EN

Enerji inqilabı: Azərbaycanın “yaşıl pasportu” HAZIRLANIR

Azərbaycan yaşıl enerji potensialını reallaşdırmaqla həm milli enerji təhlükəsizliyini gücləndirməyi, həm də qlobal enerji keçidində aparıcı rol oynamağı hədəfləyir.

Aparılan qiymətləndirmələrə görə, ölkəmizin quruda və dənizdə bərpaolunan enerji mənbələri (günəş və külək) üzrə texniki potensialı 292 GVt-dan artıqdır. Bu nəhəng resurs nəinki daxili tələbatı ödəməyə, həm də yaşıl enerjinin ixracı vasitəsilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməyə imkan yaradır.

Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, yaşıl enerji xəritəsinin genişləndirilməsi sadəcə iqtisadi deyil, həm də dərin ekoloji strateji əhəmiyyət kəsb edir:

“Hər bir yeni günəş və ya külək stansiyası təbiətin özünübərpa prosesinə təkan verən ekoloji reabilitasiya faktorudur. Ənənəvi yanacaqlardan (qaz və mazut) imtina istixana qazlarının emissiyasını minimuma endirir ki, bu da CO2 səviyyəsinin azalması hesabına regionun meşə massivlərinin fotosintez qabiliyyətini və biomüxtəlifliyin dözümlülüyünü artırır”.

Ekspertin sözlərinə görə, işğaldan azad edilmiş ərazilər bu keçiddə həlledici rol oynayır:

“Qarabağ və Şərqi Zəngəzur ölkənin su ehtiyatlarının təxminən 25%-nə sahibdir ki, bu da su elektrik stansiyalarının (SES) şəbəkəyə sürətli inteqrasiyasını təmin edir. Kəlbəcər və Laçın dağlıq zonaları külək, Cəbrayıl və Zəngilan isə günəş enerjisi üçün unikal potensiala malikdir. ‘Ağıllı Şəhər’ və ‘Ağıllı Kənd’ konsepsiyaları, xüsusilə Ağalı kəndində tətbiq olunan sistemlər enerjinin itkisiz istehsalı və effektiv paylanması baxımından nümunəvi modeldir”.

O, qeyd edib ki, yaşıl enerji layihələrinin uğuru həm də mümkün risklərin elmi əsaslarla idarə edilməsindən asılıdır:

“Hər bir texnoloji müdaxilə kimi, bu layihələr də düzgün planlaşdırılmadıqda müəyyən risklər yarada bilər. Məsələn, geniş sahəni əhatə edən günəş panelləri yerli mikroiqlimə və landşaftın termodinamikasına təsir göstərməməsi üçün xüsusi hündürlükdə quraşdırılmalıdır. Həmçinin, istismar müddəti bitmiş panellərin və külək turbinlərinin utilizasiya strategiyası əvvəlcədən hazırlanmalıdır”.

C.Hüseynov xüsusilə su ekosistemlərinin qorunmasının vacibliyini vurğulayıb:

“SES-lərin inşası zamanı ‘ekoloji axım’ hesabatı dəqiqliklə aparılmalıdır. Bu, çay yatağındakı canlıların yaşaması və suyun özünü təmizləmə qabiliyyətini itirməməsi üçün saxlanılması zəruri olan minimum su miqdarıdır. Bir növ çay ekosisteminin ‘sağlamlıq sığortası’ olan bu model riyazi hesablamalar, bioloji monitorinq və yaşıl hidrogen istehsalı kimi innovasiyalarla dəstəklənməlidir”.

Tunar

NOCOMMENT.az 

Chosen
18
nocomment.az

1Sources