ABŞ-də milyonlarla insan müharibə əleyhinə "No Kings" ("Krallara yox") aksiyasına qoşulub.
"Cebheinfo.az" xəbəe verir ki, Donald Tramp administrasiyasına qarşı keçirilən bu aksiyalar son bir ildə üçüncü dəfə təşkil olunub.
Belə ki, aksiyalar 50 ştatda 3 mindən çox bölgəni əhatə edib. Etirazların əsas mövzuları miqrasiya siyasəti, iqtisadi çətinliklər və xarici siyasət olub.
Xüsusilə ərzaq və yanacaq qiymətlərinin artması diqqət mərkəzində yer alıb. İranda gedən müharibə və ICE əməliyyatları tez-tez tənqid olunub. Aksiyalar zamanı Fələstinə dəstək şüarları da səsləndirilib.
Dünya şöhrətli simalar da küçələrə çıxaraq etirazçılara dəstək verib. Senator və sabiq prezidentliyə namizəd Bernie Sanders çıxış edib, musiqiçi Bruce Springsteen səhnəyə çıxaraq mahnılar ifa edib. Aktyorlar Jane Fonda və Robert De Niro da etirazçılarla birlikdə yürüş ediblər.
Xatırladaq ki, ötən ilin oktyabrında keçirilən əvvəlki aksiyada 7 milyon insan iştirak etmişdi. Bu dəfə isə iştirakın daha yüksək olduğu bildirilir.
ABŞ-da yayılan etirazların ölkə tarixində ən böyük etiraz aksiyası olacağı gözlənilir.
Pensilvaniya, Texas və Aydaho kimi respublikaçıların üstünlük təşkil etdiyi ştatlarda da on minlərlə insan etirazlara qoşulub. Eyni zamanda Tokio, Paris, Berlin, Roma və Sidney də daxil olmaqla 16 ölkədə dəstək aksiyaları keçirilib.
Yalnız Minnesota ştatında keçirilən “No Kings” aksiyasında 200 min nəfər iştirak edib. Bu ştatda miqrasiya agentlərinin reydləri zamanı baş verən ölüm halları gərginliyi artırmışdı.