EN

Bayramda yığılan artıq çəkidən necə qurtulaq? – Diyetoloqdan TÖVSİYƏ

Uzunmüddətli bayram günləri yalnız istirahət deyil, eyni zamanda bol süfrələr, şirniyyatlar və hərəkətsiz həyat tərzi ilə də yadda qalıb.

Bayramdan sonra isə bir çox insan tərəzidə artan rəqəmlərlə qarşılaşır və qısa zamanda artıq çəkidən qurtulmağın yollarını axtarmağa başlayır. Xüsusilə qadınlar arasında bu hal bəzən kompleksə də səbəb olur.

Bəs, bayramdan sonra yaranan artıq çəkidən düzgün və sağlam şəkildə necə xilas olmaq olar? Sürətli pəhrizlər nə dərəcədə təhlükəlidir?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən diyetoloq Ləman Süleymanovanın sözlərinə görə, təəssüf ki, insanlar tez bir zamanda artq çəkidən qurtulmaq istəyirlər, amma bu doğru yanaşma deyil:

“İnsanlar bayram günlərində və bayramdan əvvəl hər çərşənbə günlərində Novruz şirniyyatlarından istifadə edərək qidalanma normalarını pozurlar və istər-istəməz artıq çəkiyə sahib olurlar. Mənə müraciət edən bəzi şəxslər qeyd edirlər ki, aldıqları artıq çəkiləri 5-10 günə atmaq istəyirlər. Bu mümkündür əlbəttə, amma pasiyentin sağlam oqranizminə əsasən bunu etmək mümkündür. Hər bir insana fərdi yanaşılır, piylənmənin səbəbi araşdırılır. Şəxs özü də bilməlidir ki, hansısa hormonal fonda pozuntu və ya orqanizmində digər müxtəlif amillər varmı? Diyetoloqlar isə kökəlməyə səbəb olan faktorları müəyyənləşdirir və təbii ki, müəyyən analizlər aparılır. İnsanların fərdi xüsusiyyətləri, yaşadığı ölkənin iqlim xüsusiyyəti, çalışdığı müəssisə, həyat tərzi, orqanizmin vəziyyəti, daxili orqanların sağlamlığı da nəzərə alınaraq xüsusi proqram təyin olunur. Beləliklə, insan ac qalmadan, sağlam şəkildə arıqlayır”.

Mütəxəssis arıqlamaq üçün “mütləq ac qalmaq lazımdır” yanaşmasının çox yanlış olduğunu bildirib:

“İstər bayramdan sonra çəki atmaq üçün, istərsə də uzun illər boyu yığılan çəkilərin atılması üçün mütləq orqanizmdə maddələr mübadiləsi aktiv olmalıdır. Maddələr mübadiləsinin aktiv olması üçün zülal, yağ, karbohidrat, vitamin və mineralların hamısı diyetdə iştirak etməlidir. Yəni aclıqla arıqlamaq qeyri-mümkündür. Yalançı “diyetoloq” adı altında fəaliyyət göstərən insanlar var. Evdə oturub, amma sosial mediada saxta profil açaraq insanları “marafonlara” cəlb edirlər. Bunların hamısı yalandır. Hər bir insan fərdidir. Bir insana iki pəhriz uyğun ola bilər, amma bəlkə onun daxili orqanlarında tam başqa vəziyyət var. Yalançı pəhrizlə arıqlamaq qeyri-mümkündür. Belə pəhrizlə bədən sadəcə su itirir, 2-3 kiloqram çəkini azaldır, amma sonra 10 kiloqram kökəlmə baş verir və arıqlamaq çətinləşir. Eyni zamanda, arıqladıcı şirkətlər zəhərli dərmanlar, kokteyllər, çaylar, qəhvə satanlar insanları aldadır. Onlar internetdə şəbəkə quraraq insanları cəlb edirlər. Arıqladıcı dərmanlar, qəhvələr, iynələr hamısı yalandır. Onlar insanı arıqlatmır, sadəcə daxili orqanlara zərbə vurur. Nəticədə insan əvvəl 5 kiloqram arıqlayır, sonra 10 kiloqram kökəlir. Yalnız mütəxəssisə müraciət etməklə sağlam şəkildə arıqlamaq mümkündür. İkincisi, əgər 2-3 kiloqram artıq çəkiniz varsa, normal həyat tərzi sürmək lazımdır. Səhər erkən durmaq vacibdir. Səhər yeməyi mütləq yeyilməlidir, çünki gün ərzində insana enerji verir. Günorta yeməyini yeyib, axşam yeməyini yüngülləşdirmək lazımdır. Fiziki aktiv olmaq önəmlidir. İnsan sağlam həyat tərzi sürməlidir. Arıqlamaq istəyirsinizsə, tək diyetlə yox, sağlam həyat tərzi ilə bunu təkmilləşdirə bilərsiniz”.

Chosen
42
nocomment.az

1Sources