EN

İpoteka kreditləşməsi sahəsində hansı yeniliklər tətbiq olunub? -QURUMLARDAN AÇIQLAMA

Güzəştli ipoteka kreditləri vətəndaşların mənzil əldə etməsini asanlaşdırmaq üçün xüsusi şərtlərlə təqdim olunur. Bu kreditlərdə faiz dərəcələri adi bank kreditlərinə nisbətən aşağıdır və ödəniş müddəti daha uzun olur, bu da aylıq ödənişlərin yüngülləşməsini təmin edir. Hökumət və ya maliyyə qurumları tərəfindən dəstəklənən bu proqramlar gənclər, ailələr və ilk dəfə mənzil alan şəxslər üçün əlverişli şərait yaradır, eyni zamanda daşınmaz əmlak bazarının aktivliyini artırır.

SİA mövzu ilə bağlı araşdırma edib:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, ipoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən ümumilikdə 18 mindən çox vətəndaşa 1,42 mlrd. manat manat məbləğində güzəştli ipoteka krediti verilmişdir. 2025-ci il ərzində isə verilmiş güzəştli ipoteka kreditlərinin həcmi 1156 kredit üzrə 95,6 mln. manat təşkil etmişdir.

Güzəştli ipoteka limitlərinin tez bitməsi nə ilə bağlıdır?

Dövlət dəstəyi hesabına Fond tərəfindən vətəndaşlara güzəştli şərtlərlə və ən aşağı faiz dərəcələri ilə ipoteka kreditlərinin verilməsi təmin edilir. MDB və digər qonşu ölkələrlə müqayisədə, ölkəmizdə ipoteka kreditləri üzrə ən əlverişli şərtlər tətbiq edilmişdir.
2025-ci il ərzində “Elektron ipoteka və kredit zəmanət” sisitemi vasitəsilə vətəndaşlar tərəfindən ipoteka kreditinin alınması üçün 11,2 min müraciət daxil olmuşdur ki, onlardan 5,3 mini güzəştli ipoteka kreditləri təşkil etmişdir. Bu da, öz növbəsində güzəştli ipoteka kreditlərinə olan yüksək tələbatın göstəricisidir.

İpoteka kreditləşməsində daha hansı güzəştlər tətbiq olunur?

Məlum olduğu kimi, şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka kreditlərinə əlçatanlığının təmin edilməsi məqsədilə 2018-ci ildən etibarən ipoteka kreditlərinə zəmanətlərin verilməsi mexanizminin tətbiqinə başlanılmışdır. 31 dekabr 2025-ci il tarixinə Fond tərəfindən 1490 kredit üzrə 139,9 mln. manat məbləğində ipoteka kreditlərinə üzrə zəmanət verilmişdir. Ötən il ərzində zəmanət mexanizmində həm qiymətləndirmə standartlarının yumşaldılması, həm də zəmanət tariflərinin əhəmiyyətli dərəcədə azaldılması nəticəsində verilmiş zəmanətli ipoteka kreditlərinin həcmində 2024-cü illə müqayisədə 43%-dək artım qeydə alınmışdır. Belə ki, ötən il ərzində 347 sayda 40,4 mln. manat həcmində (2024-cü ildə 275 sayda 28,3 mln. manat həcmində) zəmanətli ipoteka krediti rəsmiləşdirilmişdir. 2025-ci il ərzində ipoteka kreditlərinə verilmiş zəmanətlərin sayının ümumi zəmanət portfelində xüsusi çəkisi 23,3% təşkil etmişdir.

2025-ci ildə ipoteka kreditləşməsi sahəsində hansı yeniliklər olub?

2025-ci ildə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması və daha əlçatan olması məqsədilə həyata keçirilən dövlət proqramları ilə yanaşı, həmin ərazilərdən yaşayış sahələrinin alınması üçün ipoteka kreditlərinin daha əlverişli şərtlərlə verilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na dəyişikliklər tətbiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli 443 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərindən alınacaq yaşayış sahələrinə münasibətdə ipoteka kreditinin maksimal məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85%-dən 90%-dək, ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğin borcalanın (borcalanların) aylıq məcmu gəlirlərindəki payı isə 70%-dən 75%-dək artırılmışdır.
Bu güzəştlər borcalanların maliyyə yükünü yüngülləşdirməklə yanaşı, həmin ərazilərdə mənzil əldə etmə imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə və regional inkişaf siyasətinin effektiv icrasına xidmət edəcəkdir.
Həmçinin, vətəndaşların ipoteka kreditlərinə çıxışının artırılması, daha geniş əhali qrupunun bu kreditlərdən faydalanması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”na Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 04 iyul tarixli 199 nömrəli Qərarı ilə müvafiq dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən artıq Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan sadələşdirilmiş vergi ödəyicilərinin (toylarda, şənliklərdə aparıcılıq, çalğıçılıq və digər oxşar fəaliyyətlə məşğul olan şəxslər, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olan şəxslər, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, bağban, aşbaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər, eləcə də fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslərin) gəlirlərinin müəyyən olunması üçün yeni yanaşma tətbiq edilmişdir. Yeni yanaşmaya əsasən, bu kateqoriya üzrə borcalanların aylıq məcmu gəliri Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində minimum aylıq əməkhaqqının 3 misli, digər rayon (şəhər), qəsəbə və kəndlərdə isə minimum aylıq əməkhaqqının 2 misli həcmində müəyyən edilmişdir.

İpoteka kreditlərinin maksimal məbləğlərinin artırılması nəzərdə tutulur?

Qeyd etmək lazımdır ki, dövlət dəstəyi ilə Fondun vəsaiti hesabına əlverişli şərtlərlə verilən ipoteka kreditlərinin əsas hədəf qrupları aşağı və orta gəlirli vətəndaşlardır. Hal-hazırda ipoteka kreditlərinin maksimal məbləği 150 min manat təşkil edir.
2025-ci il üzrə aparılmış təhlillərə əsasən bildiririk ki, verilmiş ipoteka kreditlərinin orta məbləği 103 min manat təşkil etmişdir. Qeyd olunan göstərici maksimal kredit məbləğindən xeyli aşağıdır və gələcəkdə zərurət yaranacağı halda kreditlərin maksimal məbləğinin artırılması məsələsinə baxıla bilər.

Mərkəzi Bankdan verilən məlumata görə, son dövrlərdə ipoteka kreditləşməsi bank sektorunda stabil dinamika nümayiş etdirmiş və sektorun ümumi kredit portfelində payı sabit səviyyədə qalmaqda davam etmişdir. 2025-ci ildə İKZF hesabına verilən kreditlərinin illik artım tempi ümumi kredit portfelinin artımını müəyyən qədər üstələsə də, bu istiqamətdə müşahidə olunan genişlənmə bank sistemində konsentrasiya risklərinin artmasına səbəb olmamış və maliyyə sabitliyi baxımından təhdid yaratmamışdır. Eyni zamanda ipoteka kreditləşməsinin dinamikası əsas makroiqtisadi göstəricilərlə – xüsusilə əməkhaqqı və mənzil qiymətləri ilə paralel inkişaf etmişdir ki, bu da bazarda nisbi balansın qorunduğunu göstərir.

Bununla belə, dövlət dəstəyi ilə maliyyələşdirilən ipoteka kreditləri bankların daxili ipoteka proqramları ilə müqayisədə daha aşağı və stabil faiz dərəcələri ilə təklif olunduğu üçün bazarda daha aktiv rol oynamış və ipoteka portfelinin genişlənməsində əsas payı təmin etmişdir. Eyni zamanda, dövlət proqramları çərçivəsində verilən ipoteka kreditləri müvəkkil banklar vasitəsilə İKZF vəsaitləri hesabına maliyyələşdirildiyi üçün bu kreditləşmənin bankların likvidlik vəziyyətinə və faiz siyasətinə nəzərəçarpan təsiri gözlənilmir. Həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına əsasən ipoteka kreditinin yalnız milli valyutada verilməsi tələbi banklar tərəfindən ipoteka kreditlərinin məhz milli valyutada verilməsini şərtləndirmişdir ki, bu da öz növbəsində ipoteka kreditləri üzrə valyuta riskinin formalaşmasının qarşısını almağa və maliyyə sabitliyinin qorunmasına dəstəkləyici təsirini göstərmişdir.

MİDA mövzu ilə bağlı suallarımızı cavabsız qoydu.

Müəllif: Günay Hacıyeva
Chosen
12
1
sia.az

2Sources