EN

İran Dubay və Şarjanı VURDU: Küveyt tankerinə hücum, neft kəskin bahalaşdı

Yaxın Şərqdə gərginliyin artması fonunda İranın BƏƏ-yə qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlar dünya bazarlarında ciddi təlatümə səbəb olub.

Musavat.com xəbər verir ki, Küveytə məxsus neft tankerinə edilən hücum xəbərindən sonra ABŞ-da xam neftin qiyməti 3 dollardan çox bahalaşıb.

"Kuwait Petroleum Corporation" şirkətinin yaydığı məlumata görə, İran qüvvələri Dubay limanında Küveyt tankerini hədəf alıb.

Böyük Britaniyanın dəniz ticarət əməliyyatları idarəsi (UKMTO) zərbə nəticəsində Dubay sahillərində gəmidə yanğının başladığını təsdiqləyib. İlkin məlumatlara görə, heyət üzvləri arasında xəsarət alan olmayıb.

"Haqqin.az"ın Dubaydakı mənbələrinin verdiyi məlumata görə, söhbət Küveyt bayrağı altında üzən, 2 milyon barelə qədər neft daşıma qabiliyyətinə malik "AL Salmi" adlı nəhəng VLCC tankerindən gedir.

Paralel olaraq, Şarja əmirliyinin rəsmiləri bir PUA-nın telekommunikasiya operatoru "Thuraya Telecom"un ofisinə çırpıldığını bildiriblər. Qeyd olunur ki, bu operatorun xidmətlərindən BƏƏ limanlarındakı gəmi heyətləri aktiv istifadə edir.

Eyni zamanda, İran İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə bilinən "Sabeeren News" nəşri Dubayda ABŞ hərbçilərinin yerləşdiyi bazaya da hücum edildiyini iddia edir. Xatırladaq ki, vurulan VLCC tipli tankerlər (200.000-300.000 ton tutumu olan böyük xam neft tankeri) dünyada cəmi 897 ədəddir və onların sıradan çıxarılması qlobal enerji daşımalarında ciddi axsamalara yol açır.

Musavat.com

Chosen
22
3
musavat.com

4Sources