EN

BMT Baş katibinin müavini: İnkişaf etməkdə olan ölkələr əlverişli maliyyə mənbələrindən məhrum olur

Bakı, 31 mart, AZƏRTAC

BMT-nin bazar ertəsi günü verdiyi məlumata görə, inkişaf etməkdə olan ölkələr davamlı inkişaf üçün çox ehtiyac duyduqları əlverişli maliyyələşdirmədən məhrum edilirlər, suveren kredit reytinqləri tez-tez riskləri şişirdir və uzunmüddətli iqtisadi potensialı nəzərə almır.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, kredit reytinqi borcalanın, məsələn, hökumətin borcunu vaxtında və tam şəkildə ödəmə ehtimalının qiymətləndirilməsidir. Suveren dövlətlər üçün reytinqlər ölkələrin beynəlxalq bazarlarda borc almaq üçün nə qədər pul ödəməsinə təsir göstərir: reytinq nə qədər aşağı olarsa, risk bir o qədər yüksəkdir və adətən, faiz xərcləri də bir o qədər yüksək olur.

“Mövcud sistem çox vaxt köhnəlmiş və natamam məlumatlara əsaslanır və ölkələri qlobal kapital bazarlarında ədalətsiz şəkildə cəzalandırır”, -deyə BMT Baş katibinin müavini Əminə Məhəmməd bu təşkilatın İqtisadi və Sosial Şurasının (ECOSOC) kredit reytinqləri üzrə xüsusi iclasının açılışında Antonio Quterreşin adından çıxış edərək bildirib. O əlavə edib: “Adekvat və vaxtında maliyyələşdirmə davamlı inkişafı hərəkətə gətirən yanacaq rolunu oynayır. Bu gün həmin yanacağın təhlükəli dərəcədə aşağı düşdüyünü və daha bahalı olduğunu görürük”.

Ə. Məhəmməd inkişaf etməkdə olan ölkələrdə illik borc xidməti xərclərinin təxminən 1,4 trilyon dollar olduğunu qeyd edib və vurğulayıb ki, belə bir şəraitdə 3,4 milyarddan çox insan səhiyyə və ya təhsilə nisbətən borc faiz ödənişlərinə daha çox pul xərcləyən ölkələrdə yaşayır.

Baş katibin müavini əlavə edib ki, qlobal qeyri-sabitlik böhranı dərinləşdirir. Münaqişə və iqtisadi dəyişkənliklə əlaqəli artan yanacaq və xammal qiymətləri maliyyə təzyiqlərini artırır və artımı yavaşladır, iqlim dəyişikliyinə həssas ölkələr isə əlverişli bərpa maliyyələşdirməsinə çıxış əldə etmədən fəlakət itkiləri ilə üzləşməyə davam edirlər.

Ə. Məhəmməd, həmçinin kredit reytinqləri müzakirəsini qlobal borc arxitekturasını islahat etmək üçün daha geniş səylərlə əlaqələndirib və diqqəti inkişaf etməkdə olan ölkələrə borc müzakirələrində daha güclü səs verməyə yönəlmiş yeni addımlara çəkib. Bunlara borcalanların platforması, məsuliyyətli suveren borclanma və kreditləşmə prinsipləri üzərində iş və borclu və kreditor ölkələri, özəl kreditorları, beynəlxalq maliyyə institutlarını, akademikləri və vətəndaş cəmiyyətini bir araya gətirən BMT-nin rəhbərliyi altında proses daxildir. O, həmçinin planlaşdırılan Afrika Kredit Reytinq Agentliyini məlumatların, şəffaflığın və risk qiymətləndirməsinin təkmilləşdirilməsi səylərinə nümunə göstərib.

BMT rəsmisi reytinqlərin tərtib edilməsində böyük dəyişikliyə çağırıb və qiymətləndirmələrin yalnız zəifliyi deyil, həm də fürsəti nəzərə almalı olduğunu iddia edib. “Biz düşüncə tərzini manipulyasiyadan uzunmüddətli investisiyaya çevirməliyik”, -deyən Ə. Məhəmməd ölkələrin real perspektivlərini daha yaxşı əks etdirən geniş, şəffaf və gələcəyə yönəlmiş metodologiyaların həyata keçirilməsinə çağırıb. O, inkişaf üçün əlverişli borclanmanın ölkənin gələcək ödəmə qabiliyyətini gücləndirə biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, səhiyyə, təhsil, infrastruktura, iqlim dəyişikliyinə davamlılığa və bərpaolunan enerjiyə investisiya qoyuluşu zamanla rifah yarada, riskləri azalda və iqtisadi sabitliyi yaxşılaşdıra bilər. Baş katibin müavini hökumətlərdən, investorlardan və reytinq təminatçılarından dəqiq məlumatlar və ədalətli metodologiyalarla yanaşı, daha böyük hesabatlılığa çağırıb. “Kredit reytinqlərini maneələrdən uzunmüddətli maliyyələşdirməyə və davamlı inkişafa töhfə verənlərə çevirməyin vaxtıdır” -deyən xanım Məhəmməd, habelə inkişaf etməkdə olan ölkələrə ehtiyac duyduqları maliyyələşdirməni təmin etməyə kömək edən yeni bir yanaşmanın vacibliyini vurğulayıb.

Chosen
6
azertag.az

1Sources