EN

Bakıda təhlükə yenidən böyüyür: Ən riskli ərazilər AÇIQLANDI

“Martın 26-dan etibarən yağan intensiv yağıntılar səbəbindən ölkə ərazisində mövcud sürüşmə sahələrində bir sıra dəyişikliklər baş verib”.

Bunu “Yeni Sabah”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev bildirib.

Onun sözlərinə görə, adıçəkilən nazirliyin yaratdığı Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır:

“Əsasən Abşeron yarımadası ərazisində yerləşən sürüşmə sahələrində müşahidələr davam etdirilib. Araşdırmaların nəticələrinə əsasən, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə həyata keçirilməsi zəruri olan qabaqlayıcı tədbirlərin hazırlanmasına başlanılıb”.

Agentlik sədr deyib ki, monitorinqlər zamanı Zığ və Badamdar ərazilərində sürüşmə proseslərində aktivlik qeydə alınıb:

“Monitorinqlər zamanı müəyyən edilib ki, aktiv sürüşmə proseslərinin müşahidə olunduğu Zığ və Badamdar sürüşmə sahələrində müəyyən aktivlik qeydə alınıb. Xüsusilə Badamdar sürüşmə sahəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən qabaqlayıcı tədbirlərin həyata keçirildiyi ərazilərdə lokal çökmə və yayılma prosesləri müşahidə edilib. Lakin bu proseslər intensiv xarakter daşımır, zəif aktivlik səviyyəsindədir.

Eyni zamanda, qəsəbənin mərkəzi yolunun sağ və sol kənarlarında bəzi lokal sahələrdə sürüşmə elementləri, çökmə və uçma halları da aşkarlanıb.

İntensiv atmosfer yağıntıları ilə əlaqədar yaranmış subasma halları ilə bağlı, xüsusilə Sabunçu vağzalı zonasında toplanmış böyük su kütləsinin ərazidən kənarlaşdırılması üçün aidiyyəti qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülür.

Hazırda Operativ Qərargah tərəfindən sürüşmə sahələrində monitorinqlər davam etdirilir. İlkin məlumatlar əsasında icrası zəruri olan qabaqlayıcı tədbirlərin əsas istiqamətləri müəyyənləşdirilir və müvafiq qurumlara çatdırılır”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
24
2
yenisabah.az

3Sources