EN

Hörmüzdə baş verənlər Azərbaycan və Türkiyəyə BELƏ TƏSİR EDƏCƏK – YENİ DETALLAR

İranın Hörmüz boğazından keçən gəmilərdən rüsum tələb etməsi ilə bağlı müzakirələr qlobal ticarət və enerji bazarlarında yeni riskləri gündəmə gətirib. Dünyanın ən mühüm enerji nəqli marşrutlarından biri hesab olunan bu boğazda yaranan istənilən gərginlik neft qiymətlərindən tutmuş logistika xərclərinə qədər geniş zəncirvari təsirlər yaradır. Bu isə xüsusilə idxaldan asılı ölkələr üçün əlavə inflyasiya təzyiqləri deməkdir. Bəs İranın bu addımı Azərbaycan daxil olmaqla region ölkələrində məhsul qiymətlərinin artmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, ümumilikdə boğazda yaranan hər hansı gərginlik dünya bazarında enerji qiymətlərinə birbaşa təsir göstərir:

Razi

“Artıq bu proses qlobal iqtisadiyyatda resessiya meyillərini gücləndirib. Enerji qiymətlərinin bahalaşması, logistika xərclərinin artması xüsusilə Asiya ölkələrinin, o cümlədən Hindistan kimi iri iqtisadiyyatların ticarətinə ciddi təsir edir. Bu isə ümumilikdə dünya iqtisadiyyatında geriləmə və inflyasiya təzyiqlərinin artması ilə nəticələnir”.

Onun sözlərinə görə, Asiya ilə Avropa arasında ticarət əlaqələri də bu gərginlikdən zərər görür:

“Yük daşımalarının ləngiməsi və əlavə xərclər məhsulların bahalaşmasına gətirib çıxarır. Əgər gələcəkdə gəmilərin hərəkəti üçün sabit rüsum tətbiq olunarsa, bu artıq daimi xərclərə çevriləcək və qlobal iqtisadiyyatda uzunmüddətli qiymət artımına səbəb olacaq.
Hazırkı vəziyyət daha çox müvəqqəti hərbi-siyasi gərginlik xarakteri daşıyır. Lakin rüsumların qalıcı olması halında təsirlər daha geniş miqyas alacaq”.
Azərbaycana təsirlərə gəlincə, iqtisadçı hesab edir ki, birbaşa risklər məhduddur:

“Azərbaycanın neft və qaz ixrac marşrutları fərqli istiqamətlərdədir və Hörmüz boğazı ilə birbaşa bağlı deyil. Eyni zamanda bu marşrutdan istifadə edən ölkələrlə ticarət dövriyyəmiz geniş deyil.
Bununla belə, dolayısı təsirlər qaçılmaz hesab olunur. Qlobal bahalaşma xüsusilə Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyə üzərindən hiss edilə bilər. Türkiyədə xərclərin artması Azərbaycana idxal olunan məhsulların da bahalaşmasına gətirib çıxara bilər. Yəni təsir birbaşa deyil, dolayı kanallar vasitəsilə özünü göstərəcək”.
İqtisadçı əlavə edib ki, hazırda dünya bazarında neft qiymətlərinin yüksək olması Azərbaycanın gəlirlərini artırır və mövcud risklərin qismən kompensasiyası üçün imkan yaradır. Lakin Hörmüz boğazında rüsumların daimi xarakter alacağı təqdirdə, qlobal iqtisadiyyatda olduğu kimi Azərbaycanda da mənfi təsirlərin hiss olunacağı istisna edilmir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
17
1
konkret.az

2Sources