EN

“Yağışdan çıxıb yağmura düşə bilərik” – Ekoloqdan XƏBƏRDARLIQ

İntensiv yağan yağışlardan sonra ölkədə quraqlıq riskinin artacağı bildirilir. Bu iddialar nə dərəcədə əsaslıdır? Belə bir quraqlığın baş verməsi mümkündürmü?

Əgər bu ssenari reallaşarsa, hansı fəsadlar yarana bilər və bunun qarşısını almaq üçün necə tədbirlər görülməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ekoloq Cavid Hüseynov bildirib ki, intensiv yağışlardan dərhal sonra quraqlıq barədə xəbərdarlıqlar ilk baxışda ziddiyyətli görünsə də, əslində bu, müasir iqlim dəyişikliklərinin xarakterik bir xüsusiyyətidir.

Ekoloqun sözlərinə görə, iqlimşünaslığın qaydasına əsasən, əgər bir ayın yağıntı norması (məsələn, mart ayının norması olan 23-25 mm) cəmi 2-3 gün ərzində düşürsə, bu, təbiətdə tarazlığı pozur.

Cavid Hüseynov qeyd edib ki, bu torpağa süzülmək əvəzinə sürətlə axıb gedir, sel və daşqın yaradır. Nəticədə torpaq dərindən nəmlənmir və yağışlar kəsildiyi andan etibarən qəfil istilər düşərsə, rütubət sürətlə buxarlanır. Bu da meteoroloji quraqlığa səbəb ola bilir.

“Əgər yaz aylarında yağıntılar yalnız qısamüddətli, “ekstremal” (həddindən artıq) şəkildə düşərsə və dağlarda kifayət qədər qar ehtiyatı yığılmazsa, yayda çayların suyu kəskin azala bilər. Bu isə kənd təsərrüfatı üçün ciddi su qıtlığı deməkdir”, — deyə mütəxəssis əlavə edib.

Ekoloqun fikrincə, belə bir risk nəzəri və elmi cəhətdən mümkündür, lakin mütləq deyil. Aprel ayının necə keçəcəyi bu proqnozun taleyini həll edəcək. Ümidverici hal odur ki, aprel ayı ölkə ərazisində yağıntılı aylardan biri sayılır.
İlkin proqnozlara görə, yağıntıların miqdarının iqlim normasına yaxın, bəzi bölgələrdə isə hətta normadan bir qədər çox olacağı gözlənilir, temperaturun isə normadan 1-2°C aşağı və ya normaya yaxın olacağı ehtimal edilir.

Mütəxəssis sonda vurğulayıb ki, əgər aprel ayı mütəmadi və mülayim yağışlarla keçərsə, martdakı intensiv yağışların yaratdığı quraqlıq riski azala bilər.

Dəniz Pənahova
KONKRET.az

Chosen
19
1
konkret.az

2Sources