Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün martın 19-30-da gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirilməsinə AYNA tərəfindən nəzarət olunub.
Gücləndirilmiş rejimin 12 günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 3157 reys həyata keçirilib, 84 135 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 450-dən çox reys həyata keçirilib.
Bayram günlərində bölgələrə üz tutan vətəndaşların əks istiqamətə rahat gəlişini təmin etmək üçün region avtovağzallarında müvafiq şərait yaradılıb. 19- martın 30-da bölgə avtovağzallarından müxtəlif istiqamətlərə, o cümlədən paytaxta 18 000 reyslə 116 000-ə yaxın sərnişin daşınıb.
Biletlər avtovağzallarn kassalarından, eləcə də biletim.az portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib.
Qeyd edək ki, 19-21 mart tarixlərində sərnişinlərin 60 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. Digər günlərdə bu göstərici 35-40 faiz təşkil edib. Bu da növbəti rekord göstəricidir.
Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.