EN

Rektor: 31 Mart soyqırımı erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri mərhələli soyqırımı siyasətinin bir hissəsidir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Naxçıvan, 31 mart, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə İncəsənət fakültəsinin müəllim və tələbələri tərəfindən 31 Mart soyqırımı ilə bağlı çəkilmiş 40-a yaxın rəsm əsərinin nümayiş etdirildiyi sərgiyə baxış olub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında qeyd edib ki, 31 Mart soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdikləri mərhələli soyqırımı siyasətinin bir hissəsidir. Rektor qeyd edib ki, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verilib. Elbrus İsayev II Qarabağ müharibəsində Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşərək öz gücünü təsdiq etdiyini, soyqırımı qurbanlarının qisasının alındığını vurğulayıb.

Tarix üzrə fəlsəfə doktoru, dosent Abdulla Mustafayev bildirib ki, Türkmənçay müqaviləsindən sonra ermənilər Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülüb, “Böyük Ermənistan” xülyasını reallaşdırmağa çalışıblar. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı ilə yanaşı, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Zəngəzur və digər bölgələrdə erməni silahlı birləşmələri 50 mindən çox azərbaycanlını qətlə yetirib, on minlərlə insanı isə doğma yurdlarından didərgin salıblar.

“Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə I kurs magistrant Əsmər Hüseynzadə çıxışında 31 Mart soyqırımının tarixin ən qanlı səhifələrindən biri olduğunu qeyd edib. Vurğulayıb ki, bu qanlı faciə zamanı ermənilər uşaq, qadın və yaşlı fərqi qoymadan dinc əhaliyə qarşı amansız qırğınlar törədib, insanları kəsici və deşici alətlərlə qətlə yetirib, hətta diri-diri yandırıblar, memarlıq abidələrini, yaşayış məntəqələrini dağıdıblar.

Sonra 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx izlənilib.

Müxbir- Nail Əsgərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
3
azertag.az

4Sources