17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün Maltanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Arena.az xəbər verir ki, sözügedən komandalar Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində üz-üzə gələcəklər.
B Liqasının 2-ci qrupunda yer almış millimiz bu rəqiblə Bolqarıstanın Plovdiv şəhərində qarşılaşacaq. “Nikola Şterev – Starika İdman Kompleksi”ndə keçiriləcək görüşə Bakı vaxtı ilə saat 14:00-da start veriləcək. Oyunu Şimali Makedoniya və Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, millimiz bu turnirdəki ilk oyununda meydan sahibi Bolqarıstan yığması ilə qarşılaşmışdı. Həmin matçda qalib müəyyənləşməmişdi – 1:1. İkinci turda Litva ilə qarşılaşmış U-17 millimiz həmin oyundan da 1 xalla ayrılmışdı – 0:0.
Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 2-ci qrup
30 mart
14:00. Azərbaycan – Malta
Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya).
Baş hakimin köməkçiləri: Darko Vidiniç (Şimali Makedoniya), Todor Vukov (Bolqarıstan).
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan).
Plovdiv, Nikola Şterev – Starika İdman Kompleksi.
Xallar: Litva – 4. Bolqarıstan- 4. Azərbaycan – 2. Malta – 0.
