EN

31 Mart soyqırımı Azərbaycan dövlətçiliyi tarixinin faciəvi səhifəsidir ŞƏRH

Bakı, 31 mart, AZƏRTAC

“31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” Bakının və ətraf kəndlərin türk-müsəlman əhalisinə qarşı 1918-ci il martın 29-da başlanan, martın 31-də xüsusilə geniş miqyas alan və aprelin 2-dək davam edən kütləvi qırğınlarla bağlı elan edilmiş faciəli tarixi gündür. Əslində bu qırğınlar Bakı ilə bərabər, eyni saatlarda Şamaxını, sonrakı aylarda isə ümumiyyətlə, Bakı və Gəncə quberniyasının bütün, İrəvan quberniyasının isə müsəlman əhalisi yaşayan qəzalarını əhatə edib. Bu qırğınlar on minlərlə insan tələfatına səbəb olmuş, sayı yüz minlərlə qaçqınlar problemi yaradıb, şəhərlərdə bütöv məhəllələr, tarixi binalar və abidələr, qəzalarda yüzlərlə kəndlər, təsərrüfatlar, məscidlər dağıdılıb və yandırılıb, ölkəyə və əhaliyə milyardlarla ölçülən maddi zərər dəyib. Bu hadisələrin gedişində bütün ölkəni bürüyən aclıq və epidemiya 300 mindən artıq adamın həyatına son qoyub. Qırğınların qarşısı 1918-ci ilin mayında yaradılan Azərbaycan Cümhuriyyətinin yaranması ilə hökumətin gördüyü tədbirlər nəticəsində alınıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi deyib.

O bildirib ki, bu baxımdan 31 Mart Günü Azərbaycan tarixinin ən faciəvi səhifəsi sayılmaqla yanaşı, uğurlu sonluğuna görə Azərbaycan dövlətçiliyi tarixində həm də çox əlamətdar hadisə kimi qəbul edilir. “Belə ki, 31 Mart qırğınlarının törədilməsinin əsas səbəbi bir tərəfdən erməni milli-siyasi-hərbi qüvvələrinin Osmanlı dövləti, Cənubi Qafqaz və Gürcüstan ərazilərində “Böyük Ermənistan” yaratmaq, digər tərəfdən əsasını erməni bolşevikləri təşkil edən Bakı Sovetinin Azərbaycan milli qüvvələrinə öz dövlətçiliyini yaratmaq imkanı verməmək olub.

Solmaz Rüstəmova-Tohidi xatırladıb ki, 31 Mart tarixi yalnız Cümhuriyyət dövrü, daha sonra xaricdə Azərbaycan mühacirləri tərəfindən matəm günü kimi qeyd edilib.

“Sovet dövründə 1918-ci il qırğınları azərbaycanlıların canlı xatirələrində nəsildən-nəslə ötürülüb və xalqın yaddaşında həkk olunub. Yalnız 1980-ci illərin sonlarında SSRİ-də başlayan “Yenidənqurma və aşkarlıq” siyasi kursu yeridilməsi ilə arxivlərdən “məxfi” qrifi götürülmüş və yeni açılmış sənədlər əsasında 1918-1920-ci illər Azərbaycanda erməni-bolşevik, eləcə də Ermənistan hökumətinin və yerli erməni əhalisinin silahlı hücumlarının məqsədi, miqyası və nəticələrini araşdırmaq mümkün olub. Bütün bu məqamlar nəzərə alınmaqla Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib”, - deyə o əlavə edib.

Professor, həmçinin bildirib ki, Azərbaycanda bu tarixi günün qeyd edilməsinə həmişə çox ciddi yanaşılır. Keçən onilliklər ərzində bu mövzuda yüzlərlə elmi tədqiqatlar, kitablar, məqalələr yazılıb, sənədlər topluları, xatirə, memuar ədəbiyyatı nəşr olunub, beynəlxalq konfranslar keçirilib, sənədli filmlər çəkilib. 2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən Qubada “Azərbaycanlıların soyqırımı” Memorial kompleks-muzeyi yaradılıb. Bu muzeyi ilboyu on minlərlə insan, o cümlədən xarici qonaqlar ziyarət edir. “31 Mart Günü” hər il məktəblərdən başlayaraq, müxtəlif müəssisə və kollektivlərdə erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlıların anım günü kimi geniş qeyd olunur.

“Bu günün anılması yalnız Azərbaycan xalqının 1918-ci ildə üzləşdiyi qanlı faciələrin xatırlanması kimi tarixi yaddaş funksiyası ilə məhdudlaşmır. Azərbaycanın müstəqil dövlətçiliyinin yaranması ərəfəsində baş vermiş həmin hadisələrin sonrakı illərdə də siyasi təxribatlar və hərbi münaqişələr şəklində dəfələrlə təkrarlanması erməni millətçilərinin və Ermənistanın qonşu ölkələrə qarşı ərazi iddialarından heç də əl çəkmədiyini göstərirdi. 1988-ci ildə SSRİ-nin dağılması və Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ərəfəsində başlayan keçmiş Ermənistan-Azərbaycan münaqişəsi bu iddiaların bariz nümunəsi idi. Otuz ilə yaxın davam edən, Azərbaycanın 20 faizə yaxın ərazisinin işğalı, Azərbaycan xalqına görünməmiş faciələr yaşadan bu münaqişənin 2020-ci ildə Azərbaycan Ordusunun 44 günlük müharibədə Qələbəsi ilə başa çatması bir daha yaxın tarixə nəzər salınmasını şərtləndirdi. 2023-cü ildə bütün ərazilərində suverenliyinin bərpa edilməsi Azərbaycan dövlətçiliyin qorunmasının əsas şərtlərindən biri kimi onun tarixi yaddaşının dövrün müasir tələbləri ilə bərabər daim gündəmdə olmasını zəruri edir. 8 Noyabr – Zəfər Gününə ümumi nəzər göstərir ki, bu Qələbə 1918-ci il hadisələri, 1920-ci ilin aprelində Cümhuriyyət Ordusunun Qarabağda əldə etdiyi uğurlar və digər tarixi paralellərlə səsləşir. Bu isə Azərbaycan dövlətçiliyində varislik ənənələrinin qorunduğunu göstərir və məhz bu prizmadan cəmiyyətə təqdim olunmalıdır”, - deyə Solmaz Rüstəmova-Tohidi diqqətə çatdırıb.

Chosen
16
2
azertag.az

3Sources