşən uran filizi konsentratı istehsalı zavoduna zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb.
"Yəzd əyalətinin Ərdəkan bölgəsindəki "sarı kek" istehsalı zavodu ABŞ-İsrail qüvvələrinin hədəfi olub", - bəyanatda deyilir.
İlkin məlumatlara görə, zərbə nəticəsində radioaktiv maddə sızıntısı qeydə alınmayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.