EN

Köhnə avtobuslar nə vaxt yenilənəcək? – “Adam iyrənir, bütün mikrobdur, baxan yoxdur” – VİDEO

Ölkəmizdə gedişhaqqının artmasına baxmayaraq, bəzi avtobuslarda xidmət səviyyəsi hələ də qənaətbəxş deyil.

NOCOMMENT.az xəbər verir ki, son günlər müşahidə olunan yağıntılar xeyli sayda ictimai nəqliyyat vasitəsinin istifadəyə yararsız olduğunu bir daha ortaya qoyub.

Vətəndaşların sözlərinə görə, köhnə avtobusların istismarı təhlükəli hallara yol açır.

“Elə avtobus var ki, 5-6 oturacağı yoxdur, yağışlı havalarda avtobusda əyləşmək mümkün deyil. Oturacaqlar suyun içində olur”; “Adam iyrənir, bütün mikrobdur, baxan yoxdur”, – deyə sərnişinlər narazılıqlarını ifadə ediblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobus parkının mərhələli qaydada yenilənməsi prosesində 2025-ci il ərzində Bakıya 300-ə yaxın avtobus gətirilib, ölkə üzrə isə 800-dən artıq avtobusun yenilənməsi həyata keçirilib:

“2026-cı ildən xüsusi “İctimai Nəqliyyat” Məqsədli Büdcə Fondunun yaradılması və daşıyıcılarla “brutto-müqavilə” sisteminə keçid avtobus parkının ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri sayəsində yenilənməsini sürətləndirəcək. Hazırda özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. Həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur. Bakıətrafı qəsəbələr üzrə sərnişindaşıma keyfiyyətinin artırılması işləri də davam etdirilir. Daşıyıcılar tərəfindən yeni avtobusların alınması istiqamətində işlər aparılır”.

 

Chosen
45
1
nocomment.az

2Sources