EN

ABŞ-nin quru əməliyyatı – SON ÇARƏ, yoxsa...

ABŞ-İsrail ittifaqı İrana qarşı müharibəni hava hücumları ilə davam etdirir. Lakin dünya mediası İrana qarşı quru əməliyyatlarına başlanmasına da hazırlıq getdiyini yazır və istənilən an Xarq adasına qoşunların yeridiləcəyinin gözlənildiyi vurğulanır.

Ötən həftə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media hesabında təxminən 3500 dənizçi və dəniz piyadası daşıyan USS Tripoli amfibiya hücum gəmisinin Yaxın Şərqdəki əməliyyat bölgəsinə çatdığını açıqlaması isə quru əməliyyatlarının olacağı barədə deyilənləri bir qədər də inandırıcı edir. Faktiki olaraq regiona qoşun yığılır.

Quru əməliyyatları olarsa İsrail və ABŞ qoşunlarının hansı ölkənin və ya ölkələrin ərazisindən İrana hücum edəcəyi barədə də versiyalar irəli sürülür. Daha çox İraqın adı çəkilir.

Bəs belə əməliyyatı realdırmı və nəticələri nə ola bilər?

Zelenskidən

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, hava hücumları fonunda quru əməliyyatı ehtimalı yenidən gündəmə gətirilsə də, bu ssenari hələ də daha çox siyasi-psixoloji təzyiq aləti təsiri bağışlayır:

“Regiona əlavə qüvvələrin, o cümlədən USS Tripoli kimi amfibiya hücum gəmisinin göndərilməsi kimi addımlar, əlbəttə, hərbi hazırlığın genişləndirildiyini göstərir. Lakin bu, avtomatik olaraq genişmiqyaslı quru müdaxiləsinin qaçılmaz olduğu anlamına gəlmir.

Reallıq ondan ibarətdir ki, İran kimi böyük əraziyə, mürəkkəb relyefə və çoxqatlı hərbi-strateji müdafiə sisteminə malik ölkəyə qarşı quru əməliyyatı son dərəcə riskli və baha başa gələn addımdır. Bölgəyə qüvvə cəmlənməsi daha çox “hazıram” mesajı vermək, qarşı tərəfi çəkindirmək və danışıqlar masasında mövqeləri gücləndirmək məqsədi daşıya bilər. Qurudan qoşunların müdaxiləsi olarsa ABŞ-İsrail qoşunlarını İranın milyonluq qoşunları qarşılayacaq. Bu qarşılama misli görünməyən səviyyədə amansız ola bilər”.

Hərbi ekspertin fikrincə, qarşı tərəf də bunu bilir:

“ABŞ quru əməliyyatının uğurlu olacağına əmin olsaydı, bəlkə də artıq qurudan qoşunları yeritmişdi. Ən çox müzakirə olunan marşrutlardan biri İraq üzərindən mümkün hücum variantıdır. Lakin bu ssenari də ciddi suallar doğurur. İraqın daxili siyasi vəziyyəti, ölkədə İranla yaxın əlaqələri olan silahlı qrupların mövcudluğu belə bir əməliyyatı həm logistik, həm də təhlükəsizlik baxımından son dərəcə çətinləşdirir. Digər potensial istiqamətlər – Fars körfəzi, xüsusilə Xark adası ətrafı – daha çox məhdud miqyaslı desant və ya enerji infrastrukturu üzərində nəzarət məqsədi güdən lokal əməliyyatlara uyğun görünür”.

Rövşən Məhərrəmov hesab edir ki, quru əməliyyatı baş verərsə, bunun nəticələri region üçün son dərəcə ağır ola bilər:

“Birincisi, münaqişə lokal çərçivədən çıxaraq genişmiqyaslı regional müharibəyə çevrilə bilər. İranın cavab imkanları təkcə öz ərazisi ilə məhdudlaşmır, regiondakı müttəfiq qüvvələr və qeyri-dövlət aktorları vasitəsilə çoxsaylı cəbhələr açıla bilər. Bu isə Yaxın Şərqdə enerji marşrutlarını, xüsusilə Hörmüz boğazını təhlükə altına qoyar və qlobal iqtisadiyyata ciddi zərbə vurar. Ona görə də quru əməliyyatı ssenarisi tam istisna olunmasa da, hazırkı mərhələdə onun həyata keçirilməsi daha çox yüksək riskli və son çarə variantı kimi görünür”.

Etibar Seyidağa,
Musavat.com

Chosen
13
50
musavat.com

10Sources