EN

Suriya Hörmüz boğazını əvəz edəcək quru neft dəhlizləri təklif edir

Yeni təşəbbüs enerji daşımalarının alternativ marşrutlarla həyata keçirilməsini və regionda logistikanın yenidən qurulmasını hədəfləyir...

Poliqon xəbər verir ki, Suriyanın İqtisadiyyat və Sənaye Nazirliyinin müşaviri Usamə əl-Qadı enerji daşıyıcılarının nəqli üçün alternativ quru dəhlizlərinin yaradılmasını nəzərdə tutan strateji təşəbbüs irəli sürüb.

Məlumata görə, bu layihənin əsas məqsədi geosiyasi risklər fonunda Hörmüz boğazından asılılığı azaltmaq və enerji tədarükünün təhlükəsizliyini artırmaqdır.

Təklif edilən plana əsasən, yeni logistika sisteminin əsas elementi tarixi Hicaz dəmir yolunun bərpası olmalıdır. Layihə çərçivəsində Türkiyəni şimaldan Səudiyyə Ərəbistanının Mədinə şəhəri ilə birləşdirən müasir, yüksək sürətli dəmir yolu şəbəkəsinin yaradılması nəzərdə tutulur.

Usamə əl-Qadı bildirib ki, bu təşəbbüs Səudiyyə Ərəbistanı ilə Suriyanı İordaniya üzərindən birləşdirən sürətli dəmir yolu xəttinin formalaşdırılması perspektivini açır və regionda enerji daşımalarının yeni modelini yarada bilər.

Ekspertin sözlərinə görə, layihə həyata keçirilərsə, təhlükəsiz quru marşrutları vasitəsilə gündəlik təxminən 7 milyon barel neftin tranziti mümkün olacaq.

Qeyd edək ki, Hicaz dəmir yolu XX əsrin əvvəllərində Osmanlı sultanı II Əbdülhəmid tərəfindən inşa edilib. Bu dəmir yolu Dəməşqdən Mədinəyə qədər zəvvarların səfər müddətini azaltmaq məqsədi daşıyırdı və əsas xətt İordaniyanın paytaxtı Əmmandan keçirdi.

Lakin 1916–1918-ci illərdə baş verən Ərəb üsyanı zamanı dəmir yolu ciddi zərər görüb. Hazırda onun yalnız bəzi hissələri Suriya və İordaniya ərazisində məhdud şəkildə istifadə olunur.

Analitiklər hesab edirlər ki, belə bir layihənin reallaşdırılması regionda enerji və nəqliyyat infrastrukturunda ciddi dəyişikliklərə səbəb ola bilər və qlobal enerji bazarına da təsirsiz ötüşməz.

Poliqon.info

Chosen
6
poliqon.info

1Sources