EN

Lavrovun danışıqları YAYILDI: Nazir İsmayılovanın xahişini kimə edib? - DETALLAR

Polşanın "FrontStory" nəşri Rusiya və Macarıstan xarici işlər nazirləri Sergey Lavrov və Peter Siyarto arasında 30 avqust 2024-cü ildə baş tutan söhbətin səs yazısını dərc edib. Musavat.com xəbər verir ki, bu haqda erməni mediası yazıb. Söhbət zamanı Lavrov macar həmkarından rusiyalı milyarder Əlişir Usmanovun bacısını Avropa İttifaqının sanksiya siyahısından çıxarmaq xahişini xatırladıb.

Lavrov deyib ki, "Qulaq as, mən sənə Əlişirin xahişi ilə zəng edirəm və o, sadəcə məndən bacısının məsələsi ilə məşğul olduğunu xatırlatmağımı istədi".

Macar nazir “Xanım İsmayılova?” deyərək, “Bəli, əlbəttə. Məsələ burasındadır ki, biz slovaklarla birlikdə Avropa Birliyinə onun siyahıdan çıxarılması təklifini təqdim edirik. Gələn həftə təqdim edəcəyik və yeni bir baxış dövrü başlayanda bu məsələ gündəliyə daxil ediləcək. Onu siyahıdan çıxarmaq üçün əlimizdən gələni edəcəyik" vədini verib. "Çox sağ olun, çox məmnun olacaq", - deyə Lavrov sevinclə cavab verib.

Aİ

Musavat.com bildirir ki, milyarder Əlişir Usmanov 1953-cü il, sentyabr ayının 9-da Özbəkistanın Çust Namanqan vilayətində anadan olub. Usmanov 1980-ci ildə Özbəkistanın DTK sədrinin müavininin oğlu Nasımov və kənd təsərrüfatı nazirinin oğlu İlham Saykovla birgə həbs edilib. Zorlama və dələduzluq da daxil olmaqla üç maddə ilə ittiham olunan “trio” avqust ayında məhkəmə qarşısına çıxarılıb. Usmanov 8 il müddətinə azadlıqdan məhrum edilir. 1986-cı ildə “nümunəvi davranışı və əməlindən səmimi peşmançılıq keçirdiyi üçün” onu vaxtından əvvəl azadlığa buraxırlar.

Rospres.ru yazır ki, o, azadlığa buraxılandan sonra da Rusiyanın kriminal aləminin tanınmış avtoritetləri ilə əlaqə saxlayıb. “Hətta ”Solnçsev” qruplaşmasının lideri “Mixas” ləqəbli Sergey Mixaylov 1995-ci ildə Usmanovun MAPO-bankın idarə heyətinin sədr müavini olmağına ciddi dəstək verib. “O da kriminal qruplaşmanın pullarını bankda realizəsini həyata keçirib” deyə, portal yazır. 1997-ci ildə diplomat karyerası yarıda qalmış Usmanov birdəfəlik bank sektoruna keçir və Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında təhsil alır. Bankçılıq karyerasında ciddi uğurlar qazanan Usmanov 2000-ci ildə “Qazprominvestxoldinq” in direktor müavini vəzifəsinədək yüksəlir. Nəhayət, 2000-ci ildə Özbəkistan Ali Məhkəməsi Usmanovun 1980-cı ildəki həbsini qurama sayır və ona tam bəraət verir.

Bundan sonra Usmanov daha sürətlə “qəpik-qəpik” kapitalını artırmaqla məşğul olur və onun adı ilk dəfə 2004-cü ildə “Forbes”in siyahısında 1 milyard dollar varidatla 36-cı yerdə çəkilir. Tezliklə o, “Cənubneftqazprom” və “Zapsibqazprop” kimi nəhəng neft kompaniyalarının da nəzarət paketlərinə sahib olur.
2007-ci ildə Londonun “Arsenal” klubunun sahibi olan “Red and White Holding” kompaniyasının 150 milyonluq səhmlərinə yiyələnəndən sonra Usmanovun şübhəli reputasiyasını yenidən yada düşür.

Əlişir

2006-cı ildə o, “Kommersant” nəşriyyat evinin 100 faiz aksiyalarını da alır və kanal 7TV-ni, MUZ.TV-nin də səhmlərini yiyələnərək multmediaholdinq qurur. 2008-ci ildə isə Rusiyanın əsas mobil operator şirkəti olan “Meqafon”un da 31.1 faiz aksiyalarını 5 milyard dollara alır. 2010-cu ilin noyabrında isə onun rəhbərlik etdiyi “Digital Sky Tecnologies” Fondu mail.ru internet portalının şəriksiz sahibinə çevrilir. “Forbes”in hesabatına görə, Usmanovun kapitalı 14.6 milyard dollardır. Rusiya hökuməti onu 2004-cü ildə əmək fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edib. Usmanov həm də İngiltərə vətəndaşıdır.

Usmanov Rusiyanın bədii gimnastika üzrə baş məşqçisi İrina Vinerlə evlidir. Onlar Usmanov hələ qılıncoynatma ilə məşğul olduqları zaman tanış olublar. Vinerin birinci nikahdan Anton adlı oğulu var.

Usmanov 2010-cu ilin sentyabrında Bakıda Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) Baş Assambleyasının toplantısında iştirak edib. Elə həmin ərəfədə onun Azərbaycanda da futbol klubu alacağı barədə məlumatlar yayılıb. O isə “Azərbaycan klubunu ala biləcəyim barədə danışmaq tezdir. Amma gələcəkdə hər şey ola bilər. Düşünməyə dəyər” demişdi. İş adamı bildirib ki, Azərbaycana investisiya yatırmaq niyyətindədir. Onun sözlərinə görə, Bakı şəhəri biznes fəaliyyəti ilə məşğul olmaq üçün olduqca əlverişlidir. Usmanovun Azərbaycanda hələ də ciddi investisiya yatırdığı barədə bilgi yoxdur. Usmanov Qərbdə Rusiya prezidenti Vladimir Putinin yaxın adamı sayıldığından rusiyalı biznesmenlərə tətbiq edilən sanksiyalardan öz nəsibini alıb.

Ötən il Avropa İttifaqı iş adamı Əlişir Usmanovun bacısı Gülbahor İsmayılova da daxil olmaqla üç rusiyalıya qarşı sanksiyaları ləğv etməyə razılaşıb.

G.İsmayılova 2022-ci ilin aprelində sanksiyalara məruz qalıb. Ehtimal olunur ki, iş adamının xarici aktivlərinin bir hissəsi onun adına keçirilib. Xüsusilə, 2022-ci ildə “Bloomberg “ agentliyi Almaniyanın kriminal polisinə istinadla xəbər verib ki, Hamburq rəsmiləri Gülbahor İsmayılovaya məxsus olan “Dilbar” yaxtasını saxlayıblar.


Emil Salamoğlu
Musavat.com

Chosen
9
musavat.com

1Sources