EN

Yazmaq yaxşıdır, yoxsa yazmamaq?..

Hələ 90-cı illərin əvvəllərində mənim özüm üçün bir prinsipim vardı: əgər rəhmətlik Əbülfəz Elçibəy, İsa Qəmbər və ya Əli Kərimli haqqında tənqidi fikir, söz söyləyə bilmirəmsə, bunu rəhmətlik Heydər Əliyev və yaxud da hələ o vaxt diqqətdə olan indiki prezident İlham Əliyev haqda da etməyə mənəvi haqqım yoxdur.

Mənim bu prinsipim o vaxt da heç də həmişə anlayışla qarşılanmırdı, bəzən iradlar doğururdu. Kimisi mənə siyasi mənsubiyyətimi xatırladırdı və onda da belə hesab edirdim və indi də hesab edirəm ki, müəyyən qədər haqlı da idilər, çünki nə gizlətmirəm, nə inkar etmirəm, nə də peşman deyiləm; 2000-ci ilə qədər müxalifətlə bağlı, hətta 1998-ci ilədək AXCP funksionerlərindən olmuşam.

Digərlərisə qeyd edirdilər ki, real hakimiyyətlə siyasi çəkisi, hətta elektoral gücü dəqiq bəlli olmayan, hətta mübahisəli olan müxalifət düşərgəsini bir tutmaq olmaz və hakimiyyətə daha ciddi və məsuliyyətlə yanaşmaq lazımdır, ona görə ki, söhbət real olaraq ölkəni təmsil edən siyasi vektordan gedir. Bu tezisi də qəbul edir və hətta indinin özündə də maksimum dərəcədə əməl etməyə cəhd edirəm, xüsusən də rus dilindəki yazılarda onu daim nəzərə almağa çalışmışam.   

Belədəsə, hansısa bir siyasətçi haqqında yazanda da çalışmışam yalnız onun siyasətindən yazım, nə təhqir etmişəm kimisə, nə də böhtan atmışam. Yeri gəlmiş, artıq 90-cı illərdə bir söz atılmışdı ortaya: “söyüş jurnalistikası”!

Tamamilə olmasa da, böyük məsuliyyətlə deyirəm ki, o vaxtın nəinki nüfuzlu müstəqil, heç müxalif media strukturlarında bunu təsəvvür belə etmək mümkün deyildi.

Məsələn, müxalif “Azadlıq” qəzetində (ən azı özümün də çalışdığım dövrdə!), yaxud da müstəqil “Ayna-Zerkalo”da, eləcə də digər müxalif medialarda, elektron medialardan, məsələn, “Azadlıq” radiosunda bunu heç ağıla gətirmək olardımı? Buna imkan verilərdimi?

Sadəcə, o vaxt bəzi rəsmi, baş “ideoloq-məmurlar” bunu ortaya atmışdılar ki, jurnalistləri, onların yazdıqlarını, dediklərini gözdən salsınlar: yəni bir tənqidçi jurnalist söyüşdən savayı nə yaza bilər ki?

Doğrusu, sonralar çoxlu sayda yeni qəzetlər peyda oldu, hamısını, əlbəttə, izləmək mümkün deyildi, heç buna ehtiyac da yox idi, çünki xeyli yüngül təyinatlı qəzetlər də yaranmışdı, amma yenə izlədiymiz, nüfuzlu mediada məsuliiyyətlə deyə bilərik ki, nə onda, nə indi belə bir şey yox idi: nadir hallarda nəsə olurdu, amma bunlar özünü nüfuz sahibi hesab edən qəzetlərdə, media strukturlarında daha çox istisna idi,..      

Təkrar deyirəm ki, bunu bəzi “məmur-ideoloqlar” düşünülmüş şəkildə atmışdı ortaya ki, tənqidçi medianı gözdən salsınlar. Düzdür, kənardan izləyirdik, az qala, hər həftə məhkəmələr olurdu, çoxu da guya təhqirlə, nə bilim, böhtanla bağlı! Amma çox vaxt adam təəccüb qalırdı ki, axı burada nə təhqir var? Odur, onda da, indi də deyirik ki, bu, sadəcə, həmin dövrdə bəzi məmur-ideoloqların azad mediaya qarşı səlib yürüşü idi! Deyirdilər ki, “sarı mətbuat” belə gəldi, elə getdi! Bir dəfə birisinə əsəbiləşib dedik ki, müəllim, get, maraqlan, gör, dünyada “sarı mətbuat” nəyə deyilir!    

Bir ara diffamasiyayla bağlı xeyli müzakirələr oldu, artıq nəticəsini də unutmuşam. İndi, bütün hallarda, 21-ci əsrdir, daha kimisə sözə və fikrə görə təqib etmək sadəcə, ayıbdır!

Adam kimisə təhqir edibsə, qoy, üzr istəsin, məsələ bitsin! Adam bilərəkdən, ya bilməyərəkdən kimsə şər-böhtan atıbsa, qoy, təkzib versin və üzr istəsin!

Bəzən “zərərçəkmiş” insanların qəzəbini başa düşmək olmur: doğrudanmı, adamın reputasiyası o qədər kövrəkdir ki, kimsə nəsə yazmaqla tamam gözdən düşsün? Başa düşürük, xoşagələn hal deyil, amma hansısa məkrli məqsədiniz yoxsa, niyə həmin sözü yazan adamın üzr diləməsi  təkzib verməsi sizi qane etmir?

Məsələ də elə bundadır ki, bir çox hallarda bu cür qəzəbin arxasında konkret siyasi haqq-hesab dayanır. Belədəsə, bir vaxtlar nəinki müxalif siyasətçilər, hətta aparıcı jurnalistlər özləri az təhqir olunurdularmı? İnanın, vaxtında bu adamların bəzisinə qarşı elə təhqirlərə yol verilirdi ki, dünyanın heç bir yerində belə şey yoxdur! Ona görə də belə məsələlərdə dərinə getmək lazım deyil, kimsə bir sözlə, yazıyla tamam “gözdən düşəcəksə”, bunun səbəbini həm də özündə axtarmalıdır: heç nə olmasa da, cəmiyyətdə vicdanlı insanlar, ziyalılar, yazarlar, jurnalistlər həmişə tapılır və onlar həmişə haqqı müdafiə edər! Bir daha deyirik ki, məhkəmə var, bircə şərtlə ki, sizin başqa məqsədiniz yoxsa, adamın üzr istəməsi və yaxud təkzib verməsi yetər!

İndi həm obyektiv, həm də ki, subyektiv səbəblərdən jurnalistika özündən savayı nəyəsə dəsən, çevrilib. Kimin üçünsə bu, yaltaqlıq tribunası, yaxşı halda keçmişlərdə olduğu kimi, “saray xronikası”, digəri üçün “protest” alətidir! Hamı yazır! Olsun! Gözəldir! Amma biri var münasibət, mövqe, biri də var jurnalist yazısı! Fərqlı şeylərdir! Hər bir vətəndaş nəyəsə münasibət bildirə bilər, onun haqqı, hüququdur! Amma hamı həkim, mühəndis, nə bilim, qeyri kim ola bilmədiyi kimi, jurnalist də ola bilməz.

Peşəkar, tənqidi jurnalistika, etiraf edək ki, çox məhdudiyyətlər yaşayır və bütün bunlar onu geri salır, hətta oxucu üçün maraqsız edir, anormal “ifadə formalrı”na yol açır. Həm də elə bilirsiz, peşəkar media nə haqda yazmırsa, məlumat vermirsə, bunlar yazılmır, deyilmir? İnanın, daha pis, necə deyərlər, daha hiperpolizə olunmuş şəkildə edilir!

Üstəlik, insanlarımız heç bilirsinizmi, bəzən nə deyirlər? “Filan şeylər haqda hər yerdə məlumat gedir, siz necə peşəkarsınız ki, bu haqda heç nə vermirsiniz?” Nə deyəsən?..

Rusların məsəli var: yasaq olunmuş cəlbedici olar! Media ölkənin aynasıdır deyilirdi! Niyə unutduq? Üstəlik, media, jurnalistlər məhkəmə deyil, hökm vermirik. Jurnalistlər kimin haqqındasa, nəyləsə bağlı məlumat verirsə, hətta yazırsa, heç də o demək deyil ki, onun təəssübünü çəkir, yaxud da onun tərəfdarıdır!

Bütün peşələrin etik tərəfi olur: əvvəldə dediyim ki, bəzi şeylərdən yaza bilməyəndə, məlumat verə bilməyəndə bunu digər insanlar, digər olaylar haqqında edə bilmirsən, adam sanki vicdan əzabı çəkir.

Həm də bəzən bilrsiniz, adama nə deyir, irad bildirirlər? Əgər cəsarətlisənsə, obyektivsənsə, düz adamsansa, filan şeydən də yaz! Kobud alındısa, üzürlü sayın, jurnalistlərin indi çoxuna, bəlkə də hamımıza aiddir bu, sanki adam bəzən oxucuların gözündə yalnız bu qınağı oxuyur – kobud oldusa, üzürlü bilin.

İki–üç ayın söhbəti olar yəqin. Artıq fəal siyasətdən getmiş, amma çox ağıllı və savadlı insanımızla söhbət edirdim. Bir nəfər haqqında dedi ki, filankəs çox fədakar adamdır, amma həm də çox dayaz adamdır...

Niyə deyirəm? Azad media olmayanda cəmiyyətin çox sferaları qaranlığa qərq olur, heç kim, heç nə öz ampluasında görünmür: psevdo – qəhrəmanlar, psevdo-nəhənglər–filanlar yaranır! Odur, bir düşünün ki, bunun hamımızçün hansı nəticələri ola bilər? Hər bir fədakar insan gözümüzün işığıdır, canımız da qurbandır belələrinə; əlbəttə, onlar ölkə,  cəmiyyətçün həqiqətən nəsə etmək istəyirlərsə.

Amma fikirləşin: çox fədakar, amma həm də çox dayaz insanların önə çıxması yaxşı nə verər? Siyasətdə də, həyatda da hər birimiz yalnız öz intellektimizə-qabiliyyətimizə uyğun yer tutmalıyıq. Hər sıxıntı yaşayan,  məhrumiyyət görən, hətta məhbəs yaşyan adamdan heç də həmişə Mandela alınmır – heç bəlkə o insanların özlərinin də belə planları yoxdur, onlar sadəcə, bəzən hamı bu və ya digər səbəbdən susanda susa bilmirlər və bir daha deyirik ki, hətta bu fədakarlığa görə (əgər həqiqətən belədirsə) canımız onlara qurban...

Qayıdıram jurnalistlərə. 21-ci əsrdir! Demirəm, jurnalist də insandır, sabah gedib kimisə öldürə bilər, maşınla vurub əzər və yaxud da başqa cinayət törədər. Bütün bunlara qarşı onun immuniteti yox, amma normal cəmiyyətdə yazıya-pozuya görə təqib olunmamalı, hansısa məhrumiyyət yaşamamılıdır adam.

Siyasi tabular əksər halda kimsəyə fayda vermir, əksinə olur, bir növ “özfəaliyyət” başlayır, hərə bir hökmlə çıxış edir, “əfsanə”lər, “nağıllar” yaranır–bəlkə bir az bayağı səslənəcək, amma azad cəmiyyət, media bir növ, azad birja kimidir–hər şey dəyərini burada tapır! Media çəpər deyil, amma bəzən “süzgəc” ola bilir...

93-cü ilin iyun hadisələrini, Gəncə olaylarını xatırlatmaq istəyirəm. Onda bir detalı müşahidə etdim və özümçün nəticə çıxardım ki, deyəsən, həqiqətən də proses Rusiya təhlükəsizlik strukturlarının analitikləri tərəfindən çox ciddi senariləşdirılibdir. Qərəz, əvvəlcə bəzi adamları düşünülmüş şəkildə kadr raxasında saxlayırdılar. Bilirsiniz, niyə? Həmin adamların beşcə dəqiqə publika qarşısına çıxması, parlamentdə “çıxış etməsi”  belə bəs oldu ki, cəmiyyət dərhal onlardan üz çevirsin ki, aman, Allah, bunları haradan tapıb gətiriblər? Bir daha deyirəm: mümkündür ki, səhv edirəm, yanılram, amma bu, mənim şəxsi təəssüratım idi. Təkrar deyirəm, ola bilsin, səhv qənaətdir, çünki hələ də antik tarixin ən qaranlıq məqamları daha aydındır, nəinki bizm 30-40 il bundan əvvəlki tariximiz!..

Odur, işıq, aşkarlıq qaranlıqdan həmişə yaxşıdır, onlar həqiqətən ağı qaradan seçməyə imkan verir: jurnalistlərə mane olmayaq, qoy, yazsınlar, məlumatlandırsınlar, bunun xeyrindən savayı bir şeyi yox...

Chosen
55
musavat.com

1Sources