EN

Vüqar Rəhimzadə: 31 Mart soyqırımı bəşər tarixinin ən qanlı faciələrindəndir

Bakı, 31 mart, AZƏRTAC

1998-ci ildən başlayaraq hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı cinayətləri qurbanlarının xatirəsini anmaq məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Bu Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Ulu Öndər Heydər Əliyev sənədin icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı 30 mart 1999-cu ildə Tədbirlər Planını təsdiq etdi.

1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğın öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Sovetinin qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma torpaqlarından didərgin salmışlar.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən məqamları üzə çıxır. Araşdırmalar nəticəsində təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Şamaxıda baş vermiş hadisələrlə əlaqədar ilkin mənbələrin böyük hissəsi Sovet dövründə cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən, Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-nın erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Yerli tədqiqatçılar tərəfindən də Şamaxı hadisələri ilə bağlı müvafiq araşdırmalar aparılıb. Yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar əsasında müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetiriblər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev yandırılıb.

Millət vəkili bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev azərbaycanlılara qarşı törədilən qanlı cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha geniş və dolğun şəkildə çatdırılması məqsədilə 2018-ci ildə, Mart soyqırımının 100 illiyi ərəfəsində Sərəncam imzaladı. Bu məqsədlə xüsusi Tədbirlər Planı hazırlanaraq həyata keçirildi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində burada kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdikləri soyqırımının qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 2009-cu ildə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına dair Sərəncam imzaladı.

Vüqar Rəhimzadə vurğulayıb ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ildə 44 günlük Vətən müharibəsində, həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirlərində qətiyyətlə verildi. Soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi, ədalət Zəfər çaldı.

Chosen
14
9
azertag.az

10Sources