EN

33 il əvvəlki faciədən sonra vəziyyət kəskin dəyişdi – Nələr yaşanıb?

Kəlbəcər rayonu Azərbaycan tarixində həm ağır itkilərin, həm də böyük qələbənin simvoludur. 1993-cü ilin martın 31-də Kəlbəcərdə "Tunel" adlanan ərazidə baş verən hadisələr həmin dövrün faciəli reallıqlarını əks etdirir. Ermənistanın hərbi təcavüzü nəticəsində Kəlbəcər işğal olunmuş, əhali çətin və təhlükəli şəraitdə doğma yurdlarını tərk etməyə məcbur qalmışdı. Uzun illər davam edən işğaldan sonra Azərbaycan Ordusunun gücü ilə Kəlbəcər azad edildi və əraziyə həyat yenidən qayıtmağa başladı. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq siyasəti nəticəsində Kəlbəcərdə genişmiqyaslı bərpa və inkişaf işləri aparılır. Rayon tədricən əvvəlki gözəlliyini və strateji əhəmiyyətini yenidən qazanır.

Globalinfo.az-a danışan deputat Aydın Hüseynov deyib ki, tunel qırğını mülki insanların hədəfə alınması, qaçmağa çalışan dinc sakinlərin faciəvi şəkildə həyatlarını itirməsi həmin dövrün nə qədər ağır və nəzarətsiz şəraitdə keçdiyini açıq şəkildə göstərir:

"Bu hadisələr Birinci Qarabağ müharibəsi dövründə regionda hökm sürən xaosun, təhlükəsizlik boşluğunun və mülki əhalinin ən çox zərər çəkən tərəf olduğunu bir daha təsdiqləyir. Kəlbəcərin işğalı isə yalnız bir rayonun itirilməsi deyildi. Bu, strateji baxımdan mühüm əhəmiyyət daşıyan, zəngin təbii resurslara və geniş coğrafi mövqeyə malik bir ərazinin nəzarətdən çıxması idi. O dövrdə ölkədəki siyasi qeyri-sabitlik, idarəetmədəki çətinliklər və müharibənin ağır şərtləri bu prosesə birbaşa təsir göstərdi. Nəticədə minlərlə insan doğma yurdunu tərk etməyə məcbur qaldı, böyük bir nəsil məcburi köçkün həyatı yaşadı".

Deputat bildirib ki, illər sonra Kəlbəcərin azad olunması Azərbaycan cəmiyyətində böyük mənəvi dönüş nöqtəsi kimi qəbul olunub:

"Bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm nəticələrindən biridir. 2020-ci il Qarabağ müharibəsi nəticəsində əldə olunan qələbə və sonrakı razılaşmalar çərçivəsində rayonun qaytarılması yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də tarixi ədalətin bərqərar olunmasıdır. Bu gün Kəlbəcərdə aparılan bərpa və yenidənqurma işləri dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən quruculuq strategiyası çərçivəsində rayonun infrastrukturu yenidən qurulur, yollar çəkilir, enerji təminatı yaxşılaşdırılır və müasir layihələr reallaşdırılır. Məqsəd yalnız dağıdılmış əraziləri bərpa etmək deyil, eyni zamanda bu bölgələri müasir, dayanıqlı və yaşamaq üçün əlverişli məkana çevirməkdir".

Aydın Hüseynov qeyd edib ki, Kəlbəcərin bərpası həm də bir yaddaşın dirçəldilməsi deməkdir:

"Uzun illər yurd həsrəti ilə yaşayan insanların öz doğma torpaqlarına qayıtması, həmin yerlərdə həyatın yenidən canlanması cəmiyyət üçün böyük mənəvi əhəmiyyət daşıyır. Bu proses təkcə fiziki quruculuq deyil, həm də sosial və psixoloji bərpa mərhələsidir. Bütün bunların fonunda Kəlbəcərlə bağlı həyata keçirilən siyasət həm keçmişin ağrılarını unutmadan, həm də gələcəyə daha inamla baxmağa yönəlmiş bir yanaşma kimi dəyərləndirilir".

Qeyd edək ki, Kəlbəcər tunel qırğını 1993-cü ildə Kəlbəcər-Laçın yolundakı tunel yaxınlığında baş verib. Ermənilər ərazidən çıxmağa çalışan mülki əhaliyə pusqu quraraq atəş açıblar. Faciə nəticəsində qadın, uşaq və yaşlılar da daxil olmaqla 52 nəfər öldürülüb, 64 nəfər isə əsir götürülüb. Hadisənin məqsədi Kəlbəcəri mühasirədə saxlamaq və rayona gedən yeganə yolu nəzarətə götürmək idi. Bu qırğın Birinci Qarabağ müharibəsi dövründə dinc əhaliyə qarşı törədilən ən ağır faciələrdən biri hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
1
olaylar.az

2Sources