Son apardığım stres-testlər göstərir ki, müharibə 3 aydan çox davam edərsə, Hörmüz Boğazı tam bağlı qalarsa, Qətər, BƏƏ, Küveyt, Oman azalan neft hasilatlarını bərpa etməzsə, həmin ölkələrin nefti alternativ marşrutlarla dünya bazarına çıxmazsa, Rusiya neftinə embarqolar davam edərsə, neft qiymətlərinin 150 dolları keçməsi ehtimalı 51% və daha yüksək olur. Mövcud vəziyyət 6 ay davam edərsə bu ehtimal 75-80%-ə qədər artır və Brent markalı neftin bir barelinin qiymətinin 200 dollara yaxınlaşma ehtimalı 51% olur. Lakin, bir şərtlə ki, bütün şok hadisələr eyni vaxtda və göstərilən müddət ərzində davam etsin. Hadisələrin hazırki vəziyyətdə davam etməsi fonunda 1970-ci illərin neft böhranı, staqflyasiya və böhran senarilərinin təkrarı ehtimalları aşağıdır.
Səbəblər:
• 1975-ci ildə OPEC gündəlik neft hasilatını 5 milyon barel azaltmışdı. Faktiki olaraq bu qədər neft çıxarılmırdı. Həmin dövrdə gündəlik neft istehlakı 60 milyon barel idi. Yəni, gündəlik hasilat 8.3% azaldılmışdı;
• 1970-ci ildə bir barelinin gündəlik orta qiyməti 1 dollar 80 sent olan neft artaraq 1975-ci ildə 12 dollar 21 sentə, 1980-ci ildə isə 36,83 sentə çatmışdı;
• 1980-ci ilin 36,83 dolları bu günün qiymətləri ilə 145-150 dollara bərabərdir;
• Neftin qiymətləri 1986-cı ildə 14,44 dollara qədər düşür və 1990-cı ildə bu 23,73 dollara qayıdır.
Bəs müharibənin ilk həftələrində nə üçün neftin qiymətlərinin 150 dollara çatacağı deyilirdi? Bu zaman nəzərə alınırdı ki, 1975-ci ildə təxminən 4 milyard 70 milyon nəfər olan dünya əhalisi hazırda təxminən 8 milyard 300 milyon nəfərdir. Gündəlik neft istehlakı isə 104 milyon bareldir. Deməli, gündəlik neft tədarükündə 10-15 milyon barel həcmində azalmalar qiymətləri 150 dollara qədər artıracaq.
Bəs nələr nəzərə alınmayıb?
• 1975-2026-cı illərdə əhali 104% artsa da, gündəlik neft istehlakı 90% artmışdır. İstehsal, istehlak, sənayeləşmənin artmasına baxmayaraq daha az neft istehlakının əsas səbəbləri atom elektrik stansiyalarının, alternativ enerji mənbələrinin artması, elektromobil və son 20 il ərzində turbo və sair yeniliklərin sayəsində daha az həcmli, lakin güclü mühərrikli avtomobil istehsalının artması və sair amillərdir. 1975-ci illərdə sürətli istehsal, sənayeləşmə və sair davam etdiyi bir vaxtda neft əsas enerji mənbəyinə çevrilmişdi və alternativ variantlar bu günlə müqayisədə daha az idi;
• gündəlik 5 milyon barel hasilat azalması günlərlə deyil, illərlə davam etmişdi.
• həmin dövrdə dünya İran şahının OPEC-ə hasilatı azaltmaq təklifinin dəstəklənəcəyini gözləmədiyi üçün vəziyyətə hazırlıqsız yaxalanmışdı. Yəni, neft istehlak edən ölkələrdə neft ehtiyatları minimum idi. Bu gün vəziyyət fərqlidir. Məsələn, əsas neft istehlakçıları olan Çin, Yaponiya və Cənubi Koreyanın neft ehtiyatları minimum 3-6 ayı əhatə edir. Asiyanın kasıb ölkələri kifayət qədər ehtiyat yığmadıqları üçün çətin vəziyyətdədirlər. Lakin, dünya iqtisadiyyatında, istehsalda və texnoloji yeniliklərdə onların payları az olduğu üçün qlobal iqtisadiyyata təsirləri aşağıdır, qənaət rejiminə keçmələri səbəbindən qiymətlərə təsirləri yüksək deyil və bu səbəbdən dünyanın güc mərkəzlərini ciddi narahat etmir. Güc mərkəzlərinin yanaşması budur ki, bir ölkənin qlobal iqtisadiyyatda payı və təsiri güclüdürsə, həmin ölkənin problemləri dünyanın problemidir, zəifdirsə, həmin ölkənin problemləri elə həmin ölkənin özünün problemləridir.
• Alternativ enerji, atom elektrik stansiyaları, yüksək inkişaf etmiş ölkələrin strateji neft ehtiyatları, ABŞ-nin artan neft istehsalı (1975-ci ildə ABŞ-nin gündəlik neft hasitalı ortalama 17,6 milyon barel, neft istehlakı 17 milyon barel və nəticədə gündəlik idxal həcmi 8,6 milyon barel idi. Bu gün bu rəqəmlər müvafiq olaraq, gündəlik 13,6 milyon barel, 20,5 milyon barel, 6,9 milyon bareldir);
• Sanksiyalar nəticəsində bazardan kənarda saxlanmış və yığılmış Rusiya nefti (28 fevral tarixində Rusiyanın təkcə tankerlərdə yığılmış və satılmamış nefti 120 milyon barel idi), Rusiyanın neft hasilatı və ixrac imkanları;
• 1970-ci illərdə hasilat gündəlik 5 milyon barel azaldılmışdı və bu azalma illərlə davam etmişdi. Lakin, hazırda gündəlik 20 milyon barel neft hasilatı azalmayıb, Hörmüz Boğazındakı vəziyyət səbəbindən tədarük zəncirində qırılmalar baş verib. Bu başqa vəziyyətdir. Bu gün həmin boğazdan gəmilər keçir, Çin, Hindistan və digər bir neçə ölkəyə gedən neft boğazdan buraxılır. Körfəz ölkələrinin neftinin 90% alıcıları isə Çin, Yaponiya, Hindistan, Cənubi Koreya başda olmaqla Asiya ölkələridir;
Nəzərə alınan və alınmayan digər çoxsaylı data, göstərici və faktları sadalamadan yekunlaşdıraq ki, qlobal medianın təbliğ etdiklərindən fərqli vəziyyət formalaşmaqdadır. Bu senarini cızanlar hazırda dünyanın diqqətini neft-qaz qiymətlərinə yönəltməklə, artacaq ərzaq inflyasiyası və çatışmazlığı fonunda arxa planda öz planlarını reallaşdırmaq istəyirlər. Yeni Düzənin növbəti mərhələsində ölkələrlə bağlı növbəti planları hazırlayırlar.
Kənd təsərrüfatı üçün əsas vacib gübrələr azot, fosfor, kaliumdur. Dünyada istehlak olunan azotun (ürə və ya karbamid də deyilir) 50%-i, fosfor gübrəsinin xam maddəsi olan fosfatın 25%-i, digər azotlu gübrə olan ammonium-nitratın xam maddəsi olan ammoniumun 30%-i, kükürdün 45%-i körfəz dövlətləri tərəfindən istehsal olunaraq Hörmüz Boğazı vasitəsilə dünya bazarlarına ixrac edilir. Hazırda burada təkcə tədarük zəncirində qırılmalar deyil, hasilatın da azalması müşahidə olunur və bu gübrələrin qiymətləri dünya bazarlarında 20-40% artıb. Bu da ərzaq qiymətlərinin artımı, məhsuldarlığın azalması, yəni ərzaq çatışmazlığı riskinin artması deməkdir. Burada riski yumşaldan fakt ondan ibarətdir ki, hazırda qlobal ərzaq istehsalçısı olan ölkələrdə əkin mövsümü olmadığından azotlu gübrələrdən başqa digər gübrələrə tələb aşağıdır. Tələb sentyabr-noyabr aylarında pik həddə çatır. Hazırda digər gübrələrə tələb Asiya (Tailand, İndoneziya, Malayziya və sair) ölkələrində (orada iki mövsüm və ildə 3-4 dəfə əkin var) daha çoxdur. Həmin gübrələr əkin zamanı verilir. Hazırda ölkəmiz daxil Rusiya, Ukrayna, Türkiyə, Avropa ölkələri və sair ölkələrdə sahələrə azot gübrəsi verilir.
Müharibə 5-6 həftədən çox davam edərsə, qlobal inflyasiyaya, ərzaq inflyasiyasına hissediləcək təsiri olacaq. 3 aydan çox davam edərsə, ərzaq çatışmazlığı hiss oluna bilər. Burada zaman amili nə üçün həlledicidir? Nəzərə alaq ki, neftin bir barelinin il ərzində gündəlik orta 10 dollar qiymət artımı qlobal inflyasiyanın 0.4 faiz bəndi artması deməkdir. Deməli, qlobal inflyasiyaya təsir qiymətlərdən daha çox müddət baxımından önəmlidir. Bu səbəbdən hələlik ABŞ rahat tərpənir və bu məsələdə ciddi təzyiqlər yoxdur. Çünki, müharibə dayandıqdan sonra qiymətlərin enişi orta illik neft qiymətlərini aşağı salmağa imkan verəcək. Bu ehtimal hələlik istisna olunmur.
İran müharibəsinin gedişi və ölkələrin davranışları göstərdi ki, dünyanın nüfuz dairəsinə bölünməsi ilə bağlı hələ konsensus yoxdur. Bu isə indiyə qədər razılaşdırılmış regionlar üzrə yeni bazarlıqların meydana çıxması ehtimalını istisna etmir. Xüsusilə hazırda müzakirə və mübahisə mövzusunun neftlə zəngin Körfəz dövlətləri və İran olduğu bir zamanda. Bu səbəblərdən ölkələrə qarşı olan müxtəlif təzyiqlər təsadüfi hesab oluna bilməz.
Elman Sadıqov