EN

Tarixi rekordun kölgəsində görünən ACI REALLIQ

Gözləriniz və gözlərimiz aydın, Azərbaycan millisi tarixinin ən böyük hesablı qələbəsini qazandı.

FİFA-nın reytinq cədvəlində 167-ci pillədə qərarlaşan, tarixində ilk dəfə Avropa təmsilçisi ilə üzləşən, ən bərkgedən futbolçusu Yamayka çempionatında oynayan, heyətinin az qala yarısı 18-21 yaşlı gənclərdən qurulan, 90 dəqiqə müdafiə olunmaq barədə düşünən Sent-Lüsiya ilə matçda.

Hakim final fitini səsləndirəndə, tabloda 6:1 yazılmışdı. Halbuki millimizin hesabındakı qolların sayı ikirəqəmli olmalıydı.

Əks-hücumlarımız zamanı yersiz top itkiləri, qapı qarşısına edilən yer və hava ötürmələrinda qeyri-dəqiqlik, son ötürmələrdəki gecikmələr, cərimə meydançası daxilində “dişli” görünə bilməmək – yığmanın ifasında gördüyümüz bu və digər çatışmazlıqlar ortaya çox-çox ciddi suallar çıxardı.

Bəli, Sent-Lüsiyanı darmadağın etmək planı baş tutdu. Ancaq bu, heç bir halda millinin formasının pikində olmasının, yaxud kifayət qədər artırmasının göstəricisi deyil. Sadəcə rəqib imkan verən qədər oynadılar. Bəlkə də ondan da zəif.

Lixtenşteyn üzərində 4:0, San Marino ilə dueldə 5:1 hesablı qələbələr bundan sonra Sent-Lüsiyanın timsalında kölgədə qalacaq.

Lakin bu qələbə heç bir halda Azərbaycan millisinin şərəfini qoruyan futbolçuların ustalıq keyfiyyətlərinin aşağı olmasını, müdafiə və hücum planında ciddi çətinliklər yaşamasını, kollektiv futbol nümayiş etdirmək baxımından əziyyət çəkməsini öz kölgəsinin altında gizlədə bilməz.

Syerra-Leone seçməsi ilə oyun bizimkilərin əsl vəziyyətini, səviyyəsini göstərəcək. Afrika təmsilçisi Sent-Lüsiyanın tayı deyil. Heyətində “Vest Bromviç”, “Hannover 96”, “Nitsa”, “Midtülland” kimi klubların futbolçuları top qovur.

Ayxan Abbasovun başında dayandığı kollektiv payızdakı Litvayla vacib matçda Sent-Lüsiya ilə qarşılaşmadakı kimi oynasa, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın həmyerliləri başımıza oyun açacaq.

C Liqasına qayıtmaq üçün futbol oynamaq lazım gələcək, 5-ci dərəcəli ada komandasının qapısını “aşsüzən”ə çevirmək yox.

Bu isə hələ ki, mümkünsüz görünür.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
18
sportinfo.az

1Sources