EN

"Gözlərimdən sanasan dəryayi-ümman ayrılır..." - Rasim Balayevin son vidası

Kulis.az Sevinc Mürvətqızınınyeniyazısını təqdim edir.

"Məhşəri-yövmül-hesab, qopdu qiyamət başımə,
Çünki, ey Yusif sifətli, piri-Kənan ayrılır..."

İzdihamdan pıçıltılar qopur:"Nəsiminin səsidir..."

Bu, yarım əsrdir Azərbaycanın ruhuna həkk olunmuş o ilahi nidanın — "Məndə sığar iki cahan...”ın müəllifiölməz Nəsimini kinoda canlandıran Xalq artisti Rasim Balayevin paytaxtın ən akademik səhnəsində son vida akkordudur.


Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görünməmiş “anşlaq” yaşanır.Teatrın içərisi də, foye də, küçə də izdihamla dolub-daşır.

Bu qələbəlik Azərbaycan kinosunun vizit kartı, Xalq artisti Rasim Balayevi son mənzilə yola salmağa toplaşıb.



Teatrın dəhlizlərində ağır sükut hökm sürür.

Bu gün Azərbaycan kinosunun bir dövrü qapanır.Bu vida həm də bir zəfər yürüşünə bənzəyir.



Rasim Balayevi son mənzilə yola salan xalq əslində öz mənəviyyatının bir parçasını - Nəsimisini, Beyrəyini, Babəkini çiyinlərində daşıyır.


Ön cərgələrdə oturan doğmaları, həmkarları, dostları ağlayır. Doğma ölümlər hər yaşda, hər mövsümdə vaxtsız-vədəsizdir...

"Ey sənəm, hicran əlində naleyi-zar eylərəm,
Gözlərimdən sanasan dəryayi-ümman ayrılır..."

Bu qədər izdihama rəğmən sayğılı bir sükut bürüyüb teatrı. İnsanlar cənazənin qoyulduğusəhnəyə gözlərini zilləyib sakitcə oturublar.

Yaddaşların dolanbaclarından, zamanın müxtəlif dilimlərindən Rasim Balayevin cisminə bürünən bir-birindən qəhrəman rollar keçib gedir...



Babəkin ürəyi dəlib keçən kəskin baxışlarından qığılcımlar saçılır:

“Zavallı, sən heç vaxt anlamadın ki, azadlıq yanğısı nə deməkdir?!. Azadlıq, istər acı olsun, istər şirin, yalnız o idi məni döyüşdən döyüşə aparan...”



Məlum dialoqun ardını özüm pıçıltıyla ürəyimdə tamamlayıram:

“Güman edirdim ki, sən də bu yolun yolçusu olacaqsan... Lakin sən anlamadın ki, bu dünyada bircə gün azad yaşamaq qırx il boyunduruq altnda sürünməkdən daha üstündür! Mən tuluqda zeytun yağı satan bir kişinin oğluydum, amma sən Babəkin oğluydun! Mənim ölümüm mənim üçün son silahdır. O silah dünyaya mərd gəlib mərd gedənlərin son silahıdır...”



Azərbaycanın “Babək”i bu gün səhnədə tamaşaçı qarşısında son dəfə və son silahıyla dayanmışdı - zamanın başqa üzündə də qədim türk qiyafəsində: “Sev(iş)diyin Bamsı Beyrək mən deyiləmmi ?” - deyərək...



"Ol səbəbdəndir ki, mən bimarü-rəncur olmuşam,
Xəstə könlüm mərhəmi, şol dərdə dərman ayrılır..."



Yaddaşın labirintindən yenə məhzun baxışlı, amma qətiyyətli Nəsimi peyda olur. Qılıncdan iti sözüylə dikilir Əmir Teymurun qarşısına: “Sənin hakimiyyətin qılınc və qorxu üstündə bərqərardır”...

Əzbərim tamamlayır yenə söhbətin ardını: “Güclü- gücsüz insan yoxdur, kamil insan var, bir də cahil... Cahilin tərzi-həyatı heyvanatın tərzi-həyatı ilə doğrudan da uyğundur. Qılınc, külli-qırğın, din, Allah xofu – hamısı hökmranlıq üçün gərəkdir sənə... Kamil insan cümlə aləmin sirrinə vaqif olacaq və heç nədən qorxmayacaq...”

Cənazə qaldırılır, BirinciFəxri xiyabana aparılır. Dirilərin izdihamından ölülərin qələbəliyinə səfər başlanır... Ölümə gediş sadəcə susub izlənəcək məqamdır, “vəsf zamanı deyil...”



Xalq artistinin son mənziliBirinci Fəxri xiyaban oldu, kinomuza ustad oyunu ilə bəxş etdiyi ölməz Nəsimi, Babək, Bamsı Beyrəkrollarının yeri isə qəlbimizdir. Cism ayrılıb gedəndir, eşq ilə yaradılan hər şey - o cümlədən də sənətkönüllərdə qalandır: “Çünki eşqin məskənidir könlümün viranəsi...”

Rasim Balayev Babək, Nəsimi, Bamsı Beyrək deyildi, onun belə bir missiyası da yox idi.

Xalq artisti Rasim Balayev bu qəhrəmanlara bizim yaddaşımızda yenidən doğulmaq, əsrlərin tozunu silib ruhumuzda yaşamaq şansı verənqüdrətli sənətkar, böyük aktyor, Azərbaycan kinosunun önəmli sütunlarından biri idi.

Onun ən böyük xidməti, missiyasıtarixin lal səhifələrində uyuyan o uca ruhlara öz səsini, öz nəfəsini, öz ağrısını vermək idi.



Rasim Balayev istedadı, şövqü, əzmi ilə öz cismini bu obrazlara məkan etdi ki, biz Babəkin dönməzliyini sevə bilək, Nəsiminin haqq nidasına inanaq, Beyrəyin eşqinə vara bilək.

Bu gün tariximizin o böyük simalarını kino vasitəsiləekranlardan bizə sevdirən, onları əlçatmaz zirvələrdən alıb qəlbimizə köçürən əzəmətli körpü, canlı əfsanə ilə cismən vidalaşdıq.


Yaddaşımızda, əzbərimizdə həmin qəhrəmanlar bu gün dipdiri dialoqları ilə hələ də obraz olaraq canlıdırsa, sağdırsa, bu, ustad sənətkar Rasim Balayevin onlara bağışladığı əbədiyyət üfüqüdür. Əbədiyyət üfüqündəki günəşin qürubu isə kədərləndirməməlidir...

Getdiyin uca məqamda ruhun şad olsun, sən missiyanı ləyaqətlə bitirdin - tariximizi bizə öz simasında sevdirən Sənətkar...

Chosen
11
1
kulis.az

2Sources