İsrail Livanın cənubunda bufer zona yaratmağı planlaşdırır.
“Cebheinfo.az” xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu Livandakı mövcud təhlükəsizlik zonasının daha da genişləndirilməsi barədə göstəriş verib.
Ekspertlər hesab edirlər ki, Baş nazirin qərarı İsrailin hava zərbələri və lokal əməliyyatlar taktikasından tammiqyaslı nəzarət və tampon zona yaratmaq strategiyasına keçdiyini təsdiqləyir.
Onların fikrincə, İsrailin bu planı təkcə hərbi manevr deyil, həmçinin Livanın cənubunun de-fakto İsrailin nəzarətinə keçməsi prosesinin rəsmiləşdirilməsidir.
Netanyahu bununla mesaj verir ki, İsrail ordusu Litani çayına qədər olan ərazilərdə möhkəmlənmədən və “Hizbullah”ı bu xəttin şimalına sıxışdırmadan geri çəkilməyəcək.
Təhlükəsizlik zonasının genişləndirilməsi o deməkdir ki, Beyrut və Livan dövləti öz suverenliyinin böyük bir hissəsini itirir, “Hizbullah” isə mövcudluq savaşına girməyə məcbur qalır.
Ekspertlər bir məqamı da vurğulayıblar ki, əgər İsrail bu zonada qalıcı hərbi bazalar qurarsa, bu, Livanın cənubunun uzun illər davam edəcək yeni bir münaqişə ocağına çevrilməsinə gətirib çıxaracaq.