
Dünyanın aparıcı gündəlik istehlak malları istehsalçılarından biri olan "Unilever" korporasiyası ABŞ və İsrailin İrana qarşı davam edən hərbi əməliyyatlarının fəsadları səbəbindən yeni işçi qəbulunu ən azı üç ay müddətinə dondurub.
AFN.az xəbər verir ki, "Reuters" agentliyi bu barədə şirkətin daxili sənədinə istinadən məlumat yayıb.
Şirkətin bölmələrinə göndərilən rəsmi müraciətdə bildirilir ki, mövcud makroiqtisadi və geosiyasi reallıqlar, xüsusilə Yaxın Şərqdəki münaqişə yaxın aylarda ciddi çətinliklər vəd edir. Bu vəziyyəti nəzərə alan "Unilever" rəhbərliyi bütün dünyadakı bölmələrində hər hansı səviyyə üzrə işçi qəbulunu dərhal dayandırmaq qərarına gəlib. Şirkət rəsmisi Fabian Qarsiyanın imzası ilə yayılan sənəddə bu qadağanın minimum üç ay qüvvədə qalacağı vurğulanıb.
Mərkəzi ofisi Londonda yerləşən korporasiya "Dove", "Knorr" və "Persil" kimi tanınmış brendlərin sahibidir və qlobal bazarda "Nestle", "Procter & Gamble" kimi nəhənglərlə rəqabət aparır. Şirkətin istehsal etdiyi şəxsi gigiyena vasitələri və məişət kimyası məhsullarının hazırlanma prosesi yüksək enerji sərfi tələb edir ki, bu da münaqişə fonunda artan enerji xərcləri ilə birbaşa bağlıdır.
Qeyd edək ki, hazırda "Unilever"in dünya üzrə 96 min əməkdaşı var. Bu, 2020-ci illə müqayisədə (149 min nəfər) təxminən 55% azdır. Şirkət pandemiyadan sonrakı dövrdə satışların qənaətbəxş olmaması səbəbindən xərcləri azaltmağa çalışır və hətta biznesinin bir hissəsini satmağı müzakirə edir.