EN

Avropa və Yaxın Şərqin etibarlı enerji təminatçısı



Günümüzdə enerji təhlükəsizliyi milli təhlükəsizlikdə əsas amillərdən birinı çevrilib və hər bir dövlətdə mühüm strategi xətt olaraq müəyyən edilib. Hazırda enerji resurslarına çıxış, alternativ enerji mənbələrinin müəyyən edilməsi, enerji mənbələrinin şaxələndirilməsi, zəngin enerji resurslarına malik olan ölkələrlə bu sahədə əməkdaşlığı inkişaf etdirmək ölkələr üçün əsas prioritetdir. Bu sırada Azərbaycanın xüsusi çəkisi və payı var. Ölkəmizin həm əlverişli coğrafi mövqedə yerləşməsi, həm də zəngin enerji ehtiyatlarına malik olması Bakıya marağı getdikcə artırmaqdadır. Artıq təkcə Avropa deyil, eləcə də Yaxın Şərqin, Mərkəzi Asiyanın enerji təminatı və enerji mənbələrinin təhlükəsiz tranzitində Azərbaycan mühüm rol oynayır ki, bu da ölkəmizə olan marağın artmasını şərtlləndirən başlıca amillərdəndir. Bir sözlə Azərbaycan regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında həm mühüm ölkə, həm də etibarlı tərəfdaş rolunu oynayır.

Bir müddət əvvəl Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları da bunu bir daha təsdiq etdi. Azərbaycana və onun zəngin enerji resurslarına, Bakının iştirakı və birbaşa təşəbbüsü ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrinə marağın artması həm sözügedən toplantının iştirakçı sayının əhəmiyyətli dinamikası, həm də orada səslənən fikirlərlə təsdiqini tapdı.

Məlumat üçün qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, eləcə də 49 enerji şirkəti iştirak edirdi. Keçən il keçirilən 11-ci iclasda isə iştirakçı sayı Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətindən ibarət idi. Bu faktın özü Azərbaycanın enerji təhlükəsizliyində zəmanətçi rolunu və bur ola olan marağı ən aydın şəkildə nümayiş etdirir.

Artıq danılmaz bir faktdır ki, bu gün Avropa üçün Azərbaycan etibarlı, siyasi risklərdən uzaq və müqavilə öhdəliklərinə sadiq tərəfdaşdır. Müşahidə edilən müsbət tendensiyalardan biri ondan ibarətdir ki, Avropa Azərbaycana maraq göstərdiyi qədər, Azərbaycan da öz növbəsində Avropaya marağı artıraraq bu qitənin enerji bazarlarında mövcudluğunu genişləndirməyi qarşıya məqsəd qoyub və bu məqsədə nail olur. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı bu məqama xüsusi olaraq diqqət çəkdi. Dövlət başçısı bildiridi ki, biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Bununla da Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Dövlət başçısı onu da diqqətə çatdırdı ki, qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur.

Azərbaycan təkcə Avropa deyil, Yaxın Şərqin də etibarlı enerji təminatçısı rolunu oynayır. Azərbaycan qazının Suriyaya tədarükü bunun təsdiqidir. Dövlət başçısının dediyi kimi Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik.

Azərbaycan təkcə enerji istehsalçısı və satıcısı deyil, həm də mühüm tranzit ölkədir. Ölkəmizin əlverişli coğrafi mövqeyi Şərqlə Qərb arasında enerji və nəqliyyat körpüsü rolunu gücləndirir. Bakının iştirakı ilə həyata Enerji layihələri regionda iqtisadi əməkdaşlığın genişlənməsinə, sabitliyin möhkəmlənməsinə və etibarlı enerji təıminatına yol açır. Prezident İlham Əliyevin dediyi kimi Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır:
“Biz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Biz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik”.

Günümüzdə qlobal miqyasda alternativ enerji mənbələrinin müəyyən edilməsi, “yaşıl enerji”yə keçid əsas prioritet olduğundan Azərbaycan da bu sahəni xüsusi diqqətdə saxlayır, hətta bu istiqamətdə konkret addımlar atır. Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət ayırmasının göstəricisidir ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları “yaşıl enerji zonası” elan edilib, günəş və külək enerjisi layihələrinin reallaşdırılması ölkənin enerji strategiyasında əsas prioritetlərdən birinə çevrilib. Bu birmənalıdır ki, bərpa olunan enerji layihələri həm daxili tələbatın ödənilməsinə, həm də gələcəkdə “yaşıl enerji” ixracı imkanlarının formalaşmasına imkan yaradır ki, bu amil də öz-özlüyündə Azərbaycanın enerji təhlükəsizliyində zəmanətçi rolunu daha cəlbedici və etibarlı etmiş olur. Prezident İlham Əliyev də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı bu məsələyə xüsusi diqqət çəkərək həm də bu istiqamətdə bir “yol xəritəsi” təqdim etmiş oldu. yönəlik mesaj vermiş oldu:

“Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Yeri gəlmişkən, burada Xəzər dənizinin ildən-ilə dayazlaşdığını görə bilərsiniz. Lakin, eyni zamanda, biz bu məsələyə ideologiya nöqteyi-nəzərindən deyil, praqmatizm, realizm nöqteyi-nəzərindən yanaşmalıyıq. Beləliklə, qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, - ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, - hesab edirəm ki, iş məhz belə aparılmalıdır. Hidroenerji, Günəş enerjisi, külək enerjisi, potensial olaraq termal enerji, - biz hazırda bu məsələni araşdırırıq, - qaz və bütün mümkün kombinasiyalar nəzərdən keçirilir və işin məhz belə aparılması zəruridir. Müzakirə etdiyimiz məsələyə qayıdaraq qeyd edim ki, hətta COP29 çərçivəsində - bu iqlim konfransına ev sahibliyi etdiyimiz zaman da bildirmişdim, baxmayaraq ki, o dövrdəki tendensiya ilə tam uyğun olmadığını anlayırdım, faydalı qazıntı yanacaq növlərini nəzərə almamaq mümkün deyil. Əgər siz qazıntı yanacağını nəzərə almırsınızsa, bu o deməkdir ki, siz xəyallarla yaşayırsınız”.
Beləliklə, Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli layihələr, Azərbaycanın həm Avropa İttifaqı ilə əlaqələrini inkişaf etdirir, ölkəmizin enerji resurslarına marağı artırır, həm də Azərbaycanın bu sahədə rolunu daha da möhkəmləndirir.

Süleyman İsmayılbəyli
Chosen
11
1
newscenter.az

2Sources