EN

31 Mart Azərbaycanlıların Soyqırımı Günü tariximizin qanlı səhifəsidir

Azərbaycan tarixinə nəzər salsaq görərik ki, son 200 il ərzində şovinist erməni millətçiləri özlərinin məkrli siyasəti, heç bir tarixi əsasa sığmayan uydurma “Böyük Ermənistan” yaratmaq ideyalarını gerçəkləşdirmək məqsədilə misli görünməmiş cinayətlər törətmiş, soydaşlarımıza qarşı etniktəmizləmə, deportasiya və soyqırımları həyata keçirmişdirlər. Ermənilərin bu məkrli niyyətləri və əməlləri beynəlxalq hüququn ən kobud şəkildə tapdalanması ilə bərabər, eyni zamanda dünya tarixində erməni şovinizminin nə qədər qəddar və amansız olduğunun daha bir sübutudur. Qan yaddaşımıza yazılmış 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarş törədilmiş soyqırımı isə tariximizdə amansızlığı və vəhşiliyi ilə qalacaq. Belə ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişdirlər.  Bu soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüş, soydaşlarımızın əmlakları qəddarlıqla talan edilmişdir.

Azərbaycan tarixində ermənilər tərəfindən törədilmiş bu cür qətliam faktları daim ciddi araşdırılmalı, təhlil edilməli, gələcək nəsillərə ötürülməli, maarifləndirmə və təbliğat işləri ciddi şəkildə aparılmalıdır. Çünki hazırda dünyada informasiya müharibəsi sürətlə yayılıb və xalqımızın haqq səsi, tapdalanmış hüquqları dünya ictimaiyyətinə ən dolğun və aydın şəkildə çatdırılmalıdır. Bütün dünya ictimaiyyəti ermənilərin və onların havadarlarının əsl simasını, təkcə Azərbaycana qarşı deyil, bir çox müstəqil dövlət və xalqlara qarşı ərazi iddialarını görməli, bu məkrli niyyətlərin zaman-zaman bəşəri cinayətlərin törədilməsinə səbəb olduğunu unutmamalıdır. Dünyada dezinformasiyanın yayıldığı indiki dövrdə Azərbaycan haqq səsinin eşilməsini işini bundan sonra da uğurla davam etdirməlidir.

Xüsusilə vurğulamaq lazımdır ki, tarixi həqiqətlərimizin dünyaya çatdırılması kimi olduqca əhəmiyyətli və taleyüklü missiyanın əsası məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, 26 mart 1998-ci il tarixində hər il 31 mart-ın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncamın imzalanması bu istiqamətdə dövlətimiz tərəfindən atılan mühüm addımlardandır. Bu gün də bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla və məqsədyönlü şəkildə davam etdirilir. Prezident cənab İlham Əliyev ermənilərin ötən əsrdə etdikləri soyqırımı faktlarının dünyaya çatdırılması istiqamətində mütərəqqi addımlar atıb və hazırda da atmaqdadır. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində aşkar edilmiş kütləvi məzarlıqda 500-dək insan kəlləsi tapılıb. Dövlət başçısının xüsusi göstərişi ilə tapılan insan cəsədlərinin üzərində tibbi ekspertiza aparılmış və nəticədə  onların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanlarına aid olduğu sübut olunmuşdur. Görülən işlərin davamı olaraq 30 dekabr 2009-cu ildə Prezident cənab İlham Əliyev soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində "Soyqırım Memorial Kompleksi"nin yaradılması haqqında sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də isə Prezident cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Quba Soyqırımı Memorial Kompleksinin açılışı olmuşdur.

Bu gün qürurla qeyd etməliyik ki, son 200 il ərzində xalqımızın məruz qaldığı soyqırımı faciələrinin qisası dövlət başçısı, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən alındı. 2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi zamanı ordumuz erməni işğalı altında olan tarixi torpaqlarımızı azad etdi, 2023-cü ilin sentyabr ayının 19-da həyata keçirilən anti-terror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa edildi. Bu şanlı zəfərimiz tariximizin parlaq səhifəsi kimi daim xatırlanacaq və tarixən soydaşlarımızın başına gətiriən müsibətlərin ədalətli və haqlı qisası olaraq qürurla anılacaqdır.

 

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Chosen
9
2
ikisahil.az

3Sources