EN

“Sıfır Tullantı Günü”: Azaldırıq, Qoruyuruq, Gələcək Qazanırıq

Bəşəriyyət üçün tullantıların azaldılması və idarə olunması günümüzün aktual məsələlərindən biridir. Bu məqsədlə martın 30-u Beynəlxalq Sıfır Tullantı Günü kimi qeyd olunur və tarix BMT-nin müvafiq rezolyusiyasında təsbit edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov QHT.az-a açıqlamasında bildirib ki, sıfır tullantı insanların həyatında mümkün qədər az tullantı yaratmağı nəzərdə tutur. O qeyd edib ki, həyat tərzimiz, qidalanma və alış-veriş vərdişlərimiz elə qurulmalıdır ki, tullantılar minimuma endirilsin.

Ekspert vurğulayıb ki, alış-veriş zamanı plastik torba, kağız və şüşə qablar barədə öncədən düşünmək vacibdir. Həmçinin, qida israfının qarşısını almaq önəmlidir, çünki dünyada milyardlarla insan yetərli qidalanmır və artıq qidanın tullantıya çevrilməsi həm etik, həm sosial, həm də iqtisadi baxımdan problem yaradır.

Rövşən Abbasov əlavə edib ki, sıfır tullantı yalnız qida ilə məhdudlaşmır; paltar, su və digər məişət ehtiyacları üçün də tətbiq olunmalıdır. Tullantıların düzgün çeşidlənməsi və emalı vacibdir. Kağız, plastik, metal və şüşə tullantılar ayrı-ayrı qablarda yığılmalı, qarışıq tullantılar isə emal üçün çətinlik yaradır.

Ekspert qeyd edib ki, vətəndaşların ekoloji maariflənməsi və məlumatlılığı artdıqca tullantıların idarə olunması daha effektiv olur. O həmçinin bildirib ki, sənaye tullantıları, toksik və zəhərli maddələr ekosistem üçün ciddi təhlükə yaradır. Sıfır Tullantı Günü həm fərdi, həm müəssisə, həm də dövlət səviyyəsində tullantıların azaldılmasına yönəlmiş tədbirləri əhatə edir və istixana qazlarının və plastik tullantıların azaldılması gələcəkdə beynəlxalq konvensiyalarda da mühüm mövzu olacaq.

Zəhra Ağayeva

Chosen
27
qht.az

1Sources