EN

Azərbaycanlılara qarşı soyqırımdan 108 il ötür -

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür. 108 il əvvəl törədilən bu qanlı faciə nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Lakin beynəlxalq miqyasda bu soyqırıma hələ də hüquqi qiymət verilməyib. Bu soyqırımı beynəlxalq arenada daha geniş şəkildə tanıtdırmaq, təhsil proqramlarında və gənc nəslin vətənpərvərlik tərbiyəsində istifadə etmək üçün hansı təşəbbüslər irəli sürülə bilər?Milli Məclisin deputatı Mahir Süleymanlı Metbuat.az-a açıqlamasında bildirib ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü xalqımızın yaddaşında dərin və silinməz izlər buraxmış faciələrin anıldığı tarixdir. Xalqımıza qarşı yönəlmiş zorakılıq və kütləvi qırğınların kökləri XIX əsrin əvvəllərindən etibarən formalaşmış, regionda etnik tərkibin dəyişdirilməsinə yönəlmiş siyasət nəticəsində sistemli xarakter almışdır. Bu siyasətin ideoloji əsasını təşkil edən iddialar bölgədə uzunmüddətli qarşıdurma və qeyri-sabitliyə səbəb olmuş, etnik təmizləmə, deportasiya və kütləvi qırğınlarla müşayiət olunmuşdur: “1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr bu siyasətin kulminasiya nöqtəsi olmuşdur. Bakı şəhərində və digər bölgələrdə - Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda törədilən qırğınlar nəticəsində on minlərlə dinc sakin amansızcasına qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, tarixi və dini abidələr məhv edilmişdir. Bu hadisələr öz miqyası və məqsədli xarakteri ilə xalqımıza qarşı həyata keçirilmiş sistemli soyqırımı siyasətini açıq şəkildə nümayiş etdirir. 1918–1920-ci illərdə deportasiya və qırğınların davam etməsi bu siyasətin ardıcıl xarakter daşıdığını təsdiqləyir. Tarixi-mədəni irsin məhv edilməsi, abidələrin dağıdılması və izlərin silinməsi gələcək nəsillərin yaddaşına təsir göstərmək məqsədi güdmüşdür”.Millət vəkili qeyd edib ki, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu hadisələrə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilməsi baxımından mühüm mərhələ olub. Bu sənəd, eyni zamanda, həqiqətlərin beynəlxalq miqyasda tanıdılması istiqamətində strateji xətti müəyyən edib: “Sonrakı dövrdə bu siyasət ardıcıl şəkildə davam etdirilmiş, xüsusilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ildə imzalanmış Sərəncamla soyqırımının 100 illiyi çərçivəsində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Elmi araşdırmalar, beynəlxalq konfranslar və nəşrlər vasitəsilə tarixi faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılmışdır. Qubada aşkar edilmiş kütləvi məzarlıq və Quba Soyqırımı Memorial Kompleksi bu faciənin inkaredilməz sübutları kimi çıxış edir. Bu faktlar həm tarixşünaslıq, həm də beynəlxalq hüquq baxımından əhəmiyyətli sübut bazası formalaşdırır”. M.Süleymanlının sözlərinə görə, mövcud reallıqlar fonunda əsas vəzifə bu həqiqətlərin beynəlxalq səviyyədə daha geniş tanıdılmasıdır: “Bu məqsədlə bir sıra təşəbbüslərin həyata keçirilməsi zəruridir. İlk növbədə, beynəlxalq təşkilatlar çərçivəsində hüquqi-siyasi müzakirələrin genişləndirilməsi, akademik dairələrdə obyektiv tədqiqatların təşviqi və çoxdilli nəşrlərin hazırlanması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, rəqəmsal platformalarda sənədli materialların yayılması, arxiv sənədlərinin açıq istifadəyə verilməsi və xarici auditoriyaya yönəlmiş kommunikasiya strategiyalarının gücləndirilməsi vacibdir. Təhsil sahəsində isə bu mövzunun dərsliklərdə daha sistemli təqdim olunması, interaktiv və müasir metodlardan istifadə edilməklə gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsi əsas prioritetlərdəndir. Gənclərin vətənpərvərlik tərbiyəsində bu faktların elmi əsaslarla çatdırılması onların milli kimlik və tarixi məsuliyyət hissinin formalaşmasına xidmət edir. Nəticə etibarilə, 31 mart faciəsinin beynəlxalq miqyasda tanıdılması yalnız tarixi ədalətin bərpası deyil, həm də gələcəkdə bu kimi cinayətlərin qarşısının alınmasına xidmət edən mühüm amildir. Bu istiqamətdə aparılan fəaliyyət davamlı, məqsədyönlü və beynəlxalq hüququn prinsiplərinə əsaslanan şəkildə həyata keçirilməlidir”. Millət vəkili Naqif Həmzəyev isə öz açıqlamasında bildirib ki, hər il martın 31-i Azərbaycan xalqı üçün dərin kədər və milli yas günüdür. 1998-ci ildən başlayaraq dövlət səviyyəsində qeyd olunan bu tarix, yalnız bir günün deyil, əsrlik faciənin, sistematik məhvetmə siyasətinin və unudulmaz itkilərin simvoluna çevrilib: “Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin dərin tarixi kökləri var. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bu siyasətin ən dəhşətli təzahürlərindən biri 1918-ci ilin mart-aprel aylarında baş verib. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri xüsusi qəddarlıqla kütləvi qırğınlar törədib. Bu qırğınlarda Bakı şəhərinin 6 min silahlı əsgəri "Daşnaksutyun" partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulub. Qurbanlar arasında yalnız azərbaycanlılar deyil, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da olublar. Yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib”. N.Həmzəyev qeyd edib ki, Şamaxıda baş vermiş hadisələrin tam mənzərəsi bu günə qədər tam formalaşmayıb, çünki ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə məhv edilib. Bununla belə, mövcud sənədlər kifayət qədər dəhşətli faktları ortaya qoyur: “1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığını təsdiqləyib. Ekspertlərin rəyinə görə Şamaxıda 7 min nəfər, o cümlədən 1653 qadın və 965 uşaq öldürülüb. Yerli tədqiqatçıların apardığı araşdırmalar (100-ə yaxın şahidin ifadələri əsasında) daha ağır rəqəmlər ortaya qoyur: şəhərdə 14-16 min, 40 kənd və obada 6-8 min nəfər qətlə yetirilmiş, 18 mindən çox insan didərgin düşüb. Quba qırğınları zamanı şəhərdə 2900-dək, Quba qəzası üzrə isə 4000 nəfərdən artıq insan həlak edilib, 122 kənd tamamilə dağıdılıb, 2750-dən çox ev yandırılıb. 2007-ci ilin aprelinde Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri zamanı kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan qalıqlar arasında 500-dək insan kəlləsi vardı. Bunların 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Tibbi ekspertiza və antropoloji araşdırmalar bu insanların 1918-ci ildəki soyqırımın qurbanları olduğunu sübuta yetirdi. Qubada aşkarlanan sümüklərdə güllə izinə rast gəlinməyib. Qurbanlar küt alətlər, balta və xəncərlə öldürülmüş, bəzilərinin başına isə mismar vurulmuşdur. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurularaq üzərləri torpaqla örtülmüşdür”.Deputat 1918-ci ilin əvvəlindən başlayaraq erməni silahlı dəstələrinin İrəvan quberniyasında da azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirdiyini xatırladıb: “1918-ci ilin martına qədər İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 85 kənd, Novo-Bəyazid qəzasında 7 kənd, Sürməli qəzasında 75 kənd - cəmi 199 kənd darmadağın edilmiş, 135 min azərbaycanlı məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlar, uşaqlar və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. Zəngəzur qəzasında isə 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 50 mindən çox azərbaycanlı qaçqına çevrilmişdir”. Müsahibimizin fikrincə, tarixi həqiqətin ən güclü sübutu bəzən cinayətkarların öz etiraflarıdır: “Erməni tarixçisi Yervand Lalayan (1864-1931) yazırdı ki, daşnak hökuməti öz 30 aylıq hakimiyyəti dövründə Azərbaycan əhalisinin 60 faizini məhv edib. O həmçinin qeyd edirdi ki, daşnak nümayəndələri könüllü dəstələr toplayaraq qadın, uşaq, qoca və əlilləri amansızcasına qılıncdan keçirirdilər. 1989-cu ildə Qafanda Njdehin xatirəsinə ucaldılan abidənin açılışında Rayon Partiya Komitəsinin katibi Mkrtçyan açıq şəkildə etiraf etdi: "İndi Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb". Bu etiraflar soyqırımının kortəbii hadisə deyil, məqsədyönlü dövlət siyasəti olduğunu bir daha sübut edir”. N.Həmzəyev bir daha yada salıb ki, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzalayaraq martın 31-ni rəsmi olaraq "Azərbaycanlıların Soyqırımı Günü" elan edib. 1999-cu il martın 30-da isə Fərmanın icrasına dair tədbirlər planı təsdiq edilib: “Ulu Öndər bu tarixi addımın əhəmiyyətini belə ifadə edib: "Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir". 2007-ci ildə kütləvi məzarlığın aşkarlanmasından sonra Prezident İlham Əliyev 2009-cu il dekabrın 30-da Qubada "Soyqırımı Memorial Kompleksi"nin yaradılması barədə Sərəncam imzaladı. Kompleks 2013-cü ilin sentyabrında açıldı. 3,5 hektar sahəni əhatə edən bu kompleks 5 hissədən ibarətdir və xalqın milli yaddaşının daşıyıcısına çevrilib. Prezident İlham Əliyev açılış mərasimində bildirdi ki, Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilib. 2018-ci il yanvarın 18-də Prezident İlham Əliyev "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzaladı. Sərəncamla yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanması tapşırıldı, Milli Məclisə isə xüsusi iclas keçirməsi tövsiyə edildi. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü yalnız tarixi bir hadisənin yad edilməsi deyil, bu günün nəslinə düşən ciddi bir məsuliyyətin xatırladılmasıdır. Soyqırımı faktlarının dünya birliyinə çatdırılması, saxta erməni təbliğatına qarşı həqiqətin müdafiəsi və qurbanların xatirəsinin əbədiləşdirilməsi hər bir azərbaycanlının mənəvi borcu olaraq qalır. Prezident İlham Əliyevin sözləri ilə desək, bu faciənin tədqiqi Azərbaycan tarix elminin qarşısında duran ən mühüm vəzifələrdən biri olaraq qalmaqda davam edir”. Sevinc İbrahimzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.

Chosen
30
metbuat.az

1Sources