Paşinyan revanşistləri KÜNCƏ sıxır – Rusiyaya səfərdə TƏK hədəf
Ermənistandakı 7 iyun parlament seçkiləri şəkk-şübhəsiz, əvvəlkilərə bənzəməyəcək. Ən azı ona görə ki, Qarabağda bir günlük antiterror əməliyyatından (2023) və erməni əhalinin oradan könüllü köçündən sonra seçici ilk dəfə “real Ermənistan”la (sülhlə) mifik Ermənistan (müharibə) arasında tarixi və qəti seçimini etməli olacaq.
Bu üzdən səsvermə günü yaxınlaşdıqca hakimiyyət və radikal-revanşist qüvvələr arasında əsəb müharibəsi daha amansız xarakter almaqdadır. Artıq tərəflər bir birinin ünvanına təhqiramiz və alçaldıcı ifadələr işlətməyə başlayıb. Sübut kimi, eks-prezident, Xocalı hərbi canisi Robert Köçəryanın baş nazir Nikol Paşinyanı nəzərdə tutaraq, onu “eşşək kimi anqırıb sosial şəbəkədə yüksək sayda bəyənmə sayı qazana biləcəyi” barədə sözlərini göstərmək olar. Köçəryan, həmçinin, Paşinyanı “artsaxı verməyə görə” həbslə hədələyib.
Təbii ki, erməni baş nazir də “borclu” qalmayıb. O, artıq konkret ad çəkərək, Köçəryanın layiqli cavabını verib. Onu eşşək kimi “həvəslə anqırmağa” çağırıb. Eyni zamanda, revanşistlərin hakimiyyətə qayıdışının labüd müharibəyə gətirəcəyi barədə bir daha elektoratı xəbərdarlıq edib...
Bu qəbildən kəskin söz dueli və qarşılıqlı ittihamlar aydındır ki, cəmiyyətdə daha çox rəğbət və tərəfdar qazanmağa hesablanıb. Başqa gedişlər də var. Misal üçün, srağagün İrəvan sakinləri ilə görüşdə Baş nazir Rusiyanı “dost ölkə” adlandırıb və tezliklə Moskvaya səfər edəcəyini söyləyib.
Bu, əlbəttə ki, birbaşa yaxınlaşan kritik parlament seçkiləri ilə bağlıdır. Məsələ ondadır ki, bu gün növbəti dəfə rəsmən baş nazirliyə namizəd irəli sürülən Paşinyan seçkilərdə yenidən təkbaşına hökumət qurmaq üçün yetərli sayda səs almalıdır. Bunun üçün isə onun Rusiyaya bağlı elektoratın da rəğbətini qazanmağı hədəf eləməsi təsadüfi deyil...
Məlumdur ki, Paşinyanın əsas opponentləri Moskvaya bağlıdır. Onların arasında erməni əsilli rusiyalı milyarder- oliqarx, ev dustaqlığında olan Samvel Karapetyanı xüsusi qeyd eləmək lazım gəlir. 44 günlük müharibə zamanı Rusiyadan Qarabağa qanunsuz silah-sursat göndərdiyi üçün Azərbaycanın da haqqında cinayət işi açdığı bu adam pul-para hesabına seçiciləri şirnikləndirmək imkanındadır.
Opponentlərin əsas təbliğat tezisi isə Ermənistanın varlıq və təhlükəsizliyinin guya Moskvadan asılı olması üzərində qurulub. Üstəgəl, Gümrüdəki 102 saylı hərbi baza. Üstəgəl, Rusiyadan davam edən ciddi iqtisadi və energetik asılılıq. Elə qazın qiyməti azacıq qaldırmaqla Moskva Ermənistanda ərzaq qiymətlərini qaldıra, Paşinyana seçki ərəfəsi “sürpriz” edə bilər...
Bütün bunlar hökumət başçısını maksimum ehtiyatlı hərəkət eləmək zorunda qoyur. O sırada Baş nazir Rusiyaya cürbəcür reveranslar eləməklə revanşistlərin arqumentlərini ictimai rəydə kəsərsiz hala gətirməyə, onları küncə sıxmağa çalışır. Hədəf həm də özünə qarşı terror planlarını gündəmdən çıxarmaqdır.
Yeri gəlmişkən, artıq qəsd cəhdləri başlayıb. Dünən İrəvan kilsəsində yaşanan təxribat bunun ilk xəbərçisi sayıla bilər (İnsidentə görə 3 nəfərə saxlanılıb). Bu yerdə yada salaq ki, ikinci ildir həbsdə olan keşiş Baqrat Qalsyanyan da məhz hakimiyyət çevrilişi cəhdinə görə içəri salınıb.
Erməni kilsəsi isə bəllidir ki, bineyi-qədimdən öz ilahi missiyasını unudaraq, terror yuvası kimi tanınır və daima qonşu xalqlar arasında sülhü-barışığı yox, müharibəni, düşmənçiliyi, nifrəti təbliğ edib və edir. Bu səbəbə erməni toplumunun faciələrində onun “payı” böyükdür. Təsadüfi deyil ki, Paşinyan neçə vaxtdır din çuxasına bürünən bu təxribat yuvasını və katolikos-keşişləri cəmiyyətin gözündən salmağa, onun əsl simasını açmağa səylər edir.
Tək məqsədə qarşıdakı seçkilərdə 60%-lik qələbəni təmin eləməkdir. Eyni məqsəd naminə o, mayın 9-da – İkinci Dünya Müharibəsinin növbəti ildönümündə yəqin ki, Moskvaya yenidən səfər edəcək. Seçkilərdəki qələbədən sonra isə böyük ehtimalla, köhnə ritorikasına qayıdacaq...