EN

Azərbaycanda internetin səviyyəsi artırılıb Mütəxəssisdən AÇIQLAMA

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rəqəmsal texnologiyaların sürətli inkişafı həm iqtisadiyyata, həm də gündəlik həyatımıza təsir göstərir. Xüsusilə internetin keyfiyyəti, rəqəmsal xidmətlərin genişlənməsi və süni intellektin tətbiqi artıq təkcə texnologiya sahəsinin deyil, əmək bazarının və biznes mühitinin də əsas istiqamətlərindən birinə çevrilib. Bəs görəsən Azərbaycanda internetin vəziyyəti qənaətbəxşdirmi? İKT-nin inkişafı əmək bazarına və yeni peşələrin yaranmasına necə təsir edir?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü, İT üzrə mütəxəssis Fərid Kazımov Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycanda internetin surəti dəfələrlə artırılıb, bu sahədəki xidmət səviyyəsi yuxarıdır:

“Bəzi yerlərdə, ucqar ərazilərdə mobil internetin surətində zəiflik olsa da, ümumi mənada ölkə üzrə vəziyyətin yaxşı olduğunu söyləyə bilərik. Əlbəttə, istifadəçilər tərəfindən internetlə bağlı bəzi şikayətlər səsləndirilir. Onlar bildirirlər ki, biz 100 meqabit internet alırıq, amma surəti daha aşağıdır. Lakin qaydalara görə verilən xidmətin səviyyəsi göstərilən rəqəmin 30%-dən aşağı olmamalıdır. Yəni 100 meqabit minimal rəqəmdirsə, provayderlər 70 meqabit saniyədən aşağı internet verilməməlidirlər. Amma bəzi hallarda təqsirkar provayderlər yox, sifarişçilər olur. Belə ki, onlar ya böyük mənzillərə zəif modemlər qoyurlar, ya da köhnə nəsil (4-5) modemlərdən istifadə edirlər. Köhnə modemləri 6-cı nəsillə dəyişdikdə surətin həddindən çox artdığını müşahidə etmək olur. Həmçinin daş evlərdə, qalın betonlu divarlardan internetin keçiriciliyini surətləndirmək üçün mənzilə gücləndiricilər qoyulmalıdır”.

F.Kazımov qeyd edib ki, Azərbaycanda rəqəmsal hökumət (mygov) Böyük Britaniya modelinə əsaslanır və müasir tələblərə cavab verir:

“Tətbiq olunan strategiya onu iddiaya etməyimizə əsas verir ki, yaxın illərdə bu istiqamətdə lider ölkələrdən biri olacağıq. 2025-ci ildən bəri bəzi üçüncü dünya ölkələrinin nümayəndələri Azərbaycana səfərləri zamanı buradakı modelin öz ölkələrində tətbiqi üçün danışıqlar aparıblar. Azərbaycanda xidmətlərin rəqəmsallaşması nəticəsində “ASAN” Xidmətdən istifadəni də minimuma endirə bilərik. Çünki artıq xidmətlərin bir çoxu rəqəmsallaşır. Fiziki olaraq harasa getmək, sənəd almaq məsələlərinə tələbat aşağı səviyyəyə enir.

İdarəetmədə rəqəmsal texnologiyaların, süni intellektin tətbiqi məsələsində də böyük irəliləyişlər var. Lakin zəif tərəflərimizi də deməliyik. Rəqəmsal texnologiya yalnız elektron hökumət və dövlətin rəqəmsal texnologiyalarla idarəedilməsi deyil, o, həmçinin iqtisadiyyatdır. Bu sahədə bizim bir qədər geriləməmiz var, hələ də rəqəmsal iqtisadiyyat normal qurulmayıb. Sevindirici tərəfi odur ki, bu istiqamətdə müəyyən addımlar atılıb: “Rəqəmsal İqtisadiyyat Strategiyası” və “Rəqəmsal Texnologiyalar Strategiyası”nın qəbulu Azərbaycanda rəqəmsal texnologiyanın tətbiqinin sistemli olaraq həyata keçirilməsini və sinergetik effekt almağımıza, iddialı olmağımıza dəlalət edir.

Rəqəmsal iqtisadiyyat təkcə hansısa restoranın, hansısa müəssisənin rəqəmsal idarə olunması deyil, həmçinin rəqəmsal mühitdə bizneslərin yaradılması, inkişafı məsələsidir. Ən aparıcı ölkələrin - ABŞ-nin rəqəmsal texnologiyalarından danışanda onların hansısa zavodu rəqəmsallaşdırdıqlarından yox, Feysbuklarından, İnstaqramlarından, Yütublarından bəhs edirik. Yütubun qiymətləndirilməsi 500 milyard dollardır, onlar çox böyük rəqəmlərdir və rəqəmsal iqtisadiyyat deyəndə də, bunları, internet üzərindən xidmətləri nəzərə almalıyıq. Meta şirkəti Metaməkanın yaradılmasına 45 milyard dollar pul xərcləyib. Belə xidmətlərə köklənməliyik. Düzdür, Azərbaycanın coğrafi, əhali və ümumi məhdudiyyətləri var, amma onlar bizə unikal şans verir ki, biz rəqəmsal məhsullar, bizneslər yaradaraq, təkcə ölkə daxilində deyil, qlobal məkanda da inkişafımızı təmin edək.

İllər əvvəl İsraildə “biz startaplar yaradan ölkəyik”, - deyə şüar səsləndi. Doğrudan da ölkədə külli miqdarda həllər yaradıldı. Davamlı inkişafı görüb, daha çox məhsullar hazırladılar. Hazırda İsrailin rəqəmsal məhsullardan 50 milyard dollardan artıq ixracları var. Azərbaycanın da bu modeldən istifadə etməsi məqsədəuyğundur. Çünki başa düşməliyik ki, ABŞ ilə müqayisə edə bilməsək də, İsrailin modelini reallaşdıra bilərik.

Rəqəmsal məhsullar baxımından Azərbaycanda da son illərdə bir çox məhsul hazırlanıb, onların ixracı təxminən 200 milyon dollardır və 30-dan artıq ölkəyə ixrac edilir. Hesab edirəm ki, bu rəqəm bizim potensialımızı tam əks etdirmir. İddia edirəm ki, yaxın 4-5 il ərzində ixracdan əldə olunan gəlirimiz 1 milyard dollara çata bilər. Amma bu iddiaları reallaşdırmaq üçün ya mövcud məhsulları inkişaf etdirməliyik, ya da yeni məhsullar yaratmalıyıq”.

Mütəxəssis qeyd etdi ki, süni intellekt bir çox peşələri insanlardan alır:

“Süni intellektin əmək bazarına təsir etməsi məsələsi sual altındadır. Bu, çox böyük problemdir. Bir neçə sahələr var ki, yaxın illərdə onların tamamilə transformasiya olacağını görəcəyik. O sahələrdə daha insanların istifadəsi minimuma enəcək. Məsələn insan resursları (HR) sahəsində uzun müddətdir ki, süni intellekt (AI) istifadə olunur. Hətta bəzi faktlar var ki, süni intellekt çalışanların işə faydallıq əmsalının az olduğunu tapıb, onu işdən kənarlaşdırır.

İşəgötürmədə bu, qlobal trendə çevirilib. İşə düzəlmək istəyən insanlar CV-ləri süni intellektin alqoritminə uyğun hazırlayır. Buradan da yeni bizneslər yaranır, süni intellektin alqoritminə uyğun ödənişli CV hazırlayanların sayı artır.

Bundan başqa hüquqşünaslıq və proqramlaşdırma sahəsinə də süni intellekt təzahür edəcək. Hamı hesab edirdi ki, proqramlaşdırma ən yaxşı sahə idi, onun üçün müxtəlif universitetlərdə oxumağa dəyər. Amma indi görünən odur ki, bu uğur hekayəsi bitmək üzrədir. Təəssüf ki, hətta ABŞ-də belə, informasiya texnologiyaları sahəsində təhsil alanların sayı 0,1 faiz aşağı düşüb. Bunun səbəbi də süni intellektin proqramçıların işini əlindən almasıdır. "Microsoft"da 10 min əməkdaş işdən kənarlaşdırılıb. Proqramçının yazdığı kodları süni intellekt saniyələr ərzində yazır və yüksək pul tələb etmir.

Bəzi proqnozlarda deyilir ki, yaxın gələcəkdə 3 işçi birləşərək (yalnız texniki direktor, məhsul üzrə direktor və şirkətin baş meneceri)  startap yaradacaq və bütün işləri süni intellektlə həll edəcəklər. Bu o deməkdir ki, süni intellektin əmək bazarına təsiri çox böyük olacaq.

Böyük şirkətlərdəki çağrı mərkəzləri də tamamilə süni intellekə həvalə edilib. Hazırda elə bir qeyri-müəyyənlik mövcuddur ki, hansı sahələrə süni intellektin təsir edib, etməyəcəyini dəqiq deyə bilmirik”.

Yazı Medianın İnkişafı Agentliyinin “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi mövzusunda dərc edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
lent.az

1Sources