EN

Həyat öz ritmində davam edir

Sumqayıtda güclü yağışın yaratdığı fəsadlar mütəşəkkil aradan qaldırılıb.  Son günlər müşahidə olunan güclü və fasiləsiz yağıntılar nəticəsində Sumqayıt şəhərində bəzi ərazilərdə çətinliklər yaranıb. Vəziyyətin operativ şəkildə aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar gücləndirilmiş rejimdə işlərini davam etdirirlər.

Hazırda şəhərin müxtəlif ərazilərində su basmış sahələrin təmizlənməsi, yağış sularının kənarlaşdırılması, kanalizasiya xətlərinin açılması və digər zəruri tədbirlər görülür. Sumqayıt Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və ADSEA-nın yerli qurumları, o cümlədən bələdiyyələr, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və digər təsərrüfat strukturları əlaqəli şəkildə fəaliyyət göstərirlər.
Bununla yanaşı, şəhər rəhbərliyinin nəzarəti altında yaradılmış xüsusi qərargah 24 saat fəaliyyət göstərir. Qərargah üzvləri daxil olan məlumatlara dərhal reaksiya verir, yaranmış problemlərin operativ qurumlarla birgə qısa müddətdə, operativ çözülməsi üzrə zəruri addımlar atırlar.

Eyni zamanda, vətəndaş müraciətlərinin operativ qəbulu üçün qaynar xətt gecə-gündüz fəaliyyət göstərir. Daxil olan müraciətlər dərhal araşdırılır və müvafiq qurumlarla birlikdə təxirəsalınmaz tədbirlər görülür.

Onu da qeyd edək ki, son günlər bəzi informasiya resurslarında Sumqayıt şəhərində fəaliyyət göstərən xeyir-şər evlərinin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Şəhər İcra Hakimiyyəti tərəfindən verilən açıqlamada bildirilir ki,bu barədə hər hansı tapşırıq Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən verilməmişdir.

“Məlumat üçün qeyd edək ki, şəhər ərazisində yerləşən xeyir-şər evlərində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz təsərrüfatı ilə bağlı texniki yenilənmə işləri aparılmışdır. Bu çərçivədə qaz sayğacları yenilənmiş, yeni müqavilələrin bağlanması prosesi həyata keçirilmişdir. Aparılan işlərlə əlaqədar olaraq qaz təchizatında müvəqqəti fasilə yaranmışdır.

Lakin hazırda hər hansı xeyir-şər evinin fəaliyyətinin dayandırılması ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sakinlərin müraciəti daxil olmamışdır. Belə müraciətlər daxil olarsa, məsələ aidiyyəti qurumlarla birgə araşdırılaraq aydınlıq gətiriləcəkdir.
Bir daha diqqətə çatdırırıq ki, yayılan məlumatlar əsassızdır”.

Hazırda Sumqayıtda həyat öz normal ritmində davam edir.

XQ

 

 

 

Chosen
4
30
xalqqazeti.az

10Sources