Hörmüz boğazı üzərindən neft və neft məhsullarının daşınmasında yaranan çətinliklər dünya enerji bazarında ciddi dalğalanmalar yaradıb. Bu vəziyyət xüsusilə enerjini idxal edən ölkələrdə təkcə benzin qiymətlərinin artması ilə kifayətlənmir, bəzi hallarda yanacaq qıtlığı riskini də ortaya çıxarır.
Son dövr baş verən proseslər göstərir ki, təchizat zəncirində yaranan pozuntular və geosiyasi gərginliklər birbaşa olaraq istehlakçı qiymətlərinə təsir edir.

Məsələn, ABŞ-də benzinin qiyməti mart ayı ərzində kəskin şəkildə yüksəlib. Belə ki, bir qallon benzinin orta qiyməti 2.81 dollardan 3.98 dollara qədər artıb. Bəzi ştatlarda isə bu göstərici 4.6 dollara qədər çatıb. Qeyd edək ki, 1 qallon təxminən 3.78 litrdir və bu da qiymət artımının miqyasını daha aydın göstərir. Eyni vəziyyət Avropa İttifaqı ölkələrində də müşahidə olunur. Avropa bazarında 1 litr benzinin orta qiyməti 1.78 avroya qədər yüksəlib. Bəzi ölkələrdə isə bu rəqəm artıq 2 avronu keçib ki, bu da enerji xərclərinin əhəmiyyətli dərəcədə artdığını göstərir.
Mövcud vəziyyət sübut edir ki, enerji marşrutlarında baş verən hər hansı problem qlobal miqyasda zəncirvari təsir yaradır.
Bəs Hörmüz boğazında yaranan problemlər yanacaq qıtlığı yarada bilərmi?
Musavat.com bildirir ki, iqisadçı alim, deputat Vüqar Bayramov qeyd edib ki, son hadisələr Avropa Birliyindəki bazarda volatilliyinn güclənməsi ilə yanaşı, yanacaq qıtlığına da səbəb ola bilər:
“Ötən il Aİ yanacaq üçün neftin 15.1 faizinni Birləşmiş Ştatlardan, 14.4 faizini Norveçdən və 12.7 faizni Qazaxıstandan idxal edib. Dünya enerji məhsullarınn 20 faizinin keçdiyi Hörmüz boğazı vasitəsi ilə Avropa İttifaqı neft istehlakının 6.2 faizini reallaşdırır. Qlobal ortalama ilə müqayisədə ittifaqın boğazdan asıllığı nisbətən az olsa da bir sıra dövlətlərin benzin ixracatını məhdudlaşdırılması “köhnə qitənin” bazarına təsirsiz ötüşməyə bilər. Göründüyü kimi, dünya neft bazarı yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə bir sıra inkişaf etmiş dövlətlərdə sadəcə qiymət sıçrayışlar deyil, həmçinin benzin doldurma məntəqələrində uzun növbələr də müşahidə edilə bilər”.
Xalidə Gəray
Musavat.com