EN

“Bir ayağım qəbirdə, digəri isə...” - “Kişi sözü”nün Niyazı

Musavat.com-un növbəti həmsöhbəti kinorejissor, aktyor, ssenarist Cahangir Mehdiyevdir. Hər kəsin yaddaşında “Kişi sözü” filmindəki “Niyaz” obrazı ilə qalan rejissor son zamanlar gördüyü işlərdən və səhhətindən söz açıb.

- Cahangir bəy, necəsiniz? 

- Xəstəyəm, evdə ssenari yazıram, xatirələrimdən ibarət kitabımı çap etdirəcəyəm. Bir sözlə, yazı-pozu işləri ilə məşğulam. 75 yaşım var, qocalıq özü ilə xəstəlikləri də gətirir. Yaş amili həmişə öz təsirini göstərir.

- Kitabınızda əsasən hansı dövrünüzlə bağlı xatirələr yer alacaq?

- Öz həyatımdan yazıram. 1956-cı ildən bu günə kimi olan dövrü əhatə edəcək. Orada başıma gələn hadisələr, təhsilim, kimlərlə tanış olmuşam və kimlərdən nə öyrənmişəm və s. Məqamlar yer alacaq. Qoy gələcək nəsillər bilsin ki, belə bir Azərbaycan vətəndaşı olub, mədəniyyətə hansı töhfəsi olub. Bu dünyada qonağıq, özümüzən sonra ortalığa yaradıcı iş qoymalıyıq.

- Uzun müddətdir ki, bu kitabın üzərində işləyirsiniz, bitirmək fikriniz yoxdur?

- Mən tələsmirəm, çünki 10 deyil, bir kitab yazıram. Çalışıram ki, orada hər şeyi əhatə edim. Vaxt şərti anlayışdır, məzmun isə əbədi qalacaq.

- “Kişi sözü” filminin ikinci hissəsinin ssenarisi üzərində işlədiyinizi demişdiniz. Bununla bağlı işlər nə yerdədir?

- Paralel olaraq onun üzərində də işləyirəm. Amma əsas kitabdır. Çünki mənim iki arzum var. Onlardan biri bu kitabı çap etdirməkdir.

- Bəs digər arzunuz?

- Açıqlamayacağım bir arzudur.

- Yəqin ki, Xalq artisti adının alınması ilə bağlı arzudur...

- Yox, mən 25 ildir ki, Əməkdar incəsənət xadimiyəm. Bu mənim üçün daha dəyərlidir, nəinki Xalq artisti adı. 25 il dedilər ki, gəl, Xalq arstisti adı verək, ancaq mən istəmirdim. Mənim əsas arzum, məqsədim haqqında isə demək istəmirəm. Bu, artıq qismətdən artıqdır.

- 2011-ci ildən Milli Olimpiya Komitəsində çəkiliş qrupunun rəhbəri kimi çalışırsınız. Bununla bağlı işlər nə yerdədir?

- Mənim sonuncu filmim Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsindəki fəaliyyəti ilə bağlı olub. Yubiley filmi idi. İndi də kənardan nə məsləhət lazım olursa, könüllü kimi verirəm. Çalışıram ki, gənclərə dəstək olum. Mən təkcə bədii filmlər çəkməmişəm, tanınmış şəxslər haqqında televiziya filmləri də hazırlamışam. Bacardığım qədər kömək edirəm. Əgər biz etməsək, miras qoya bilmərik.

- Həm də Əməkdar məşqçi olmusunuz. İdmanla aranız necədir?

- Çalışıram ki, xəstə də olsam, sadə idman hərəkətləri edim. Vaxtı ilə çoxlu tələbələr hazırlamışam, onların hamısı böyük vəzifələrdədir. Hazırda səhhətim ağır idmana imkan vermir, evdə sadə hərəkətlərlə kifayətlənirəm.

- Oğlunuz Elnur Mehdiyev də rejissordur. Ona hansı dəstəyi verirsiniz?

- O mənim sonuncu tələbəmdir. Onu “Kişi sözü” filminə də çəkmişəm. Moskvada oğlumu öz müəllimimlə tanış etmişdim, arzu edirdim ki, o da müəllimimin tələbəsi olsun. Amma qismət olmadı. Uşaqlıqdan imkan daxilində öz sənətimin sirlərini ona öyrətmişəm. “Hacı Qara” filmində mənimlə birgə Elnur quruluşçu rejissor kimi işlədi. Həm də baş rolun ifaçısı idi.

- Əvvəlki yaradıcılıq mühiti üçün darıxırsınızmı?

- O vaxtlar mən ürəklə çəkirdim, çəkilirdim. İşimizə canımızı fəda edirdik. İndi isə məndə o ürək yoxdur. Yəqin ki, yaşla bağlıdır. Artıq gənclik dövrümdəki emosiyalar yoxdur. Gərək güclü, sağlam olasan ki, film çəkə biləsən. İndi bir ayağım qəbirdə, digər ayağım isə həyatdadır. Bu prinsiplə yaşayıram.

- İndiki zəmanədə kişi sözü rol oynayırmı?

- Əlbəttə. Sözünün sahibi olmaq böyük şeydir. Prezident hər dəfə deyir ki, sözümüz imzamızdır. Bu, kişi sözü deməkdir. Bütün prezidentlər ona oxşasaydı, nə dərd var idi ki. Mən onu müdrik prezident hesab edirəm.

niyaz

niyaz


Şahanə Rəhimli
Musavat.com

Chosen
17
musavat.com

1Sources