Amma burada başqa bir şey haqqında danışmaq istəyirəm! Təəssüf ki, Türkiyədə Rasim Balayevi tanıyan və qeyd etdiyim filmləri izləyən insanların sayı demək olar ki, yox deyiləcək qədər azdır. Amma hər kəs bir avropalı və ya amerikalı sənətçini öz ana-atasından daha yaxşı tanıyır. Son yüz ildə bir milləti dəyişdirmək üçün ən yaxşı vasitə kinolardır. Və biz türklər həmin o filmlərdə kompleksli, əzik və təqlidçi bir həyat yaşayırıq. Buna mental işğal və mədəni aşınma deyilir. Başqa sözlə, onlar bizi o qədər məhv ediblər ki, başqasının köpəyini öz qurdumuzdan daha üstün hesab edirik. Türk dünyasının birliyinə gedən yol haqqında bir çox şüarlar səsləndirsək də, Rasim Balayev kimi bir ustadın ölkəmizdə tanınma və anılma səviyyəsi bizim Türk dünyası birliyinin özətidir.
Türk Dünyasının birliyi əslində sənət sahəsində birlikdən irəli gəlir. Bir-birinin şeirini, rəssamını və sənətkarını tanımayan türklər arasında necə birlik ola bilər? Rasim Balayev ölüncə, Nəsimi yenidən öldü, Babək yenidən öldü... Ey türk! Yenidən dirilmək istəyirsənsə, qardaş şeirini və romanını oxu, qardaş filminə bax. Yoxsa Füzuli var ikən, Şekspir pərəstişkarı olarsan... Leyla və Məcnunun sevgisi var ikən Romeo və Cülyetta ardınca qaçarsan. Üzeyir Hacıbəyov var ikən, Motsarta heyranlıq duyarsan.
Rasim Balayevə Allahdan rəhmət diləyirəm. Nəsimiyə qonşu olar, İnşallah. Bəli, Nəsimi bir daha öldü və əslində, sənət damarlarımızdan biri də kəsildi.
Dünya Türkiyat Dərnəyinin sədr müavini, jurnalist və yazar Selçuk Düzgün
Tərcümə etdi: Gülnar Səlimova