EN

Rusiyaya “Starlink” peykləri göndərən azərbaycanlı tələbənin vəkili açıqlama verdi

Latviyada böyük rezonans doğuran “Starlink işi” üzrə məhkum olunmuş azərbaycanlı tələbə Əli Xəlilovun vəkili məhkəmə qərarı ilə bağlı mediaya şərh verməkdən imtina edib. Müdafiə tərəfi yalnız onu bildirib ki, hökmün apellyasiya olunub-olunmayacağı barədə hələlik açıqlama verilməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə Latviya Dövlət Televiziyası (LTV) məlumat yayıb.

Bir nerçə gün öncə Riqa şəhər məhkəməsi Azərbaycan vətəndaşı Əli Xəlilovu 11 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə hökmünə əsasən, cəzasını çəkdikdən sonra o, üç il müddətinə probasiya nəzarətində olacaq. Bundan əlavə, Əli Xəlilov Latviyadan deportasiya ediləcək və ona 5 il müddətinə ölkəyə giriş qadağan olunacaq. Hazırda o, barəsində seçilmiş həbs qətimkan tədbiri əsasında Riqa Mərkəzi həbsxanasında saxlanılır.

Prokurorluq Əli Xəlilova qarşı iki maddə üzrə ittiham irəli sürmüşdü. O, xarici dövlətə (Rusiya) başqa dövlətə (Ukrayna) qarşı fəaliyyətlərdə yardım göstərməkdə, beynəlxalq sanksiyaları pozmaqda iştirak etməkdə ittiham olunub.

İstintaqın versiyasına görə, Əli Xəlilov Rusiyanın Ukraynaya qarşı apardığı müharibə fonunda sanksiyalardan yan keçərək hərbi təyinatlı avadanlıqların əldə olunması və Rusiyaya göndərilməsi sxeminin əsas təşkilatçısı olub. Prokuror Robert Urdzinyş bildirib ki, iş üzrə təşkilatlanmış şəbəkə fəaliyyət göstərib və bu şəbəkənin üzvləri Latviya, Almaniya və Rusiyada olub.

İstintaq materiallarına əsasən, Əli Xəlilov ən azı 85 ədəd əvvəlcədən ödənişli SIM kart alıb, 42 saxta elektron poçt ünvanı yaradıb, müxtəlif şəxslərin bank hesablarından istifadə etməklə 60-dan çox “Starlink” peyk internet sistemi sifariş edib. Bu qurğuların bir hissəsi sonradan gizli şəkildə Rusiyaya göndərilib. Prokurorun sözlərinə görə, xüsusilə “Starlink” mini cihazlarının ötürülməsi ciddi təhlükə yaradır:

“Bu qurğular döyüş dronlarına quraşdırıla bilər. Faktiki olaraq bu, bəzən odlu silah satışından daha ciddi nəticələrə gətirib çıxara bilər”.

İstintaq materiallarında qeyd olunur ki, avadanlığın bir hissəsinin Ukraynanın işğal altında olan Luqansk bölgəsinə göndərilməsi planlaşdırılıb. Bundan başqa, sifariş edilən mallar arasında aşağıdakılar da olub: hərbi məqsədlər üçün uyğunlaşdırılmış çantalar, xüsusi gödəkçələr, hava şəraitini ölçən cihazlar, silah çərçivələri, optik nişangahlar, kalibrator və mərmi sürətini ölçən xronoqraflar.

İş üzrə daha 3 nəfər – 3 Latviya vətəndaşı və bir qeyri-vətəndaş ayrıca cinayət işində təqsirləndirilir. Onlar Əli Xəlilovun fəaliyyətinə yardım göstərdiklərini etiraf ediblər və hazırda prokurorluqla razılaşma proseduru aparılır. Əli Xəlilov isə irəli sürülən ittihamları qəbul etməyib. Dövlət ittihamçısı məhkəmədən Əli Xəlilov üçün 12 il həbs cəzası istəmişdi. Məhkəmə isə cəzanı bir il az – 11 il müəyyən edib.

Qeyd edək ki, Əli Xəlilov barəsində məhkəmə qərarı hələ qüvvəyə minməyib və apellyasiya qaydasında şikayət verilə bilər.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
60
2
musavat.com

3Sources